news-inner
clock14:58 calendar-gray 27 Fevral 2020 view-gray1454 dəfə oxunub
view-gray1454 dəfə oxunub

İçərisindəki “Microsoft”u təzələməlidir - Yazıçılar Cavid Zeynallının hekayəsindən danışdılar

Bu günlərdə gənc yazıçı Cavid Zeynallının yeni yayımlanan “Tarix müəlliminin kədəri” hekayəsi oxucular arasında müəyyən qədər maraq doğurdu. Saytımızda yayımlanan gənc yazar Müşfiq Şükürlünün hekayə haqda yazdığı sərt tənqidi yazısını da nəzərə alaraq, qələm adamlarının hekayə haqda təəssüratlarını öyrəndik. Cavabları təqdim edirik.

Cavanşir Yusifli

Gallery

- Adi, normal hekayədir, dili, ideyası, strukturu normaldır. Burda bir məqam var: hər bir əhvalatı, hadisəni, düşüncə axınını bədiiləşdirən, gerçəklikdən ayırıb onu realla irreal (utopik) gerçəklik arasına yerləşdirən bir nəsnə - sirr... Cavidin hekayəsində də müəyyən dərəcədə ifadə olunub. İnsan xarakteri, dayanmadan danışdığı nəsnələr iki obrazın qarşıdurması və ya paralelləşməsi sayəsində gerçəkləşir. Hekayələr var, narrativ mətnlər var, içindəki sirr oxucunu rahat buraxmır. Bu hekayədə qəhrəmanlarla bağlı həmin nəsnə - sirr elə bil çox üzdədir, ona görə də insana toxunsa da onu dərindən maraqlandırmır. Bizim nəsrdə, xüsusən indinin gənc və digər kateqoriyalı nasirlərində bu hal - kəsir qabarıq görsənir.

Etimad Başkeçid

Gallery

- Hekayəni hələ oxumamışam, mütləq oxuyacam. Cavid sənətkar adamdır, onun kitabının redaktoru olmuşam, bilirəm. O, “pis” yazmağı bacarmır.

Şərif Ağayar

Gallery

- Cavid Zeynallı ənənəvi nəsrdə hamıdan seçilən, cümləni az qala ideal şəkildə gözəl yazan, onu asanlıqla mətnə çevirən əsl yazıçıdır. Sizə deyim, ənənədə yazmaq çox çətindir. Çünki bu üslubda çoxu yazıb və yazmaqda davam edir. Gedilən yolda iz qoymaq zarafat deyil. Cavid burda iz qoyur, di gəl, iz izə qarışıb görünməyə bilər. Ona görə, sual olunur: belə yazmağa dəyərmi? Cavabım budur: kimsə yaza bilər, Cavid yazmamalıdır! Çünki o, bu mərhələni keçib artıq, leveli dəyişməlidir. O, indi çağdaş Azərbaycan nasirinin qarşısında duran ən böyük problemi həll etməyə girişməlidir. Yeni intonasiya tapmaq! Məncə, türk yazarları bunu bacarıblar. Bizdə pərakəndə halda olsa da, bütövlükdə yeni nəsr ahəngi formalaşmayıb. Bu gerçəklik kinomuza da, seriallarımıza da, hətta teatrımıza da mənfi təsirini göstərir. Ən vacib səbəb isə istedadlı adamların ədəbiyyatla dolana, bütün enerjisini bu sahəyə qoya bilməməsidir. Ədəbiyyata ayrılan pullar dələduzların əlindədir və Cavid kimi istedadlı adamlar sadəcə çörəkpulu qazanmaqdan vaxt-zaman oğurlayıb nəsə yazırlar. Onun bu günlərdə Azər Paşa Nemət haqqında yazmağa məcbur qaldığı bir məqaləni oxudum, inanın, az qaldım ağlayam. O cür yazıdan sonra bu hekayəyə min şükür! Bunu bacarırsa, böyük adamdır. Ona səbir, güc-qüvvət və ən vacibi sağlam mühit arzu edirəm. Məncə, belə bir imkan olsa Cavid super mətnlər yazacaq. Onda bu potensial hamıdan çoxdur.

Əyyub Qiyas

Gallery

- Ümumiyyətlə, yaxşı müşahidələr var hekayədə, reallıqla yazıçı fantaziyasının sintezidir, inandığım, kövrəldiyim və inanmadığım yerlər var, amma uğurlu hekayədir. Final maraqlıdır. Rəşad Məcidin uğurlu təqdimatı hekayəyə diqqəti daha da artırdı. Zövqlər müxtəlifdir, bəyənən də, bəyənməyən də öz həqiqətinə söykənir. Cavidə uğurlar arzulayıram. Və, kaş hər bir uğurlu yazı belə təqdim olunsun.

Aqşin Yenisey

Gallery

- Hələ vaxt edib oxumamışam. Ancaq bilirəm ki, Cavid Zeynallı bizim xəlqilik ruhunda yazılan ənənəvi hekayənin layiqli davamçılarından biridir.

Mirmehdi Ağaoğlu

Gallery

- Hekayənin dili, üslubu barəsində Cavidə söz demək günah olar. Strukturu, təhkiyəsi də gözəldir. Müəllifin hadisəyə baxış bucağı da təqdirəlayiqdir, oxucunu cəlb etməyi bacarır. Sadəcə hekayədə bəyənmədiyim cəhət odur ki, müəllif təzədən velosiped kəşf etməyə çalışır. İnternet əsrində, artıq smart telefonların belə sıradan çıxmağa üz tutduqları bir dövrdə yenidən televizor kəşf etməyə nə ehtiyac var? Mənə elə gəlir ki, Cavidin hekayəsi də velosiped, televizor kəşf etmək cəhdidir. Ədəbiyyatımızda elə müəllim obrazları var ki, məsələn, “Bizim Cəbiş müəllim”in baş qəhrəmanı, Əkrəm Əylislinin müəllim obrazları Cavidin Rəşid müəllimindən daha diri, aktualdır. Cəbiş müəllim öz dövrünə daha adekvat müəllim obrazıdır, nəinki Cavidin yaratdığı müəllim. Hansı müəllimə oxusan gülər bu obraza. Yəni, bəyənməz, qəbul etməz. Cavid idillik müəllim obrazı yaradıb. Müəllim quzunu, keçini, toyuğu, dağı, çəməni, meşəni salamlaya-salamlaya gəlir evə. Bunun heçmi problemi yoxdur?! Müşfiqin də tənqidini oxudum. Tənqidin dozasını çox edib. Tərzini düzgün seçməyib. Ümumi olaraq Cavidin hekayəsi dil baxımından çox müdhişdir. Sadəcə kifayət qədər köhnəlmiş mövzu seçib, o qədər.

Narıngül Nadir

Gallery

- Cavid Zeynallı istedadlı yazıçıdır, oxuduğum, izlədiyim imzadır. “Tarix müəlliminin kədəri” hekayəsi də maraqlı gəldi mənə. Hiss olunur ki, müəllif kənd həyatını, kənd insanının psixologiyasını, kəndin ruhunu gözəl bilir.

Dil, təhkiyə, hadisələr müəllif yanaşması xoşuma gəldi. Hekayədəki Rəşid müəllim obrazı dolğun obrazdır, canlıdır. Amma Zəminə müəllimə obrazı sovet ideologiyasını yaratdığı müəllimə obrazını xatırlatdı mənə... Ümumiyyətlə, mənə elə gəlir ki, hekayə başqa xətlə davam etməliydi. Müəllif hadisəçiliyə getməyə də bilərdi.

Bütün bunlara rəğmən ən əsası budur ki, hekayə maraqla oxunur.

Alpay Azər

Gallery

- Cavidin bu hekayəsi bəzi dostların dediyi kimi, qeyri-adi də deyil, amma gənc istedadlı yazıçı Müşfiq Şükürlünün tənqid etdiyi qədər də dəyərsiz deyil. Cavid Zeynallı bir tərəfdən, vicdan hissi olan, vicdan əzabı çəkən kənd müəllimi obrazı yaratmaq istəyib, məncə, buna nail ola bilib. O biri tərəfdən, novella kimi sonluğu gözlənilməz etmək istəyib, bu məqamda hekayə mənə hədsiz qurma gəldi. Hərçənd, bilirik ki, nəsrdə süjet qurma, uğurlu sonluq tapmaq əsas şərtlərdən biridir. Amma qurma gözə çarpanda, bu, bir qədər süni görünür. Məsələn, mənə onun “Coğrafiya müəllimin pencəyi” hekayəsi daha uğurlu gəlmişdi, o hekayədəki detallar daha cəlbedici idi. Yeri gəlmişkən, bu hekayəsində Cavid bədii dil məsələsində ifrata varmayıb, hər şey normasındadır. Bir sözlə, Cavidin bu hekayəsi əla da olmasa, yaxşıdır.

Alik Əlioğlu

Gallery

- Ümumiyyətlə, kənd həyatını sevdiyim üçün, hekayənin ümumi ab-havası mənə çox xoş gəldi. Yaxşı təsvir eləyib. Rəşad Məcid yazmışdı və haqlı idi ki, dili çox axıcıdır. Məncə, bədii mətndə sonluq böyük əhəmiyyət kəsb edir. Sonunu yaza bilmədinsə, demək ki, mətn alınmadı. Cavidin hekayəsi alınıb. Təbrik edirəm.

İlham Əziz

Gallery

- Cavid Zeynallının “Tarix müəlliminin kədəri” hekayəsi klassik üslubda yazılmış, realist əsərdi. Hekayənin dili, ahəngi bir-birini tamamlayır. Hekayəni oxuyarkən mənə elə gəldi ki, Cavid iki böyük yazıçımız Əkrəm Əylisli və Kamal Abdulladan təsirlənib və bu da təbiidir. Mövzu köhnə olsa da təhkiyə axıcıdır. Hekayədə metafora, göndərmə yoxdur. Hekayə “kəndə tökülən sürünün tozanağı” kimi klassik nəsrimizin tozanağıdır.

Fərid Hüseyn

Gallery

- Cavid qəhrəman yarada bilir, atmosferi də pis alındırmır, amma köhnə təhkiyə, nostaljiyə yerli-yersiz köklənmələr, obrazların hamısını “köhnə”, ahıl görkəmində təqdim etmələr şəxsən mənim üçün darıxdırıcıdır. O cür qəhrəman tipi keçmişdə qalıb. Cavid sanki qəhrəmanları ilə birgə bizdən çox arxadadır, mən bilmirəm ki, onlarla “yaşamaq” Cavid üçün niyə bu qədər maraqlıdır. Axı onlar Cavidə bir yazıçı kimi rəğbət və maraq yaratmırlar. “Kölgəsini qabağına qatıb yeriyirdi” kimi kiflənmiş, həm at, həm eşşək yerinə “minilmiş” ifadələrdən yaxa qurtarmağın vaxtı çoxdan çatıb. Cavid içərisindəki “microsoft”u təzələməlidir ki, yeni yazı qaydaları ilə bizi sevindirsin.

Rəvan Cavid

Gallery

- Sona qədər oxuya bilmədim. Sovet dövründə yazılmış çox sıradan hekayələrə bənzədi. Cavidin müəllim obrazları bu günün obrazları deyil. Cəbiş müəllimin proyeksiyasıdı. Dil də köhnə idi, mövzu da. Müşahidə elədiyimiz hər hadisəni yazmırıq təbii ki. Bizə mətn kimi qayıdan, bizi az da olsa sarsan, təəccübləndirən, xatırladığımız şeyləri yazırıq. Bu mənada Cavidi hadisə kimi təəccübləndirən, ona mətn kimi qayıdan hadisələr bu günün oxucusu üçün deyil. Köhnə adamları, sovetin melanxoliyasını yaşayan adamları sevindirə bilər bu mətnlər.

Təsvirlər, hadisə quruculuğu isə 60-lar nəslinin qələmindən çıxanlardır.

news-inner-user

15844 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020
Aktyor ölümlə təhdid olunur
14:17 15 İyul 2020
Facebookda müharibə aparanlar – Oğuz yazır...
13:25 15 İyul 2020
Anar müharibədən danışdı: “Ziyalı sözünə ehtiyac var”
12:46 15 İyul 2020
Məşhur aktyor koronovirusdan vəfat etdi
12:13 15 İyul 2020
Azərbaycanlı şairdən yeni qələbə marşı – Mətn
11:31 15 İyul 2020
Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib
10:58 15 İyul 2020
Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir
10:14 15 İyul 2020
XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
10:01 15 İyul 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
09:00 15 İyul 2020
Sorrentino Maradona haqda film çəkir
18:52 14 İyul 2020
İtkin düşən aktrisanın cəsədi tapıldı
18:12 14 İyul 2020
Etimad Başkeçidin səs-küylü hekayəsi: Veyil dərəsi
17:33 14 İyul 2020
Adını duaya çevirib Tanrıya pıçıldamaq...
16:52 14 İyul 2020
Məşhur aktyor koronavirusdan öldü
16:21 14 İyul 2020
Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
15:39 14 İyul 2020
Con Travoltaya ağır itki
15:00 14 İyul 2020
Türkiyəli yazıçı vəfat etdi
14:21 14 İyul 2020