Xalqın ağır günündən şou düzəldən məşhurlar

Xalqın ağır günündən şou düzəldən məşhurlar
14 aprel 2020
# 14:34

Bu günlərdə xarici mediada oxuduğum bir xəbər diqqətimi çəkdi. Dünya şöhrətli britaniyalı musiqiçi Elton Conun aparıcılıq etdiyi, Meray Keri, Alisiya Kiz, Bill Eyliş kimi məşhurların da dəstək verdiyi ev konsertləri silsiləsindən sponsorların da qatqısı ilə indiyə qədər 8 milyon dollar gəlir əldə edilib.

“Fox” telekanalında və “Heart Media” radio dalğasında, eləcə də həm kanalın, həm radionun “Yutub” kanalında yayımlanan konsertlərdən gələn gəlir koronavirus epidemiyasından əziyyət çəkən insanlara, eləcə də ehtiyacı olan ailələrə, müxtəlif sosial yardım fondlarına xərclənir. Burda diqqət çəkən başqa bir məqam isə gücü bir yerə toplama qanacağıdır.

Bütün dünyada sənətçilər arasında hər cür çirkinliyə rast gəlmək mümkündür. Dünya şou-biznesində sənət adamlarının hamısının bir-birinə can deyib, can eşitmədiyi də məlum məsələdir. Amma belə ağır vaxtlarda Qərb sənətçilərinin nümayiş etdirdiyi həmrəyliklə müqayisədə bizim sənətçilərin düşüncəsiz hərəkətlərindən hər zaman utanırıq.

Qərb musiqiçilərinin şəxsi gəlirləri bizimkilərdən on qat çoxdur. Amma onlar yardımı ayrı-ayrılıqda, əllərinə beş-on qutu alıb, ev-ev gəzib paylayıb, fürsət düşən kimi də İnstaqramda, Feysbukda bir-birini ittiham etmirlər. Bu aralar özünü Qızıl Aypara Cəmiyyəti kimi aparan şou-biznes nümayəndələri “Sənətinlə dəstək ol” kampaniyasının mahiyyətini də heç doğru-düzgün başa düşməyiblər.

Təbii ki, mən onlardan Elton Con səviyyəsi gözləmirəm. Hamısı sosial şəbəkədə bir ağızdan yekə-yekə “Biz birlikdə güclüyük” desələr də, ayrı-ayrılıqda hərəkət edirlər. İnsanlığın ölümlə çarpışdığı bir zamanda da şoudan çəkinmirlər. Çünki bizim sənətçilərin əksəriyyətinin beyni ancaq qalmaqala və saçyolduya hesablanıb.

Düzdü, mən heç vaxt sənət adamının yardım fondunun missiyasını həyata keçirməyə borclu olduğunu düşünməmişəm. Amma bu formada yardım etməyi də qəbul etmirəm. Sənətçinin missiyası bu deyil. Sənətçinin missiyası sənəti ilə dəstək olmaqdır ki, bunun ən doğrusunu Qərbdə görürük. Bizdə hələ ki tək əldən səs çıxartmağa həvəslidirlər.

Rəqsanə İsmayılovanın özünü reklam etməsi xeyli işinə yaradı. İki gündür gündəmdədir. Amma kütlənin küyünə çox bel bağlamaq olmur. Bu gün Rəqsanəni baş tacı edənlər, sabah girib dekolteli fotosunun altında yenə söyəcəklər.

Rəqsanənin yenicə Xalq artisti adı alan Tünzalə Ağayevanı hədəf seçməsi məqsədsiz deyil. Gedib Afət Fərmanqızını ittiham etsəydi, təbii ki, bu effekti ala bilməyəcəkdi.

Bəzi məşhurlar var ki, topluma vurduqları mənəvi ziyanı bundan sonra yeşik-yeşik yardım daşısalar da ört-basdır edə bilməzlər. Məsələn Bayram Nurlunun Azərbaycan gəncliyinə vurduğu zərbəni hansı əməli unutdura bilər?

Etdiyi yardımı şoulaşdırıb xal qazanmaq istəyənlərin siyahısı genişdir: Elza Seyidcahan, Mətanət İsgəndərli, Rəqqasə Fatimə və başqaları...

“Əl tutmaq Əlidən qalıb” deyə bir el məsəli var. Yardıma ehtiyacı olan insanlara imkan daxilində yardım etmək insanlıq borcudur. Amma məcbur deyil. Bizim sənət adamları az qalır əllərinə bir silah alıb digər həmkarlarının başına dayaya ki, mən edirəm, sən niyə etmirsən? Bu nə məntiqdir, bu nə zehniyyətdir? “Mənim gücüm hamıya çatmır” deyib car çəkirlər. O zaman gücün nəyə, neçə adama çatır o qədər et və heç kimi ittiham etmə. İki qutu yardım paylamaqla heç biriniz Müqəddəs Məryəm olmursunuz.

# 13793 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
#
#
# # #