Seksist Nadir Qafarzadə

Seksist Nadir Qafarzadə
6 mart 2020
# 13:40

Efirdə “namus keşikçisi” müğənnilər, dırnaq arası sənətçilər baş alıb gedir. Bir deyil, beş deyil. Hansıdan danışasan? Milli Televiziya və Radio Şurası bu barədə ciddi ölçü götürməlidir. Dəfələrlə yazırıq, çağırışlar edirik, çifayda. Əlinə mikrofon alan istənilən “sənətçi” xalqa çürümüş, iylənmiş, nimdaş “məsləhətlərini” sırıyır. Keçənlərdə Manaf Ağayev qadının başını kəsərəm dedi. Sosial şəbəkələr partladı, söyən kim, təhqir edən kim... Müğənni açıq-aşkar televiziyadan qadına şiddət, hətta cinayət təbliğ etdi. Polisə çağırıldı. Üzr istədi. İctimai qınağa görə bu üzrü istəməyəcəkdi. Əksinə, qınayanları hədələyəcəkdi. Cib dolu, kəllə boş, necə olmalıdır? Manafın üzrü göstərdi ki, bu cür həssas mövzularda qanunun sərt üzünü işə salmalıdır.

Çox az istisna ilə bizim kişi müğənnilərin qadın haqları, qadın hüquqları haqda elementar anlayışı yoxdur. Öz ailələrində necə yaşayarlar, özləri bilərlər, lakin bu feodal düşüncəni efirdən norma kimi cəmiyyətə sırıyanda zurna başlayır “fırt” deməyə.

Fikir verin, Manaf düşüncədə olan müğənnilərin çoxu ailələrini efirdən, mətbuatdan gizli saxlayırlar və bunu öz aləmlərində namus, qeyrət, əxlaq əlaməti kimi səciyyələndirirlər. Sanki qadının efirə çıxması, görünməsi məqbul deyil. Mənim məqsədim kiminsə ailə kredosuna toxunmaq deyil. Düşüncələrini açmaq istəyirəm.

Misal üçün, Nadir Qafarzadə dünən instaqram istifadə edən qızları təhqir edib. Sitat: “Başqa kişilərə nə gəldi yazan qadın bütün pis sözlərə layiqdir”.

Sosial şəbəkələrin tüğyan etdiyi, sosial medianın az qala peşəkar medianı yönəltdiyi bir zamanda bizim sənətçinin işlətdiyi ifadəyə baxın: “Başqa kişilər” lap hərəmxana düşüncəsidir ki, var! Bir soruşan yoxdur ki, ay Nadir, səni toyuna aparan, on minlərlə pul verən insanlar bax həmin o başqa kişilər və başqa qadınlardır. Tutaq ki, başqa bir qadın başa bir kişiyə eşq, sevgi, yaxud ötəri münasibət təklif edir. Bundan sənə nə? Sən niyə o qadını hər cür pis sözə layiq bilirsən? Bu səlahiyyəti sənə kim verib?

Bu hansı dövrün küllənmiş düşüncəsidir? Əgər buna düşüncə deyə biləriksə.

Bəs görəsən niyə belədir? Nadir və onun kimilər qəsdənmi belə danışırlar? Əlbəttə ki, yox. Onlar istəsələr də bundan daha səviyyəli ola bilməzlər. Evdə bişməyib, qonşudan gəlməyib. Səviyyəni formalaşdırmaq üçün ən azı iki-üç ciddi kitab oxumaq, iki-üç ciddi filmə baxmaq lazımdır. Təsəvvür edin, aktyor, əməkdar artist açıqca deyir ki, Tarkovskini tanımıram. Nə deyəsən? Gündə əlli şəkil paylaşdığın o telefonda “google” xidməti var. Ora Tarkovski yaz, bax gör kimdir də? Bunudamı ağlın kəsmir? Axı filmə çəkilən bir aktyorun Tarkovskini tanımaması böyük eyibdir.

Hələ yazımızın qəhrəmanına baxın: Nadirə. Bir dəfə yazar dostumuz Kəramət Böyükçöl onunla verilişdə qonaq olur. Fasilə zamanı Nadir Kəramətdən soruşur ki, sən kimsən? Kəramətdə halını pozmadan cavab verir: “İsa Muğanna.” Gülməyin hələ. Çünki əsl gülüş Nadirin cavabındadır: “Adını eşitmişəm!”

Bu da bizim əjdaha!

Bu qafa bir evdə, dörd divarın arasında, lap belə şadlıq evində o qədər təhlükəli deyil, efirdə çox təhlükəlidir. Koronavirusdan da təhlükəli...

Belə adamlara seksist olma desən, elə bilərlər söyüş söyürsən.

Deyirəm, yazının başlığına “Seksist Nadir Qafarzadə” ifadəsini çıxarım, dəli olsun və mənim sayəmdə gedib bu termini öyrənsin.

# 9926 dəfə oxunub

Oxşar xəbərlər

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

17:32 6 aprel 2026
Yalçın Küçük vəfat etdi

Yalçın Küçük vəfat etdi

16:27 6 aprel 2026
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

15:53 6 aprel 2026
"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

15:00 6 aprel 2026
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

14:30 6 aprel 2026
Paradiqma.az saytı təsis olundu

Paradiqma.az saytı təsis olundu

14:27 6 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər