Şeirlərinizdən ruhlanıb 4 düşmən tankını sıradan çıxardım – döyüşçülərin Səməd Vurğuna məktubları

Şeirlərinizdən ruhlanıb 4 düşmən tankını sıradan çıxardım – döyüşçülərin Səməd Vurğuna məktubları
9 may 2020
# 16:23

Kulis.az Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibəti ilə filologiya elmləri doktoru Adilxan Bayramovun “Qələbə soraqlı yaddaş” yazısından bir hissəni təqdim edir.

1941-1945-ci illər Böyük Vətən müharibəsində elm və mədəniyyət xadimləri tez-tez döyüşən orduda və arxada cəbhədə olur, döyüşçülər və əməkçilər qarşısında çıxış edir, onları ruhlandırırdılar. Bu baxımdan Xalq şairi Səməd Vurğunun müharibə dövründə həm əməli fəaliyyəti, həm də bədii yaradıcılığı xüsusi qeyd edilməlidir.

Səməd Vurğunla birlikdə dəfələrlə ön cəbhədə olmuş Xalq şairi Rəsul Rzanın xatirələrindən:

“Əsasən azərbaycanlılardan ibarət olan hərbi hissələrdə keçirdiyimiz bütün görüşlərin mərkəzində Səməd dururdu. Onu hər yerdə tanıyırdılar (bu, heç də asan deyildi, çünki hamımız qulaqlı papaq, sırıqlı gödəkcə, uzunboğaz çəkmə geymişdik, günlərlə üzümüzü qırxa bilmirdik, bir sözlə, çox ala-bəzək görkəmimiz vardı), «Şairimizə eşq olsun! Vurğuna salam!» sözləri ilə salamlayırdılar.

Səməd çıxışına adətən şeirlə başlamırdı. O, ən adi şeylər - ailə, qeyrət haqqında danışır, yeri gəldikcə Azərbaycanın şəhər və kəndlərində xalqın necə yaşadığından, cəbhəyə necə kömək etdiyindən söhbət açırdı. O, söhbətinin həyəcanını, gərginliyini getdikcə artırır, Azərbaycan xalqının zəngin qəhrəmanlıq tarixindən misallar gətirir, onun dostluğa sədaqəti, beynəlmiləlçilik ənənələri haqqında danışırdı... Səmədin çıxışları hər yerdə əsgərlər arasında böyük ruh yüksəkliyi doğururdu”.

...Mənbələrdən məlum olur ki, xalqın tanınmış nümayəndələrinin döyüşçülərlə görüşləri ruh yüksəkliyinə səbəb olur, qələbəyə inam, düşmənə nifrət və intiqam hissləri aşılayırdı. Leninqrad şəhərinin faşistlər tərəfindən alınması barədə şayiələr yayılan zaman görkəmli şair və yazıçı Nikolay Tixonovun radio ilə çıxışını eşidən bir partizan demişdi:

“Əgər Tixonov radio ilə çıxış edirsə, deməli, o, Leninqradda, öz vəzifəsi başındadır. O, Leninqraddadırsa, deməli, şəhər möhkəm dayanmışdır”.

Səməd Vurğunun döyüşçülərlə görüşləri, müxtəlif çıxışları, o cümlədən radio ilə çıxışları da əsgər və zabitlərə bu cür təsir bağışlayırdı. Bunu şairin şəxsi arxivində rast gəldiyimiz çoxsaylı cəbhə məktubları da sübut edir.

O vaxtlar cəbhə qəzetində işləyən, sonralar tanınmış ədəbiyyatşünas, Azərbaycan Respublikası EA-nın müxbir üzvü mərhum Abbas Zamanov şairə göndərdiyi məktubunda yazırdı:

“İstiqbal təranəsi” şeirin dərc edilən qəzetimizi və növbəti nömrəmizi göndərirəm. Bundan sonra bütün nömrələrimizi müntəzəm surətdə alacaqsan. Bizi unutma, vaxt tapdıqca, qəzetimizə şeir göndər, döyüşçü¬lə¬ri¬miz öz şairini oxumaq istəyirlər. Sənin şeirin çap olunan nömrəmiz hissələrdə dərhal yayılır...”

Bir qrup döyüşçü belə yazır:

“Əziz və hörmətli şairimiz Səməd Vurğun! Sizin radio ilə çıxışınızı səngərdə dinlədik. Səsinizi və odlu misralarınızı dinləyərkən elə bil ki, üzərimizə canlandırıcı bahar yeli əsdi, qolumuza yeni qüvvət, gözümüzə yeni işıq gəldi. Azərbaycanlı, rus, gürcü, ləzgi və s. millətlərdən olan döyüşçülərimiz hamısı eyni ruhla Sizi alqışladı, yad etdi, «ura» səsləri göyə yüksəldi...”

Qvardiya serjantı Həbib Quliyevin məktubunda oxuyuruq:

“...Sizin döyüşçülər haqqında çıxışlarınızı və şeirlərinizi xüsusi bir həvəslə oxuyuram. Bunlar bizim döyüşçüləri ruhlandırır. Mən döyüşdə düşmənin dörd tankını sıradan çıxardım. Məni mükafata təqdim etdilər...»

Döyüşçü Abuzər Hüseynov məktubunda şairin cəbhə ilə əlaqələrini və ayrı-ayrı döyüşçülərə qayğısını əks etdirir. Cəbhəçi yazır:

“...Sizin göndərdiyiniz sovqatı və məktubu aldım. Bunlar mənim üçün son dərəcə qiymətlidir. Mən Sizin məktubdan ruhlanaraq müqəddəs Vətənimizin müdafiəsi işində daha da cəsarətli və mərd olmağa söz verirəm... İnsan simasını itirmiş mənfur düşmənə qarşı gecə-gündüz əlimdə hazır tutduğum ən yaxın dostumla - silahımla son nəfəsimə qədər mübarizə aparacağam.”

Şairin həmin illərdə arxa cəbhədə əməli fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Cəbhəçi ailələrin taleyi və dolanacağı onu düşündürür və o bu ailələrə həmişə öz kömək əlini uzadırdı.

Şairin qardaşı Mehdixan Vəkilovun yazdıqlarından:

“Səməd Vurğun Böyük Vətən müharibəsi illərində öz şəxsi qazancının mühüm bir hissəsini, bəzən mükafat aldığı böyük məbləği ölkənin “Müdafiə fondu”na verir və ehtiyacı olan əsgər ailələrinə paylayırdı. Şair mümkün qədər hamıya kömək göstərməyə çalışırdı. Səməd Vurğunun 1942-1943-cü illərdə Qazax və Ağstafa rayonlarının kəndlərini bir-bir gəzdiyini, tank və təyyarə fondlarına pul toplamaq kampaniyası apardığını və döyüşçü ailələrinin vəziyyəti ilə şəxsən tanış olduğunu və bəzi ailələrə maddi yardım göstərdiyini yaxşı xatırlayıram.”

Döyüşçü Mustafa Hüseynovun məktubunda xeyirxah şairə minnətdarlıq ifadə olunur:

“Sevimli Səməd Vurğun, bu günlərdə öz oğlumdan məktub aldım ki, Siz bizim kəndə gedibsiniz və bizim vəziyyətimizlə maraqlanıb ailəmizlə görüşübsünüz. Bu, bizim üçün böyük şərəfdir. Çox sağ olun, arxa cəbhədə Sizin kimi dostların varlığı bizim üçün çox əhəmiyyətli və çox qiymətlidir”.

# 3025 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #