news-inner
clock20:58 calendar-gray 18 Mart 2020 view-gray2733 dəfə oxunub
view-gray2733 dəfə oxunub

Qayıt, səhmana sal bu kainatı - Əli Kərimin ən gözəl şeirləri

Bu gün böyük Azərbaycan şairi Əli Kərimin doğum günüdür. Kulis.az bu münasibətlə şairin ən gözəl şeirlərindən bir neçəsini təqdim edir.

Atamın xatirəsi

O, sərt idi səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını
Bircə dəfə söz açmazdı qəlbindəkindən
Söyləməzdi övlad üçün çox yandığını

Gizli-gizli məni süzüb gülərdi hərdən
Durub-durub güc gələrdi əyri qəlyana
Övladına bircə dəfə can söyləməkdən
Övlad üçün can verməyi asandı ona

Zəhmətsevər, ağır, enli, cod əli vardı
Tale kimi endirərdi çiynimə hərdən
Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən

Sevgisi də soyuq idi təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi
...Moskvada oxuyurdum tərk etdi məni
Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə
Gah deyib ki, mən
Qoy bilməyim, o utanıb öz ölümündən
Ah o niyə belə etdi, bu nə qübardı
Nə zamansa bu nişanda bir atam vardı...

...xatirəsinə

O, dünyada yox imiş.
Gördüyüm kəs yuxuymuş...
Nə siqaret çəkərmiş,
Hey sümürə-sümürə.
Nə də
baş qaldırarmış
xırda bir səs-səmirə.
Oturmazmış
burada,
bu divarın yanında.
Görünməzmiş
dərdimiz
onun həyəcanında.
Özü olmadığından
olmayıb bir arzusu.
Nə biz olmuşuq,
nə o,
Ağ bir yalan imiş bu.
Ağlama, könlüm,
kiri...
Gözümdə yaş qalmayıb,
Bu adda,
bu nişanda,
O gözəl gənc
cahanda
Olmayıb,
olmayıb,
olmayıb...

İki sevgi

Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Sususzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
- Kabab üstdən sərin su pis olmaz - deyən kimi
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi
O isə səni sevir
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə.

Daş

Yarıçılpaq
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
Amma yerə.
Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Deməyin ki daş yox oldu.
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom kimi
Meridianı qırıq-qırıq,
Arzuları zərrə-zərrə,
Okeanı parça-parça
Edib keçdi…
Həmin o daş
İndi yenə dayanmayır
uçur hara?
O neytron,
elektron –
Dönüb
nələr,
nələr olur.
Alov olur,
ölüm olur,
zəhər olur.
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandırmaq olmazmı, de,
Yarıçılpaq
yarıvəhşi
Qədim insan
atan daşı?!

Ağrıya bir-iki söz

Ağrı, yaxın gəlmə,
girmə araya.
Get,
yoxdur ölümdən çəkinəcəyim.
Həyatı qorxmadan necə alıbsa
Elə də verəcək mənim ürəyim.
Dəyişsə rəngləri,
qaraltma günü,
Ölümün gözünün içinə baxım.
Kimdi vəkil edən səni bilmirəm,
Çəkil
get,
avara,
üzlü qonağım!..
Doğrusu, ölüm də yadımdan çıxıb -
Soxulub girmisən aramıza sən.
De bu nə hay-küydür?
De, qoruyursan
Mənimi ölümdən,
onumu məndən?
Qoy görüm kişinin sifətini bir.
Qoy baxım
anlayım, kimdir düşmənim.
Görüm ölümü də olduğu kimi
Düzlüyün vurğunu - könlümdür mənim.

Qayıt

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi —
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.

Füzuli

Dünya səni qocaltdı yaşıdın olsun deyə
Gömüldü dərdin yerə, ucaldı ahın göyə.
Dərdə şərik - dərd özü, sükut - suala cavab.
Qranit dağlar belə, gətirməzdi buna tab.
Füzuli, o nə dövran!.. – Görsələr yanır insan
Yanana od verdilər.
Füzuli, o nə kədər!
Görsələr donur insan,
Donana buz verdilər...
Füzuli, o nə qədər? –
Görsələr batır insan,
Batana dəryaları
birdən bəxş elədilər,
Dünya səni qocaltdı,
Qocaldın dünya kimi,
Könlün kədərlə dolu -
çalxanan dərya kimi.
Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.
Ey böyük ustad,
heyhat,
Ürəyində o ada, şöhrətə yer vardımı?
Min bir kədər əlindən
orda yer qalardımı?
Gəldi cavan bir qızın
vədəsiz məhəbbəti,
Könlündə dərd əlindən
bu eşqə yer vardımı?
Bəzən də xanəndənin
cilvələndi sənəti,
Qəzəllərindən ayrı
qəzəl oxunardımı?
Doğma sözlərinə də
qəlbində yer vardımı?
Dünya səni qocaltdı -
cavan görünsün deyə,
Yanğınlar tüstüsütək
ahın ucaldı göyə.
Sən od tutub alışdın.
Bu odu qoca Şərqin
hər yerindən gördülər -
gördü bu doğma yerin.
Bütün bu gen dünyanın
gözləri göydə qaldı.
Göy də şəfəqlər saçan
ahına baxdı, daldı.
Dedilər ki, fələklər
yaratmışdır bu odu,
Fəqət bu oda yanan
fələklər özü oldu.
Baxıram ucalardan
gəlir Füzuli səsi.
Görünür ucalarda
onun nurlu izləri.
O ulduzlar
Füzuli yanğısının közləri,
O Günəşdə Füzuli odunun nişanəsi.

news-inner-user

14810 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sənmi dolandırırsan söylə çərxi-fələyi? – Məmməd Rahimin şeirləri
21:00 07 Aprel 2020
Kuklaçıların çağırışı
18:59 07 Aprel 2020
Evdə qal və muzeylərə səyahət et
18:25 07 Aprel 2020
Dünyamızı dəyişən koronavirus testi – Sərdar Amin yazır...
17:44 07 Aprel 2020
Qodar koronavirusdan danışacaq
17:20 07 Aprel 2020
Mətləb Ağadan karantin şeiri - Mətn
17:01 07 Aprel 2020
Koronavirusla mübarizəyə həsr edilmiş rəsm müsabiqəsi elan olunub
16:20 07 Aprel 2020
Xalq artisti evində onlayn konsert verəcək
15:42 07 Aprel 2020
Qohumu onu öldürmək istədi, güllə ayaqqabısına dəydi, çörək verdiyi küçə uşaqları evini soydu – Xalq artistinin film kimi həyatı
15:18 07 Aprel 2020
Çingiz Abdullayevlə ad günü söhbəti: "İlk təbrik edən həyat yoldaşım oldu" - Müsahibə
14:37 07 Aprel 2020
Məşhur aktyor karantin günlərini seriala çevirdi
14:01 07 Aprel 2020
Bir cümləlik pandemiya hekayəsi – Mətn
13:20 07 Aprel 2020
İlham Namiq Kamal: "Şamaxıda bağ evimdə..."
12:38 07 Aprel 2020
Tanınmış fizik: “Bizi daha böyük pandemiya təhlükəsi də gözləyə bilər” – Müsahibə
12:01 07 Aprel 2020
Xalq artisti: "Bu gün Allaha daha çox yalvarmaq zamanıdır"
11:33 07 Aprel 2020
Aktrisa koronavirusdan öldü
11:06 07 Aprel 2020
Uşaqların sinif yoldaşlarından gizlədiyimiz evimiz - Onlayn dərslər
10:36 07 Aprel 2020
Yazıçı koronavirusa necə qalib gəldi?
10:06 07 Aprel 2020
"Yuğ" Teatrı "Evdə qal" çağırışına qoşuldu
09:37 07 Aprel 2020
Direktorun bacısı qızına vurulan məktəbli - Şahmarın hekayəsi
08:59 07 Aprel 2020