news-inner
clock13:42 calendar-gray 27 Yanvar 2020 view-gray684 dəfə oxunub
view-gray684 dəfə oxunub

Bətnindən meyvə dərsən... - Fərid Hüseyndən yeni şeirlər

Kulis.az Fərid Hüseynin yeni şeirlərini təqdim edir.


Xivə dəftəri

Gün gəlir döyüş meydanları
bayram meydanlarına çevrilir.
Bir zaman qan gölməçələnən yerlərdə,
indi döyüşçü suvenirləri satılır.
Görünür, keçmişin vəzifəsi həm də
olanları gözümüzdə kiçiltməkdi, -
indinin aləmində bəzi qəhrəmanları
oyuncaq nəzərində görməkdi.
İnsanın unutqanlığı bəzən onun ədalətidi -
bu günlə yaşamaq
bir az da dünənin günahından keçməkdi.
Xətalarının ipək yollarını
uşaq qarışlarıyla ölçməkdi.

Keçmiş duza qoyulmuş qırmanc zəbəsiylə
oyaq saxlayır ağrılarımızı.
Günəş hər səhər doğulanda
əcəl dumanında itirir adımızı,
amma elə ki göylərdən köç təbili çalınır,
onda zülmət kürəyimizdən itələyir,
sanalı günün sonuncusu yeriyir irəli,
axmaqda olan bir ulduz nişan verir
axır nəfəsimizin yerini.

Tarix xatırladır ki,
hökmdarların dəyişməz şakərlərindəndir
hündürdən baxmaq:
o yerdən ki, ordan baxanda
adamların tələsdiyi mənzillər görünmür.
O yerdən ki, ordan baxanda
gəmilər ilan kimi sürünür,
qəbiristanlıqlar çaylaq yerini xatırladır...
Ordan baxanda hamının axırı naməlum,
hər kəsin işi yarımçıq qalır.
Bu tamaşasa uzandıqca uzanır -
o vaxtacan ki,
zülmət sonucu işığı da məzlumların əlindən alır.
Və onda şəhəri əlinin içində görən kəs
dişini-dişinə sıxaraq ovcunu yumur.

İndi addım səsləri calanan daşlı yollarda,
bir-birinə qarışır bağlanan dükan qapılarının səsi,
toranlıqda hündür qalaların dibinə qısılır işıq,
divar boyu göyə dırmanır zülmətin qara qanı

Göz yaşları tökülür göy üzünün əlindən,
Çarın xana bağışladığı karetdə keçmişin silueti keçir,
bağlı dükanlardakı saatların tıqqıltısı önündən.

Burda hər şey bir qismət dəvəsinin belindədir,
o əyilsə torpağa, -
qalxsa göyə yaxınlaşacaq hər şey.
Başının dincliyini istəyənlər,
xanın papağını həmişə mıxda görmək istəyir,
Üstündə ədalət tərəzisinin şəkli çəkilmiş köynəklərsə
zivədə zillət küləyindən “titrəyir”.

Ey başını göylərin ayağına qoyan bürclər,
sütunları ibadətlərə dayaqlanmış məscidlər,
qəhrəmanların təkidi ilə ucalan minarələr,
bizim zamanlarda əməli qəhrəmanlığa yer qalmadı,
ona görə də hərəmiz bir cür dil pəhləvanı olduq,
onurğamızı sındıranların önündə hazırcavaba döndük,
icazəli iplər üzərində kəndirbazlara çevrildik.

Çox şey məhv olur,
bircə paltarlarımızın yaxasından başqa
və hər kəs təmiz pambıqdan,
yumşaq ipəkdən
ən gözəl yaxalığını asıb gedir Qiyamət zivəsinə.
Ki, orda bir cüt əl gec-tez yapışar o yaxadan.
Şirin tikə ağuya,
həzlərə ağrıya
çilçıraqlar işıq iynələrinə çevrilib
batar canımıza,
Allah sonuncu hədiyyəsini
hər kəsi razı salacaq bir günü -
Qiyaməti bağışlayar dünyaya.

Yalan bayramı

Sən günəşi yalan
şirinçayı yalan,
səhər yeməyi yalan,
səhərdirsə, yalanın xeyir,
axşamdısa, yalanın xeyir,
qonağım olsan - Yalan, xoş gəlmisən,
yol görünsə, - salamat qal, Yalan.

Öz adını oğurlayıblar,
kim yalan desə çevrilib baxırsan.
Doğru sözləri zülmlə höccələmə,
səni rahat başa düşürlər -
axı əzəldən yalan dilində danışırsan.

Qızlıq soyadın Yalan,
"ərlik soyadı"n Yalan,
getməz yuduğun paltarlardan yalan ləkəsi,
çəkilməz ayağın dəyən yerdən yalan qoxusu.

Üç tərəfdən hücum çəksələr
qaçacağın dördüncü tərəf - yalan.
Özünü ovutmağa bir şey axtarsan
tapacağın səbəb - yalan.

Sözlərin isladılmış pambıqdı - çəkisi yalan.
İçəridən qırışır paltarların - ütüsü yalan.

Səni ağzından alov püskürən bu diyara
yola salandadır günah,
arxanca atılan su da yalan
Sabah tamam başqa şeylər istəyəcəksən Allahdan,
bugünkü duaların yalan.

Elə bilirsən ovcunda gizlətdiyindən xəbərsizəm?
Açacaqsan - yalan.
"Yol adlamaq deyil ömür yaşamaq" -
o tərəfə keçəcəksən - yalan.

Qanına qarışan dərdin
zilləti yalan.
sənə nə yaxşılıq etsələr -
fəziləti yalan.

Bir şeyi sonradan anlasan -
barmağını dişləməyin yalan.
Hiylə zənciriylə bağlıdır qolların -
nəyinsə naminə işləməyin yalan.

Qaranlıq gələn tərəfə çevirsən üzünü, -
işığın yalan,
Bətnindən meyvə dərsən, -
uşağın yalan.

Axşamçağı darıxsan -
bürkün yalan.
Nə toxusan ilməsi qaçır -
hörgün yalan.

Peşmanlığın məşuqə yanağıdı, -
allığıını tez itirən -
ənlik-kirşanın yalan.
Bu gün dilədiyini sabah qarğıyırsan -
hicranın yalan.

Yalanlarından çox yazmaq olar -
oxşar fikirləri uzadıb.
"Dəyişmə, qurbanın olum, dəyişmə"
"Allah bizi sədaqətindən yaradıb".

“Ədəbiyyat qəzeti”

Allah bizi sədaqətindən yaradıb... - Fərid Hüseyn - şeirlər

news-inner-user

16484 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020