Bir Allah var içimizdə - Anar Amindən yeni şeirlər

Bir Allah var içimizdə - Anar Amindən yeni şeirlər
8 mart 2020
# 14:25

Bu gün şair Anar Aminin ad günüdür. Onun 36 yaşı tamam olur. Kulis.az bu münasibətlə Anar bəyi təbrik edir və onun yeni şeirlərini yayımlayır.

Otuz yaşın ortasında

Allah sirr açdığı
peyğəmbərlərin
Hər birin sirriynən
bədbəxt eləyib.
Onun sirrin açan
sirdaşlarına
Dərd verib, səriynən
bədbəxt eləyib.

Gəl çıxart – bu dərdə
yiyə dur, yiyə,
Əlimdə dəstəkdi,
köksümdə tiyə...
Xoşbəxtlik istəyən
ruhu bəs niyə
Sümüknən, dəriynən
bədbəxt eləyib?!

Yol gəldim otuza
dumannan, sisnən,
Xoşbəxtəm ağılnan,
bədbəxtəm hisnən,
Doğrusun yalannan,
yaxşısın pisnən,
Xeyirin Şəriynən
bədbəxt eləyib.

O, kimdi, alov bir
telin ütməyib?
Haqqı itirməyib,
haqqı itməyib!
Yaradan heç kimi
xoşbəxt etməyib –
Hərəni biriynən
bədbəxt eləyib...


Bizim ən böyük dərdimiz

Nə doğma, nə də ögey
nə bir yaxın, nə bir yad –
Yan adam bircə fikrin
ətrafına yığışmır.
Hər kəlmənə “baş üstə”
hər sözünə “can” deyən
“Can” adam bircə fikrin
ətrafına yığışmır.

O adam mızıldanır, –
heç kim bilmir nə deyir,
Nəsə demək istəyir,
bilirəm, nəsə deyir.
Biri fikir yürüdür,
bəlkə yüzü “hə” deyir.
On adam bircə fikrin
ətrafına yığışmır...

“Ol”dan sonra Allah var,
“ol”dan sonra adam yox.
Ora qədər adam var,
ordan sonra adam yox...
Bircə adam qalıbdı,
ondan sonra adam yox.
Son adam bircə fikrin
ətrafına yığışmır.


Səbəb zərfliyi

Dünya adlı bu çıxılmaz
quyuya bizi atanın
Göyqurşağı dediyimiz
ciyəsi varsa, mən kiməm?!
Hərəkətin əlamətin
səbəbini bildirənin
Nəyə görə və nə üçün
niyəsi varsa, mən kiməm?!

Dəstəyi olmasa belə,
öldürə bilərsən məni,
Öldürüb bu yer üzündən
sildirə bilərsən məni,
Öldürməyib, ölümümə
güldürə bilərsən məni,
Əlindəki o bıçağın
tiyəsi varsa, mən kiməm?!

Peyğəmbərlə yaratdığı
iltifatın, ixtilatın
Davuddakı o “Zəbur”un,
Musadakı bu “Tövrat”ın...
Ayələrin, surələrin,
yerin, göyün, kainatın,
“Ol” deyib Ol eləyəni
yiyəsi varsa, mən kiməm?!


Bığ yeri təzə qaralan

Tanrı bizə istedadı
əzab çəkmək üçün verib.
Verdiyindən agah olan
bir agah var içimizdə.
Könlümüzdən keçənləri
gözlərimizdən oxuyan,
Duamızı qəbul edən
bir dərgah var içimizdə.

Mənəm sənin hər vəhyinə,
hər ayənə məhbub olan,
Hər peyğəmbəri bir elçi,
hər surəsi məktub olan.
Bəlkə min yol arzu edib,
xəyal qurub, məğlub olan,
Nəfsimizə qalib gələn
bir tamah var içimizdə.

Bu dünya arzu eyləyib,
xəyal quracaq yer deyil.
Xəyal qurub ömrümüzü
başa vuracaq yer deyil.
Gecə-gündüz, səhər-axşam
“dünya duracaq yer deyil
Ey can, səfər eylə” deyən
bir səyyah var içimizdə.

Bağışlanmaq arzusuna
çatmasa bağışlanmayan,
Bağışlanmaz haqqın yolun
tutmasa bağışlanmayan,
Peyğəmbər öz əbasını
atmasa bağışlanmayan,
Min günahdan ağır olan
bir günah var içimizdə.

Qələmini cismimizə
bıçaqtək çəkib gizlənən,
Cismimizdən ruhumuzu
qadaqtək çəkib gizlənən,
Gündüz üzünə gecəni
yaşmaqtək çəkib gizlənən,
Dan üzlü axşamı olan
bir sabah var içimizdə...

Yerində yüz... peyğəmbəri,
göyündə Meracı olan –
Hər bəndəyə bir dərd verən,
hər dərdə əlacı olan,
Əynində qızıl paltarı,
qızıl taxtı-tacı olan,
Bığ yeri təzə qaralan
bir Allah var içimizdə...


Güzgü kimi adamlar

Doxsan doqquz adı bəlli
Allahın bir adı sirdi,
Hər bir sirdən agah olan
sirr saxlayır, sirr, özünü.
Yalnız yoxdan var eyləyən
biehtiyac olan varlıq –
Hər şeyi cüt-cüt yaradan
bir yaradıb, Bir, özünü!

Göy üzündə sirr olanda
yer üzündə sirr olmayıb.
Allaha əl açan bəndə
şeytanla əlbir olmayıb.
Yerdən qabaq boşluq olub,
yerdən qabaq Yer olmayıb,
İntihar etmək istəyib
göydən atıb Yer, özünü.

Vüsal üçün bu hicrana
sinəni gərmək istəsən,
Bir gün arzuya yetişib
murada irmək istəsən,
Kimsən və necə adamsan –
özünü görmək istəsən,
Güzgü kimi adamlar var,
bax onlara, gör özünü.


İstedadın varsa

Cisminə sığışmayan
ruhu böyük olan kəs –
Dünya belə dardısa,
xoşbəxt olan deyilsən!
Qananların gözü kor,
qanmazların dili lal,
Qulaqları kardısa,
xoşbəxt olan deyilsən!

Könlümüzə yatmadı
bizə könül verən kəs.
Bizik köhnə sevgiyə
təzə könül verən kəs.
Ay səsə ürək açıb
sözə könül verən kəs,
Hissin sənə yardısa,
xoşbəxt olan deyilsən!

Bizdən qabaq kim çıxıb?
bax, bu yola, bilərsən.
O yolçu... sağa gedib,
yoxsa sola, bilərsən.
İstedadın yoxdusa,
xoşbəxt ola bilərsən.
İstedadın vardısa,
xoşbəxt olan deyilsən.

Özünü dərk etmək

Yıxılıb dərəyə
düşməyə nə var,
Üz tutub qalxmağa
dağ çətin imiş.
Dünyada enməkdən
asan nəsə var?!
Zirvənin yolları
bax, çətin imiş.

O cavan qocalıb
qarıyar bizi,
Bu ağac quruyub
quruyar bizi...
Bəlkə qorxu hissi
qoruyar bizi –
Qorxaq adamdan da
qorx, çətin imiş.

Ay susub səbrini
öfkədən asan,
Yaşamaq olmur
bu ölkədə asan.
Özgəni dərk etmək
bəlkə də asan,
Özünü dərk etmək
çox çətin imiş...


Bircə addım

Nənələr nənəsi
Həvva nənəmiz
Babamız Adəmin
içində imiş.
Bir qız bir oğlanın,
nənəm babamın,
Anam da atamın
içində imiş.

Lal ola tufanın,
susa dənizin,
Suyun iki bölüb
əsa dənizin.
İbrahim alovun,
Musa dənizin,
İsa da edamın
içində imiş.

Kilid qəlbindədi,
dilində deyil,
Kilidin açarı
əlində deyil.
Həqiqət adamın
çölündə deyil,
Həqiqət adamın
içində imiş.

Qoyma nəfsə çatsın
tamahın boyu,
Çatsa boy verəcək
günahın boyu.
Bircə addım imiş
Allahın boyu,
Allah bir addımın
içində imiş...


Yaza bilməyəndə

Kaş ki, yaza biləydim
neçə yol “kaş”, “kaş” deyib,
“Kaş”ımda gəzdirdiyim
neçə-neçə əsər var.
Arzularda düşünüb
xəyallarda yazdığım
Duşumda gəzdirdiyim
neçə-neçə əsər var.

Çox olub qələm qırıb...
dəftəri bağladığım,
Masanı yumruqlayıb
ah çəkib ağladığım.
Yaddaşıma həkk edib
yadımda saxladığım,
Huşumda gəzdirdiyim
neçə-neçə əsər var.

Olmayan övladımın
hansı birin seçəcək?
İstedad... xəstəlikdi
məndən kimə keçəcək?!
Bu dünyadan mənimlə
o dünyaya köçəcək.
Başımda gəzdirdiyim
neçə-neçə əsər var...

Gallery

# 2212 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #