writer1

Sevda Sultanova

Məqalə sayı

860
clock08:00 calendar-gray 13 Noyabr 2012 view-gray2825 dəfə oxunub
view-gray2825 dəfə oxunub

Duyğusal pornoqrafiya

Azərbaycanda Facebook istifadəçilərinin profilləri kədər orgiyasıdır. Burda ən çox mövzusu tənhalıq, uğursuz sevgi, həsrət, nostalji olan statuslar, şeirlər, duyğusal yazılar paylaşılır. Ailəli, subay, gənc, yaşlı fərq etməz, həmin paylaşmalara entuziazmla, sezilən aclıqla şərhlər yazır, müzakirələr aparırlar. Xüsusən də yazarların statuslarından minor hisslər, həsrət, tənhalıq yağışı yağır. İnsanlar sevgi aclığını (bəzən seksual aclıq kimi də oxumaq olar), təkliklərini lirik statuslarla doyurur, qüssələrini yumağa cəhd edirlər.

İztirablı statuslar toplumda, xüsusən də qadın-kişi münasibətlərində sevgisizlik və ya sevgi təminatsızlığı faktorunu aşkara çıxarır. Və sevgisizliyin sublimativ ifadəsi yazılara, statuslara, şərhlərə hopur.

Facebook profili fərdlərin şəxsi ərazisidir, hamının hisslərini, düşündüyünü bölüşmək ehtiyacı, haqqı var. Mən belə hansısa misra, fikir xoşuma gələndə paylaşıram.

İndiki halda söhbət istifadəçilərin sosial şəbəkədə ölçü tanımayan ağrı, iztirab kimi məhrəm yaşantılarını sürəkli bölüşməsindən gedir. Asanlıqla unudulub gedən həmin statuslarda böyük hisslər aşırı lokallaşdırılır, dəyərdən salınır, adamı kədərdən də, sevgidən də iyrəndirir, bütün bunlar başqa istifadəçilərin əhvalına müdaxilə edir.

Deyək ki, Facebookda kiminsə 1500-2000 nəfər “dostu” var. Zira, bunun formal dostluq olduğunu hamımız bilirik. Gerçəkdə onlardan olsa-olsa maksimum yüzünü tanıyırıq. Məhrəm duyğuları, ruhunu hər insan qarşısında trivialca lüt-üryan etmək xoş görünmür. Çılpaqlaşmış tənhalıq, ruh və məhrəmliyi qəlbdən geniş məkana sanki satışa çıxarmaq, mərhəmət ummaq pornoqrafik effekt verir. Niyə, dost siyahınızda olan adamlar təhtəlşüurunuzdan, komplekslərinizdən axan hər cür zir-zibili oxumalıdır? Kimsə mütləq “oxuma” deyəcək. Amma Facebookun ümumi səhifəsinə nəzər salanda istər-istəməz o statuslar ani də olsa gözə tuş gəlir.

Normal halda ağrımızı bir neçə ən yaxın dostumuzla bölüşürük. Görüşməyə vaxt yoxdusa, bunun üçün çat, “inboks”, mobil telefon var.

Yazar dostlarımız dünyasını dəyişəndə, Facebook yas məclisinə çevirilir. Kimsənin hazır olmadığı gözlənilməz itkilərdən mən də sarsılıram. Hərçənd, Facebooka baxanda bir az başqa təsəvvür yaranır. Məsələn, təsəvvür yaranır ki, kimlər üçünsə itkilər fərdi kədərini çölə atmaq, eqosunu önə çəkmək fürsətidir. Onların yozumundakı ağrı, sarsıntı nəsə başqa şəkil alır - maddiləşir, irinli ifrazata çevrilir.

Facebookda, xüsusən də söz adamlarının kədəri, ölümü urvatdan salmasına - dünyayla vidalaşanın ruhuna sayğısızlığına, nümayişkaranə “kədərli” mesajlarına və ya özlərinin tənha, kədərli obrazını yaratmaq cəhdlərinə heç bir halda tolerant deyiləm.

Bəzən elə vəziyyət olur ki, tanımadığın adamla ağrını bölüşmək istəyirsən. Fəqət, bu növ istək intensivləşirsə, yaxud, adam günün 24 saatını Facebookda kədər produktivliyini maksimuma çatdırırsa, demək, ciddi problemləri var, rasionallığını itirib, hisslərində azıb, vəziyyətdən çıxış yolunu məntiqlə yox, emosiyalarla tapmağa ümid edir. O, psixi durumunu düzənə salmaq üçün Facebookda veyillənmək, digər istifadəçiləri də qara enerjisi ilə yükləmək əvəzinə, mütəxəssisə müraciət etməlidir. Hərçənd, müşahidələrimə görə, Facebookda belə davamlı paylaşmalar bu enerji vampirlərinin vərdişinə, həyat tərzinə çevrilib. Mənə hərdən elə gəlir ki, onlar Facebookda yatıb dururlar, bu virtual aləmdə sevişirlər, orqazma çatırlar, yeyib-içirlər, tualetə gedirlər.

Yazar dost-tanışlara ağrılarını, kədərlərini (əlbəttə ki, o, dərin və əsaslıdırsa) banal statuslara, ucuz söz yığnağına yox, konseptual, sanballı, ifadə forması orijinal olan əsərlərə çevirmələrini arzulayıram. Necə ki, İsabel Allendenin kədəri “Ruhlar evi” romanına, Tıkverin ağrısı “Üç”, Trierin depressiyası “Antixrist” filminə çevrildi.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tanınmış aktrisa vəfat etdi
17:44 13 May 2021
Amerikalı rəssamın əsəri 93 milyon dollara satıldı - Foto
15:46 13 May 2021
İnsanın təkbaşına xoşbəxt olması utanılası bir işdir - Kamyudan unudulmaz aforizmlər
14:28 13 May 2021
Nizamiyə həsr olunan beynəlxalq konfransa tezis qəbulu davam edir
13:46 13 May 2021
Yəhudi yazıçının kitabını yandırmaq üçün alanlar - Ayxan Ayvaz yazır...
12:30 13 May 2021
Rafiq Tağının üçcildliyi nəşr olundu - Foto
11:25 13 May 2021
"Xarıbülbül" festivalının qala konserti olacaq
10:31 13 May 2021
Bu da bu cür həyatdır – Elçinin hekayəsi
09:29 13 May 2021
“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub
18:18 12 May 2021
Azərbaycan bəstəkarlarının əsərlərinin toplusu Şuşada təqdim olundu - Foto
17:41 12 May 2021
Şuşada "Xarıbülbül" festivalı
15:00 12 May 2021
Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
14:24 12 May 2021
Ağadadaş Ağayev əməliyyat öncəsi fotosunu yaydı
13:09 12 May 2021
30 ilin ən gözəl müjdəsi
12:04 12 May 2021
Tanınmış aktyor vəfat etdi
12:00 12 May 2021
Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır
10:12 12 May 2021
İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
09:03 12 May 2021
Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021