Rüstəm İbrahimbəyovla Nikita Mixalkov arasında nə baş verir? - Açıqlama

Rüstəm İbrahimbəyovla Nikita Mixalkov arasında nə baş verir? - Açıqlama
30 mart 2020
# 13:30

Martın 29-da keçirilməsi nəzərdə tutulan Rusiya milli kino mükafatı olan “Nika”nın təqdimat mərasimi təxirə salınıb.

Kulis.az Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, mərasimin baş tutmaması sadəcə koronavirus pandemiyası ilə bağlı deyil, eyni zamanda müxtəlif anlaşımazlıqlarla bağlı olub.

“Şərəf və ləyaqətə görə” “Nika” – 2020 sahibi Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov Rusiyanın “Trud” qəzeti üçün, kino tənqidçisi Leonid Pavlyuçiklə olan müsahibəsində Nikita Mixalkovla yollarının ayrılması səbəbindən onun təsisçisi olduğu “Qızıl Qartal” mükafatına namizəd ola bilməyəcəyinə görə təəssüf hissi keçirmədiyini və “Nika”nın istənilən halda daha nüfuzlu mükafat olduğunu bildirib. Bundan başqa, “Qızıl Qartal”ın təsis edilməsi Rusiya kino ictimaiyyətinin parçalanmasına gətirib-çıxarması faktını da şərh edib.

R.İbrahimbəyov Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovla münasibətlərinin normal olduğunu, lakin aralarındakı ideoloji müxaliflik getdikcə dərinləşdiyinə görə yaradıcı əməkdaşlıqlarının davamının mümkün olmadığını açıqlayıb.

Yaradıcı işbirliyi nəticəsində kino tarixinə “Urqa – məhəbbət ərazisi”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri” kimi kinoşedevrlər bəxş etmiş, bir neçə on ili əhatə edən dövrü məmnunluqla xatırladığını, dəyərləndirdiyini və bundan vaz keçmək fikrində olmadığını qeyd edən dramaturq, keçmiş sənət dostunun o vaxtlar çox istedadlı, məlahətli və əla yumor hissinə malik bir insan olduğunu, onu indi də o cür təsəvvür etməyə çalışdığını bildirib.

Müsahibədə yaradıcı proseslərdən danışan R.İbrahimbəyov qeyd edib ki, əvvəllər günün yarısını yazı-pozuyla məşğul olmasına baxmayaraq, son 10 ildə bu vərdiş bir qədər dəyişib. Belə ki, günün birinci hissəsini ləng rejimdə evdə keçirir, düşünür, seyr edir. Günün ikinci yarısını intensiv görüşlərə, müxtəlif işlərin yoluna qoyulmasına həsr edir. Ədəbi yaradıcılıqla məşğul olmaq üçün isə təkbaşına qalması tələb olunur. Və bir ədib olaraq istedad və bacarığının daha çox dramaturji tərzə, qəhrəmanlarının psixoloji durumlarının müəllif təsviri və təhlili ilə təqdim etməyə deyil, onların xarakterlərini davranışları və qərarları vasitəsilə açmağa üstünlük verir.

Yarım əsrdir ki, fasiləsiz yaradıcılıqla məşğul olan AKİ sədri Rusiyanı özünün ikinci vətəni, bir yazıçı kimi isə özünü hər iki dildə yazan Azərbaycan ədibi hesab etdiyini və 6 illik fasilədən sonra fəaliyyətini bərpa edən Azərbaycan Kinematoqrafçılar İttifaqının bu günündən, gördüyü işlərdən danışıb: “Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti tam olaraq bərpa olunub. Kino Evi və Kino Məktəbi fəaliyyətə başlayıb, mütəmadi olaraq yığışırıq, filmlərə baxırıq və müzakirələr edirik, təqaüdçülərə vəsait ödəyirik. Planlarımızda Bakının tarixinə həsr olunmuş nadir kinomuzeyin yaradılması da nəzərdə tutulub. Bir sözlə, bütün yaşam prinsiplərimizlə, həyat tərzimizlə, vərdişlərimizlə, əlbəttə ki, böyük məmnuniyyət hissilə yaşamağa davam edirik...”

# 5223 dəfə oxunub

Oxşar xəbərlər

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər