Fərqanənin ən məşhur şeiri – Bazar oxusu

Fərqanənin ən məşhur şeiri – Bazar oxusu
3 may 2020
# 12:35

Kulis.az “Bazar oxusu” layihəsindən mərhum şair Fərqanə Mehdiyevanın məşhur şeirini təqdim edir.

Təndir

Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır

Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.

Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr

Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün,
Ərkyana təndiri şillələyibdi.

Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.

Doğma anasıtək sevib təndiri,
Könlünə şipşirin ovqat olubdu.
Anam getməyəndə təndirə yaxın,
Təndirin sinəsi çat-çat olubdu.

Kündələr üstündə qıvrılan əllər,
Bəs bu gün görəsən nələri anır?
Bir zaman təndirdə qovrulan əllər,
İndi ehtiyacdan alışıb yanır.

Analar neyləsin, Allahın altda
Bir az da çoxalıb um-küsüləri.
Əriyən, azalan ömürləritək,
Azalır dam altda un kisələri

Təndir anam kimi doğmadır mənə,
Mən onu müqəddəs ocaq sanacam.
Gün gəlsə olmasa anam həyatda,
Gün gəlsə olmasa anam həyətdə
Mən yanıb, közərib təndirdən betər,
Qaçıb o təndiri qucaqlayacam.

Anam bölə bilər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyin un kisəsini,
Amanın günüdü, anamdan qabaq
Həyətdə təndirin bağrı çatlayar.

# 4917 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər