Aqil Abbas haqqı

Aqil Abbas haqqı
1 aprel 2020
# 20:58

Kulis.az Vahid Qazinin millət vəkili, yazıçı Aqil Abbasla bağlı yazısını təqdim edir.

1985-ci ilin yayı idi. Sənədlərimi universitetinin jurnalistika fakültəsinə verib, imtahanların vaxtını gözləyirdim. Atam da Ağdamda rahat oturmayıb arxamca gəlmişdi. Onun gəlişinə əmimgil həmişəki qaydada böyük məclis qurmuşdular. Xeyli adam vardı. Məclisin şirin yerində söz mənim universitetə girməyimdən düşdü.

Söhbətlərdən anladım ki, jurnalistika fakültəsi qohumlarımın ürəyimcə deyil. Biri milis rəisi, o biri Bakı rayonlarından birinin ticarət müdiri filan. Rəis əmim “hüquq”, tacir əmim “narxoz” (indiki İqtisad universiteti) deyib durdu. Başqa qohumlar da onlarla birləşib atamın saqqızını oğurladılar, məni jurnalist görmək istəyən balaca dayımdan başqa.

Məclis hökm çıxardı: “Səhər sənədlərini jurnalistikadan götürüb, hüquqa verirsən!”

Səhəri dirigözlü açdım. Heç çay da içmədim. Özümü “Elm və həyat” jurnalına çatdırdım. Onun yanına. Hələ gəlməmişdi. Gözlədim. Gəldi. Üzümdə nə oxudusa, “Xeyir ola, sabah-sabah”, dedi.

Axşam olanları danışdım. Bir yanda arzularım, o biri yanda atam və qohumların çıxardığı hökm. Sözü birbaşa kəsə dedi. Dedi, xoşun gəlir jurnalistikadan, jurnalist olmaq istəyirsən? Bax, əmilərin kimi pullu olmayacaqsan, amma hörmətin, zövq aldığın işin olacaq, partiya, yüksək vəzifələr filan da ola bilər.

Dedim, istəyirəm. “Onda, sənədlərini geri götürmə. Özünə arxayınsansa, götürmə. Evdə deyərsən ki, verdim hüquqa. Girəndən sonra səni öldürməyəcəklər ha”.

Elə də elədim. Götürmədim. Amma atama yalan da deyə bilmədim. Onu yola salanda həqiqəti söylədim. İndiyədək gözümün qabağından getmir onun baxışları. Əvvəl duruxdu, heç nə demədi, fikrə daldı, sonra gülümsəyib maşınına oturdu. Sürüb getdi Ağdama.

Dərslərin başlamağına günlər qalırdı. Axşam “Elm və həyat”dan çıxıb filarmoniyadan üzü aşağı “Azneft” çayxanasına gəldik. Söhbəti universitet müəllimlərindən saldı. Dedi ki, sənə dərs deyən müəllimlərin hamısını tanıyıram. Yaxşı müəllimlərin olacaq. Dərsini oxu, kiminlə problemin yaransa mənə deyərsən. Bircə bir nəfərdən özünü qoru. Ağdamlılardan xoşu gəlmir. Çalış ilişmə ona. Adı Zinyət Əlizadədir.

Birinci semestr uğurla bitdi. İkinci semesrtdə Zinyət xanım imtahandan məni kəsdi. Bir neçə dəfə dərsində dilimi dinc tutmamağım, kurs işlərində sitatları qəsdən onun sevmədiyi Əkrəm Əylisli, Ramiz Rövşəm, Vaqif Cəbrayılzadədən gətirmələrim öz işini gördü. “Sən heç cümlə də yaza bilmirsən ki. Səni kim götürüb bu fakultəyə?”, sözü bu oldu.

O vaxtacan onun üzündə təlaşa bənzər bir şey görməmişdim. Zinyət Əlizadədən kəsildiyimi biləndə dilxor oldu. Əvvəl ona demək istəmirdim. Zinyət xanımın yanına gedib kişiyana söhbət eləməyim, əsgər getməyim, dilə tutmağım işə yaramayanda məcbur qalıb sözü açdım. “Mənə deyir, səndən tələbə olmaz, qovmaqla hədələdi”.

Araya xilaskar mələk kimi girdi. Məni Zinyət xanımın caynaqlarından xilas elədi.

Əsgərlikdən dönəndən sonra əyani oxumağa da qoymadı. “Təzə qəzet açıram, səni də, Yusifi də müxbir götürəcəm, keçin qiyabiyə”.

Və beləcə “Ədalət” qəzetində müxbir yazıları, “Gənc publisistin düşüncələri” rubrikasıyla silsilə məqalələr yazmağa başladım.

…O vaxtdan çox illər keçib, çox sellər-sular axıb. İndi mənimlə arası yoxdu, incikdir, bilirəm. İctimai-siyasi baxışlarımız tamam fərqlidir. Bəlkə də onun haqqında yazı yazmağımın belə ona zərəri olacağını düşünər. Mənimsə tək ehtiyat etdiyim bir ünvan var – özüm! Mənə bu yazını yazdıran da elə odur!

O vaxt atamgilin sözünə qulaq asmadığım kimi, sonralar onun da sözlərini dinləmədim. Amma bu fikir ayrılıqları, bəzən lap ciddi ziddiyyətlər belə mənim ən ülvi uşaqlıq, gənclik duyğularıma kölgə sala bilməz. O duyğuların arasından həmişə onun iri, gülər gözləri görünür.

Çox adam onu yalnız Milli Məclisin iclaslarından görüb seyr etdiyi kimi tanıyır. Mənim baxdığım yerdən isə onun o biri tərəfi görünür – ömrümün “Uzun qapqara saçlar” çağından qalan üzünü deyirəm.

1 aprel sənin doğum günündür. Səni təbrik edirəm, Aqil Abbas. Arzularından xəbərim var deyə başqa arzu diləmirəm, elə öz arzuların yetər. 70 yaşını arzularımızın şəhərində keçirək, heç olmasa yerdə qalan ömrümüzü bu arzunun reallaşmasına həsr edək, sənin davakar gənclik hikkənlə.

Onda məni görməyi arzulamasan belə gələcəm!

Aqil Abbas haqqı gələcəm…

bakı 91 edalet

# 6484 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər