İcazəsiz azan - Hekayə

İcazəsiz azan - Hekayə
5 fevral 2020
# 17:20

Kulis.az Orxan Gülalının “İcazəsiz azan” hekayəsini təqdim edir.

Bayram kişi dörd gün qeyri-iş günü olmasından istifadə edərək ailəsini başına yığıb Gədəbəyin dağlıq və ən böyük kəndlərindən birinə yeni qohumlarını həm ziyarət, həm də bir neçə gün dağ havasında istirahət etmək üçün Bakıdan yola düşür.

Bayram yolboyu Gədəbəydə görüşəcəyi yeni qohumlarının yanında özünü necə aparacağı barədə fikirləşirdi. Oğluna elçi gedəndə özünü dindar kimi tanıtmış, namaz qılıb oruc tutmağından fəxrlə danışmış din əhli olmağını xüsusi üstünlük kimi vurğulamışdı. Ona görə qudaları ilə növbəti görüşündə onlarda yaratdığı ilk təəssüratı öz hərəkətləri ilə təsdiqləməli, özünü onlara hörmətli, təcrübəli, el ağsaqqalı kimi tanıtmalı, süfrənin başında oturmağa layiq biri kimi yerini möhkəmləndirməli olduğunu düşünürdü. Lakin Bayramın arvadı, oğlu, qızı onun əvvəllər içki düşkünü olduğunu hər gün içdiyini, məhz Bayramın valideynlərinin və ailəsinin təkidi ilə ona ikinci dəfə tövbə etdirərək spirtli içki içməyinin qarşısını aldıqlarını unutmamışdılar. Bayram isə o vaxtdan sonra nəinki içməmiş hətta daha da irəli gedərək namaz qılmağa, oruc tutmağa başlamışdı. Sonralar ailəsi Bayramın bitmək bilməyən dini söhbətlərindən, daim onların günahkar olmaqlarından danışmağına, hər xırda məsələni dinlə əlaqələndirdiyinə baxmayaraq ona irad tutmur “təki içməsin” təsəllisi ilə onun dediklərini qulaq ardına vuraraq onu yola vermişdilər. Onlar Bayramı ciddiyə almasalar da o dinin bütün tələblərini yerinə yetirməyə çalışır, tez-tez məscidə gedir, moizələrə qulaq asır, dini kitablar oxuyurdu. Bayram kişi dinə qoşulandan sonra ona elə gəlirdi Azərbaycanda həmişə din belə məşhur olub dindarlar isə hörmət sahibi, dürüstlük simvolu kimi tanınıb. O sərxoş olduğundan bütün bunlardan xəbərsiz qaldığını düşünür və haqq yoluna gəldiyi üçün sevinirdi. Lakin bir çox azərbaycanlılar kimi onunda Sovet Birliyinin dağılması ilə bakirə Azərbaycana soxulmağa başlayan dini təriqətlərdən, cərəyanlardan xəbəri yox idi.

O içkinin sərxoşluğundan ayılıb dinin şərxoşluğuna daxil olmuşdu. Belə sərxoşluq vəziyyətində heç vaxt görmədiyi hörmət və inam onun xoşuna gəlir ona görə də daha dərinlərə baş vururdu. Dinin xırdalıqlarına vardığına görə arvadı Lumu bir neçə dəfə onu qınamış, iradəsinin zəifliyi ilə günahlandırmışdı. Hamının dindən fantastik rəvayətlər hekayələr danışmağa başladığı bir ortamda Bayram yolunu azmış özünü itirmişdi. Bir dəfə Bayram kişi Lumuya başının bağlamağını təklif edəndə Lumu qızışıb ona ürəyini boşaltmışdı:

“Sən nəyə baş qoşursan onun aludəçisi olursan? Heç nəyin həddini bilmirsən iradən çox zəifdi. Nə araq içəndə həddini bildin nə də dinə girişəndə. Belə söhbətləri yığışdır bu iradların bu sözlərinlə hamımızı bezdirirsən. O dünyada sən mənim yerimə cavab verməyəcəksən məndə sənin yerinə. Sən öz işinlə məşğul ol! Mənim başımı bağlamaq fikrim yoxdu. Nə də Günayı buna məcbur eləmə özün nə bilirsən necə istəyirsən elə də et” demişdi.

Bayram isə təmkinlə: “Bunu sənə, Günaya, öz yaxınlarıma demək mənim borcumdu. Mən öz borcumu yerinə yetirirəm” deyib geri addım atırdı.

Ailəsinin onu bir o qədər də ciddiyə almadığını şüuraltı başa düşən Bayram bu təbliğatını başqalarına - yanına saçını qırxdırmaq üçün gələn insanlarla aparmağa başlamışdı. Cümə günü xütbələrində Bayram kimilərinə tapşırırdılar ki, müzakirə olunan mövzuları, danışılan söhbətləri başqalarına da yayın ki, daha çox savab qazanasınız. Bayramda bərbərliyindən istifadə edib qırxdığı başların həmdə içini doldurmağa çalışırdı.

Bayramın ailəsi Gədəbəyli yeni qohumlarının həyətinə daxil olan kimi onları kababın buğlamanın iyi və samovardan manqaldan çıxan tüstü qarşıladı. Ev sahibi - quda Hikmət və onun həyat yoldaşı Səmayə onlarla mehribanlıqla görüşüb qonaqları bağda ağacların arasında açılmış çay süfrəsinə apardılar. Ciyərləri şəhərin çirklənmiş havasına öyrəşmiş qonaqlar Kiçik Qafqaz dağlarının ətəklərində yerləşən kəndin təmiz, təravətli, üzərinə şeh düşmüş çiçək və otun ətri dolu havanı ciyərlərinə çəkib samovar çayının keyfini çıxarırdılar. Çay içəndən dərhal sonra süfrədə oturan bütün qadınlar Lumu və onun qızı Günay belə çaya aid hər şeyi yığışdırıb, süfrəni ətirli kənd nemətləri ilə doldurdular. Pendir, şor, göyərti, pomidor, xiyar, təndir çörəyi, ocaqda bişmiş buğlama, kabab və nəhayət evdə çəkilmiş tut arağı. Lumu tut arağını süfrəyə gətirilən görəndə yenə də Bayramın məclisə və süfrəyə aid olmayan günah və onun bunu deməyə borclu olması ilə bağlı uzun mənasız nitqini söyləyəcəyini düşündü. Bayram isə özlüyündə gözdən könüldən uzaq bu dağ kəndinin sülh, əmin, xoşbəxt yaşayan sakinlərini birdən-birə ürkütməmək və öz təbiğatını tədricən və təmkinlə aparmaq qərarına gəlmişdi. Süfrədə oturan Bayramdan başqa bütün kişilər hətta Bayramın indiyə qədər bütün nəsihətlərinə baxmayaraq oğlu belə qayınatasına xoş görünmək üçün tut arağından daddı. Bayram isə daha çox kənddə təbii gübrəsiz yetişən pomidor xiyardan, şordan pendirdən dadlı yeməklərdən yeyib allahın nemətlərini, və allahın onları insanlar üçün yaratdığını deyib allahı vəsf edirdi. Yeməkdən sonra yenidən samovar çayı içib ev sahibləri qonaqları dağ ətəyində yerləşən gözəl təbiət mənzərəli kəndin içini gəzməyə onları kəndlə tanış eləməyə apardılar. Gədəbəyin ən böyük kəndinin yaxınlığında yerləşən meşədəki bulağın buz kimi suyundan növbə ilə içib hamısı Bayramın allahın insanlar üçün nələr yaratdığını möcüzəvi şəkildə danışmağını qulaq ardı edib yollarına davam etdilər. Kəndin içində köhnə uçulub dağılmış balaca məscidi görəndə Bayramın çiçəyi çırtdadı. O, Hikmət kişinin məscidin işləmədiyini baxımsız olduğunu dinləməyib məscidə tərəf getdi. Məscidin daş divarına söykənib balaca taxta oturacağa oturmuş kişinin yanına yaxınlaşıb onunla söhbətləşməyə başladı. Söhbət etməyə Bayramın həvəsli olduğu qədərdə üz-gözünü tük basmış, səliqəsiz geyinmiş yaşlı kişi həvəssiz görünürdü. Lumu özünü qudası ilə söhbət edirmiş kimi göstərsədə bütün fikri Bayramda idi. Onun nəsə pis bir iş tutacağından qorxur həyacanlanırdı. Bayramın qoca kişi ilə məscidə daxil olduğunu görən Lumu Səmayənin sözünü kəsib o kişinin kim olduğunu onların niyə məscidə daxil olduğunu soruşdu.

O kişi kəndin mollasıdı. Həmişə məscidin qabağında oturur. Məscidə isə burda gedən olmur tək-tük kimsə ayda birdəfə ya gedər ya da getməz. Bizim kişilər dağ adamıdırlar onlar daha çox çəkilmə arağa meyillidirlər. Qadınlarınsa işləməkdən dinlə məşğul olmağa vaxtı olmur deyib - Səmayə güldü.

Bir az keçəndən sonra Bayramın həmin kişi ilə məsciddən gülərüz çıxdığını görüb Lumu da arxayınlıqla güldü. Sonra Hikmət qudalarına məscidlə üz-üzə yeni tikilmiş bir mərtəbəli tikilini göstərib buranın həm kəndin icra nümayəndəliyinin həm iki polis işçisinin oturduğu, həm də kənd bələdiyyəsinin yerləşdiyi binadır. Onlar axşamda eyni qaydada yeyib içib bir az söhbətləşib yatmağa getdilər. Lumu Bayramın bu gün özünü çox yaxşı apardığını onları utandıracaq rüsvay edəcək bir şey etmədiyinə görə sevindi. Yəqin evdə tapşırdıqlarının təsiri olduğunu düşünüb yuxuya getdi.

Kənddə hələ bir dənə də olsun xoruz banlamamış Bayram səhər yuxudan hamıdan əvvəl oyanıb dəstəmaz alıb evi tərk elədi. O kəndin bərkimiş torpaq yolları ilə addımlayıb məscid olan mərkəzi hissəsinə çatdı. Dünənki kişi məscidin qabağında elə həmin yerində oturmuşdu. Bayramı görcək gülümsünüb başını yellədi. Bayram onun yanından keçib məscidin qapısı arasından gözdən itdi. Bir neçə dəqiqə keçməmiş minbərdən qulaq batıran uzun fit səsi gəldi. Əks səda bütün kəndə yayıldı. İtlər hürüşməyə xoruzlar banlamağa qoyunlar mələşməyə başladı. Yuxulu kənd bir-birinə dəydi. Heyvanların səy-küyünə oyanan bəziləri zəlzələ olduğunu düşündü. Heyvanların səsinə yuxadan oyanan Lumu Bayramı görməyəndə onun dəstəmaz almağa getdiyini fikirləşdi. Elə bu vaxt Bayramın cingiltili səsi bütün kəndə yayıldı Lumu yerinin içində donub qaldı. “Kül sənin başına ay Bayram” deyə bildi. Növbəti qulaqbatıran fit səsindən sonra Bayramın səsi yenidən kəndə yayıldı. Qəfildən meydanda peyda olan yuxulu çaş-baş polis məscidin minbərinə birdə həmişəki yerində oturan gülümsəyən qocaya baxırdı. Polis qocaya yaxınlaşıb onunla nəsə danışdı. Bayramın səsi bu dəfə polisin qulağını cingildətdi. Polis dərhal məscidin binasına daxil oldu. Bayramın növbəti boğazı yarıda qaldı, qəfil səsi kəsildi. Qulaq cingildədən fit səsindən sonra xışıltı anlaşılmayan sözlər və sükut. Meydana yaxın olan 5-10 kənd camaatı yarıyuxulu ora toplaşmağa başlamışdı. Nə baş verdiyini anlamayanlar digərlərini sorğu-suala tutmuşdular. Məscidin köhnə qapısı açıldı qoluna polis girmiş Bayram vurnuxub onun əlindən azad olmağa çalışırdı. O Bayramı məscidə daxil olaraq icazəsiz azan verdiyinə görə yeni tikilmiş çoxfunksiyalı dövlət binasının indiyə qədər heç kimin girmədiyi bəlkə bundan sonra da heç kəsin girməyəcəyi birotaqlı müvəqqəti saxlama təcridxanasına salıb qapını kilidlədi.

# 4305 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #