Eşitmişəm eşqə düşmüsən? - Səmayənin özüylə müsahibəsi

Eşitmişəm eşqə düşmüsən? - Səmayənin özüylə müsahibəsi
22 yanvar 2020
# 16:49

Kulis.az Səmayə Bayramovanın “Özümlə müsahibə” yazısını təqdim edir.

- Salam, necəsən köhnə dost?

- Salam. Sən nə vaxt gəldin?

- Elə indi

- Buyur, nə lazımdı sənə?

- Adam dostunu belə qarşılayar? Hal-əhval tutmaz?

- Mən ki, sənə dost demədim! Həvəsim yoxdu sənlə danışmağa. Nə istəyirsən de, get.

- Uzun zamandı görüşmürük, danışmırıq. Səndən müsahibə almağa gəlmişəm.

- Ha-ha-ha! Müsahibə? Məndən? Məndən niyə? Sən nə vaxt jurnalist olmusan?

- Jurnalist deyiləm e, jurnalistlərin içində işləyirəm.

- Sən allah?! Nə vaxtdan? Axırıncı dəfə biz sənlə ayrılanda bəs müəllim idin?

- Əşşi bilirsən də hər şeyi. Atdım onu, başını buraxdım. Səbəbini də bilirsən... Özü də elə bil mən sənlə müsahibə etmək üçün gəlmişəm, sən məni sorğu-sual edirsən.

- Yaxşı day özündən çıxma. Yarana toxunmayım, sən də məni qurdalama get başımdan.

- Bax, sən danışmaq istəyirsən, mən isə yazmaq. Gəl razılaş...

- Kim dedi, danışmaq istəyirəm?! Mən sənə elə söz dedim?

- Deməsən də hiss edirəm. Danışmağa razı olmasan əl çəkməyəcəm. Həm danış bir az rahatla. Ağ adam az qala qaralmısan fikirdən!

- Sən də deyəsən yazmamaqdan qaralmısan. Gərək elə mütləq yazasan? Yazma da!

- Yox, Sən ki, məni tanıyırsan. Bu bir ehtiyacdı. Artıq 8 aydı klaviaturaya yazmaq üçün toxunmamışam. Elə bil, öyrəşmişəm. Yük hiss edirəm özümdə.

- Yaxşı! Görürəm əl çəkməyəcəksən. Ver suallarını amma qısa olsun.

- Əla! İlk sualım. Biz səninlə eyniyik, amma sən görürsən də məni həmişə şən və pozitivəm. Bəs sən niyə belə qaraqabaq olursan? Səni ən yaxın adamıma da təqdim etmirəm, qaramat yağır səndən. Ən xoşbəxt anında belə üzgün olursan.

- Birincisi bu, qaramat deyil, realistlikdi. İkincisi, mən sənin kimi ola bilmirəm. Xəyallar yorucudu. Bax, məsələn, sənin xəyalların olmasaydı, biz indi Bakıda olmazdıq. “İş quracam, iş quracam” deyib gəldin, Bakıya ortada da bir şey yox. Adi işçidən savayı bir şey deyilsən. Halbuki indi rayonda rahat müəllimliyini edə-edə geniş evdə, təmiz havada, stressiz həyat yaşayacaqdın. Gəlmisən Bakıya, məni də, özünü də rahatlıq iraq salmısan.

- Yorulmadın şikayətlənməkdən? Yaxşı, de görüm dərdin nədi? Nəyin dərdini çəkirsən? Bəlkə psixoloji problemlərin var?

-
Bilirsən, ümumi götürəndə, elə bir dərdim yoxdu. Dərdim yoxdu deyəndə ki, həyat onsuz da insanlara həmişə daşımağa yük verir. Yükünü qəbul edib daşıyanda o yük sənə yük kimi görünmür. Mən də qəbullanıb yaşayıram və yük kimi yanaşmıram həyatımdakı heç nəyə. Dərd çəkməyə gəlincə, mən ətrafın, cəmiyyətin dərdini çəkirəm. Əslində, onların da dərdini çəkmirəm. Danışa bilməməyin dərdini çəkirəm.

- Danış da! Sənə kim mane olur ki?!

- Mən danışsam, guya sən yayımlayacaqsan ki? Heç sən də yayımlamayacaqsan! Necə danışım? Kimə danışım? Hara danışım? Niyə danışım? Ümumiyyətlə, mənim danışmağım nə dərəcədə vacib və lazımdı? Nəyi düzəldəcək? Bu sualların hamısına mənfi cavablarım olduğu üçün necə deyərlər, “Susmaq lüks”ünü seçirəm.

- Gələcəyə dair planın nədir?

- Elə bir planım yoxdur. Sən imkan versən, sakit, huzurlu həyat istəyirəm. Uzağı özümü inkişaf etdirmək üçün dil bilgisinə yiyələnərəm...

- Yaxşı, görürəm səndən söz ala bilməyəcəm. Bir şey qaralamaq üçün axırıncı sualı da verim, sağollaşaq. Çox sual hazırlamışdım, amma auran məni də bürüdü, səndən qurtulmaq qərarına gəldim.

- Əla! Mən də sıxıldım sözün düzü! Axırıncı dəfə olsun!

- Aldığım məlumata görə, aşiq olmusan. De görüm, sevgi nədi? Eşq nədi sənin üçün, ümumiyyətlə?

- Ətin tökülsün! Aldığı məlumata görə e! Sən jurnalistlərin içində necə demişdin, işləyə-işləyə jurnalistlər kimi danışmağa başlamısan. Qaldı, sevgiyə və eşqə, onlar da digər hisslər kimidir. Şəxsi mövzuya gəlincə, ay belə sevirəm, elə sevirəm, nə bilim çiçək kimi, böcək kimi sevirəm deyə bilmərəm. Ümumiyyətlə, insanlar necə belə dərin və gözəl mövzuda bu qədər rahat danışa bilirlər anlamıram. Mən bu gözəlliyi danışmaqdan çox yaşamağı seçirəm. Bəs eləyir?

- Eləyir.

- O zaman sağlıqla qal!

# 2886 dəfə oxunub

Oxşar xəbərlər

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
Con Lennonun itmiş gitarası tapıldı

Con Lennonun itmiş gitarası tapıldı

15:00 25 aprel 2024
“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

14:30 25 aprel 2024
Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

14:00 25 aprel 2024
Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

13:48 25 aprel 2024
"Dedpul" filminin yeni treyleri - Video

"Dedpul" filminin yeni treyleri - Video

13:30 25 aprel 2024
#
#
# # #