Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək

Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24 yanvar 2020
# 16:25

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək.

Kulis.azın verdiyi xəbərə görə, həmin gün sənətkara həsr olunan “Dəli yığıncağı” tamaşası nümayiş olunacaq və fotoşəkillərdən ibarət sərgi keçiriləcəkdir.

Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət Mükafatı laureatı Səməndər Rzayev 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində aktyorluqla məşğul olmuş, 1964-1968-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olmuşdur.

1968-ci ildə institutun son kursunda oxuyarkən baş rejissor Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına qəbul edilən S.Rzayevin ilk rolu “Hamlet” (U.Şekspir) tamaşasında Horatsio olmuşdur.

Azərbaycan Dövlət Radiosunun “Bulaq” folklor toplusunun Bulaq dədəsi kimi məşhurlaşan aktyor teatrda Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Fazil Küleyni (“Dəli yığıncağı”, C.Məmmədquluzadə), Xacə Nizam, Knyaz, İbn Yəmin (“Xəyyam”, “Knyaz”, “İblis”, H.Cavid), Balaxan (“Aydın”, C.Cabbarlı), Vaqif (“Vaqif”, S.Vurğun), Əmir İnanc (“Qılınc və qələm”, M.S.Ordubadi), Qənimət, Muradov (“Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, İ.Əfəndiyev), İkinci Rəşad, Əmir (“İkinci səs”, “Fərhad”, B.Vahabzadə), Mazar bəy (“Közərən ocaqlar”, M.İbrahimov), Tərlan (“Sənsiz”, Ş.Qurbanov), Bəhram Zeynallı, Xudayar bəy (“Şəhərin yay günləri”, “Sizi deyib gəlmişəm”, Anar), Doqberi, Kaliban (“Heç nədən hay-küy”, “Fırtına”, U.Şekspir) və digər yaddaqalan obrazlar yaratmışdır.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Arxadan vurulan zərbə” (1977), “Babamızın babasının babası” (1981), “Ad günü” (film, 1977), “Babək” (1979), “Bağ mövsümü” (1985), “Bəyin oğurlanması” (1985), “Çarvadarların izi ilə” (1974), “Evlənmək istəyirəm” (1983), “Evləri köndələn yar” (1982), “Qatır Məmməd” (1974), “Qərib cinlər diyarında” (1977), “Qız qalası əfsanəsi” (1978), “Qızıl qaz” (1972), “Nəsimi” (1973), “Nizami” (1982), “O qızı tapın” (1970), “Od içində” (1978), “Ömrün ilk saatı” (1973), “Ömrün səhifələri” (1974), “Sarıköynəklə Valehin nağılı” (1980), “Tütək səsi” (1975), “Uşaqlığın son gecəsi” (1968) və digər filmlərdə çəkilmişdir.

2015-ci ildə Azərbaycan Televiziyasında çəkilən “Ömür payı. Səməndər Rzayev” sənədli filmi aktyorun 70 illik yubileyinə həsr olunub.

O, Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərinə görə 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, 1980-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

# 4769 dəfə oxunub

Oxşar xəbərlər

Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

14:00 12 avqust 2026
Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

12:30 12 avqust 2026
Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar  - O, hansı filmə  görə təzyiqlərə məruz qalmışdı?

Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar - O, hansı filmə görə təzyiqlərə məruz qalmışdı?

10:00 12 avqust 2026
Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

14:30 11 avqust 2026
Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

11:20 11 avqust 2026
Dünya kinosunun unudulmaz Zorrosu -  Antonio Banderasın 3 əfsanəvi rolu

Dünya kinosunun unudulmaz Zorrosu - Antonio Banderasın 3 əfsanəvi rolu

17:00 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər