Tramvaydan qorxub dili açılan Xalq artisti – Maraqlı faktlar

Tramvaydan qorxub dili açılan Xalq artisti – Maraqlı faktlar
11 mart 2021
# 21:00

Bu gün görkəmli aktyor, Xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Əslən Qubadan olan Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda Səfər kişi və Qızılgül xanımın ailəsində doğulub. Ailədə üç qardaş, bir bacı olublar. Bəşir orta məktəbin yeddinci sinfində oxuyanda ailə vəziyyətinin ağırlaşması ucbatından məktəbdən uzaqlaşmalı olub. Ailəsinə maddi köməklik göstərmək üçün işləməli olan Bəşir on dörd yaşında şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.

***

1941-ci ilin sonlarında müharibəyə yollanan Bəşir Böyük Vətən Müharibəsində iştirak edib və yaralanıb, kontuziya alaraq lal-kar kimi ordudan tərxis olunub.


Gallery

Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu teatra xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun.


***

Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib.

Gallery

Bəşir Səfəroğlu iki dəfə ailə qurub. Birincə dəfə evləndiyi həyat yoldaşından qızı Afaq Bəşirqızı doğulub. Lakin, aktyorun həyat yoldaşı gənc yaşında vəfat edib. Bundan sonar Bəşir Səfəroğlu ikinci dəfə ailə qurub. Afaq xanım bir müddət nənəsinin himayəsində yaşasa da, Bəşir bu ayrılığa dözməyib, qızını evinə, öz yanına gətirib.

***

Çox sərt xasiyyəti olub. Qızı Afaq Bəşirqızının aktrisa olmasını istəməyib. Amma deyilənə görə qızı Afaq səhnəyə çıxanda tamaşa vaxtı bir neçə dəfə onun səhnənin kənarından izləyib. Lakin, bunu gizlin edib ki, qızı bundan xəbər tutmasın.

Gallery


Dini ehkamlara hörmət eləyən, əsl azərbaycanlı kişisinə xas olan bütün keyfiyyətləri özündə birləşdirən insan olub. Aktyor səhnədə komik aktyor olsa da, kənarda, ailədə özünü çox ciddi aparırmış.

***


Çox az dostu olub. Hər adamla yoldaşlıq eləməz, hər kəsi evinə qonaq gətirməzmiş. Evdə uşaqlarına qarşı çox sərt olub, onları öpüb əzizləməyi xoşlamayıb. Qızı Afaq xanım müsahibələrinin birində deyir ki, işi nə qədər çox olsa belə hər həftənin şənbə günü mütləq onun gündəliyini yoxlayıb nəzarət edirmiş.


Gallery

Bir dəfə isə aktyor qızı Afaqa şillə vurub: Mənə cəmi bir dəfə şillə vurub. Bir dəfə 20 qəpik verib parta yoldaşımın sapandını almışdım. Uşaqlıqda sapanddan xoşum gəlirdi. Bayaq dediyim kimi, atam hər həftənin şənbə günü gündəliklərimizdəki qiymətləri yoxlayıb imzalayardı. Tərslikdən həmin gün dərsimdən də "4" almışdım. Və o günün səhərisi atam gündəliyimə baxmaq üçün məktəb çantamı açanda sapandı görüb soruşdu ki, məndə hardandır. Cavab verdim ki, əmək dərsində düzəltmişəm. Lakin sapandın səliqə ilə düzəlməsindən başa düşdü ki, mənim işim deyil. Sonra məktəbə gedib, o işin axırına çıxdı və mənə bir şillə vurdu. O şillədən sonra bir daha mənə əl qaldırmadı. Çünki məni çox istəyirdi. Mən hələ də o şilləni üzümdə hiss eləyirəm.

Gallery

Aktyor yaradıcılığı boyu "Beş manatlıq gəlin", "Keto və Kote", "Məşədi İbad", "Xəsis", "Əlli yaşında cavan", "Evliykən subay", "Qızıl axtaranlar", "Hacı Kərimin Aya səyahəti", "Ləpələr" kimi maraqlı səhnə əsərlərində iştirak edib. Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında "Gəlməli, görməli, gülməli" miniatür teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Məmmədzadə və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

***

Aktyorun ailəsi əvvəlcədən çox kasıb olublar. Müharibəyə gedib-gələndən sonra mədəsi ağrımağa başlayıb, amma kasıb olduqlarına görə yaxşı müalicə ala bilməyib, mədəsində yara əmələ gəlib. Bu yara isə sonradan xərçəngə çevrilib.


Gallery

Aktyorun özünə bildirməsələr də, sağalmaz xəstəliyə tutulduğunu bilirmiş. O, günü-gündən zəifləyir, heç nə yeyə yeyə bilmir. Rauf Kazımovski onunla yaxın dost olub. Onun son tamaşasını və son günlərini lentə aldırıb. Aktyor öz arzusu ilə son dəfə "Milyonçunun dilənçi oğlu" tamaşası ilə səhnəyə çıxıb. Bu tamaşadan 12 gün sonra isə dünyasını dəyişib.


***

Bəşir Səfəroğlu xəstəxanada yatanda 50 yaşı tamam olub. Lütfəli Abdullayevlə Şəmsi Bədəlbəyli Mərkəzi Komitəyə zəng edib Bəşir Səfəroğlu üçün xalq artisti adının verilməsini istəyirlər. Şəmsi müəllim "Özünüz bilərsiniz, siyahıda Bəşirin adı var, ya yox. Biz bu gün səhnədə tamaşadan sonra onu xalq artisti kimi təqdim edəcəyik", - deyib dəstəyi asır. Bəşiri xəstəxanadan gətirirlər. Üstündən bir az keçməmiş xalq artisti təqdimatı da hazır olur.


Gallery

Son günündə qıza pis təsir etməsin deyə Afaqı atasının yanına buraxmayıblar. O, atasının ölümünü Novruz bayramından iki gün sonra martın 23-də televiziyadan eşidib.

Gallery

Dəfnində minlərlə insan iştirak edib. İnsanlar onun tabutunu Musiqili Komediya Teatrından düz Fəxri Xiyabana qədər əllərində aparıblar. Gecə ilə izdihamın keçəcəyi küçələrin nəqliyyat üçün bağlandığı elan olunub.

# 17485 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın  10 böyük və qədim kitabxanası

Dünyanın 10 böyük və qədim kitabxanası

16:00 12 iyul 2025
Peruda  4000 illik  antik şəhər  aşkarlandı

Peruda 4000 illik antik şəhər aşkarlandı

15:30 12 iyul 2025
Fransız və çex şairlərinin adlarını özünə təxəllüs seçən Nobel mükafatçısı kim idi?

Fransız və çex şairlərinin adlarını özünə təxəllüs seçən Nobel mükafatçısı kim idi?

14:30 12 iyul 2025
“Tovuz döyüşləri – Zəfərə gedən yol”  Milli Kitabxanada  sərgilənir

“Tovuz döyüşləri – Zəfərə gedən yol” Milli Kitabxanada sərgilənir

14:15 12 iyul 2025
"Adam iş vaxtında tanınar, qadan alım!.." - Mirzə Fətəli Axundov

"Adam iş vaxtında tanınar, qadan alım!.." - Mirzə Fətəli Axundov

13:30 12 iyul 2025
Harbiyə səhnəsində Hadisə şousu ...

Harbiyə səhnəsində Hadisə şousu...

13:00 12 iyul 2025
#
#
# # #