Bizim hay-küylü feministlər

Bizim hay-küylü feministlər
9 mart 2020
# 13:01

Biz təbiətcə “vur” deyincə öldürən toplumuq. Hər şeyin əndazəsini aşmağa meylliyik. Bunun təməlində hüquq və azadlığın nə olduğunu tam anlamamaq dayanır. Yanlış dərk etdiyimiz ideologiyaları əlimizə, üzümüzə bulaşdırırıq.

Doğru qavramadığımız ideologiyalardan ən talesizi feminizmdir.

Feminizm qadın-kişi ayrı-seçkiliyinə qarşı çıxaraq, qarşı cinslər arasında hər cür iqtisadi, siyasi, sosial-mədəni və toplumsal bərabərliyi müdafiə edən bir ideologiyadır. Onun təməl hədəfi qadının azadlığı və hüquqlarının qorunmasına yönəlib. İş, təhsil, uşaq və s. mövzularda kişilərlə bərabərhüquqlu olmağı, qadına şiddətin, təcavüzün qarşısını almağı əhatə edir.

Beynəlxalq Qadınlar Günü küçələrə çıxan bir qrup qadının şüarı isə feminizmin tələblərindən bir xeyli uzaq, hətta deyərdim, onun əksi idi. Xanımlar mitinq zamanı əldə bayraq etdikləri “Vagina mənimdir, kimə istəyərəm, verərəm” ifadəsi istər-istəməz qadının “cinsi obyekt” olduğunu yada salır. Vermək-almaq, almaq-vermək əhvalı qadının cinsi obyekt kimi satılması, hədiyyə verilməsi adətləri ilə assosiasiyası yaradır.

Tək qadının deyil bütün insanların cinsi azadlığı var. Məsələnin bu şəkildə qabardılması, bayağı və vulqar üslubda təqdim edilməsi problemin həllindən çox, onun daha da dərinləşməsinə, cəmiyyətlə bu fikri səsləndirənlər arasında uçurumun böyüməsinə xidmət edir.

Məncə, bu tərz şüarlar seçəndə haqq və hüquq bərabərliyi tələb edən qadınlar mütləq cəmiyyətin həssaslığını nəzərə almalıdır. Həm də bu boyda böyük məsələyə məhz seksual azadlıq istəyi ilə, özü də bu şəkildə istəməklə başlamaq uğurlu addım deyil.

Söz haqqına sahib olan qadın, kişi - fərq etməz, hər hansı bir insanın seks prtnyoru seçməsi ilə bağlı bəyanat verməsi absurddur. Bu tərz, azad düşüncəli insanlarda belə qıcıq yaradır. Səsləndirilən bayağı şüarlar ifadə azadlığından çox, insanın birbaşa özünə, öz bədəninə hörmətsizliyidir. Sən özünə hörmət etməsən, heç kimdən bu hörməti gözləyə bilməzsən.

Bizdəki feministlərin məsələyə baxışı dəyişmədiyi müddətdə heç nə dəyişməyəcək. Biz qadın olaraq gücümüzü qadınlığımızdan, cinsi kimliyimizdən deyil, insanlığımızdan, vətəndaşlığımızdan almalıyıq. Aşırı açıq-saçıq və qıcıq doğuran çıxışlar mental dəyərlərlə yatıb-duran minlərlə kişi və qadının çörəyinin üstünə yağ çəkməkdir. Çünki cəmiyyətimiz qadınları əzmək, aşağılamaq, hətta öldürmək üçün fürsət axtaran kişilərlə doludur.

Bizdəki feminizm hərəkatı kişilərə nifrət və kin platformasıdır. Kişimərkəzçi topluma qarşı bərabərlik yox, qadınmərkəzçi taktika çıxarmaqdır. Bu taxt-tacı ələ keçirmək hərəkatı deyil ki, sən kişinin güc olduğu iqtidarı devirib, qadın hakimiyyəti qurasan. Sən bu hərəkata qoşulursansa, ideologiyanın qanunlarını bilməlisən.

Təcavüzə, şiddətə son şüarları ilə meydana çıxıb təcavüz və şiddət göstərməməlisən. Qadın azadlığı intim bölgələrin müzakirəsi deyil, əksinə, onun müzakirəsinə qarşı çıxmaq, bunun şəxsi azadlıq zonalarını burun soxmaq olduğunu göstərməkdir.

Müşahidə etdiyim qədər, həqiqi feministlər bu cür hay-küyçü hərəkatlardan uzaq dururlar.

Necə ki, qatı dindarlar və milli-mentalitet təəssübkeşləri namus, qeyrət qavramını intim bölgələrlə təyin edir, bizim feministlər də cinsi azadlıqla eyni cür davranır.

Biz hüquq və azadlıqların cinsi kimliyinin olmadığına inanmalıyıq. Cinsindən və oriyentasiyasından asılı olmayaraq, bütün insanlara qarşı ayrı-seçkiliyin ortadan qaldırılması üçün çalışmalıyıq. Əks halda məqsədimiz nə özümüzə, nə də cəmiyyətə aydın olmayacaq.

# 12260 dəfə oxunub

Oxşar xəbərlər

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

13:30 4 noyabr 2026
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr”  sənədli filminin premyerası oldu

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası oldu

13:10 4 noyabr 2026
Səməd Vurğunun  əmisi nəvəsi bıçaqlandı

Səməd Vurğunun əmisi nəvəsi bıçaqlandı

12:54 4 noyabr 2026
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

12:14 4 noyabr 2026
"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..."  - İngilis mütəfəkkirdən sitatlar

"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..." - İngilis mütəfəkkirdən sitatlar

12:00 4 noyabr 2026
Məşhur müğənni azadlığa buraxıldı

Məşhur müğənni azadlığa buraxıldı

11:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər