news-inner
clock11:07 calendar-gray 17 Yanvar 2020 view-gray71414 dəfə oxunub
view-gray71414 dəfə oxunub

Şəhid ərinin dostu ilə ailə quran Pərişan – Günel Musa yazır...

Günlərdir məsələyə reaksiya verməmək üçün özümü çox sıxdım. Yaxamı nə qədər uzaq tutmağa çalışsam da, işin əndazədən çıxan gedişatı gəlib özü yaxamdan yapışdı. Səngimək bilməyən, getdikcə çirkinləşən bir deyişmənin şahidi oluruq. Şəhid anası və şəhidin keçmiş həyat yoldaşının bir-birinə qarşı səsləndirdiyi ittihamlar sosial şəbəkələrin gündəmini zəbt edib. İnsanları iki cəbhəyə bölən bu məsələdə hansı tərəfin haqlı olduğunu söyləmək çətindir.

Amma bu məsələnin qabardılmasında və ictimai müstəvidə dedi-qodu materialına çevrilməsində hər iki tərəfin səhvi var. Heç bir tərəf mal-mülk üstündə körüklənən bu alovun qığılcımlarının ən çox iki körpənin hisslərini qarsdığının fərqində deyil. Bu, elə həssas bir mövzudur ki, hər iki tərəf məsələni oturub birlikdə həll etməli idi. Amma görünən odur ki, tərəflər məsələnin ictimailəşməsi üçün əlindən gələni əsirgəmədi.

Bu gün şahidi olduğumuz bu vəziyyət əslində müharibənin insanların həyatını dolayı yollarla necə məhv etdiyinin bariz nümunəsidir. Çirkli və ədalətsiz müharibəyə cəlb olunmaq cəmiyyətin ədalət tərəzisinə də hökmən təsir edir.

Müharibə şəraitində yaşayan cəmiyyətlərdə həmişə şəhid ailəsinə münasibət müqəddəs olub. Şəhid qadınına qarşı olan bu həssaslığın və mühafizəkarlığın dini, irqi, milliyyəti yoxdur. Bütün coğrafiyalarda, istənilən dövrlərdə şəhid qadınının çiyinlərinə cəmiyyətin yüklədiyi bir yük olub. Bu yükü üsyan etmədən, səssiz-səmirsiz ömür boyu çəkən qadınlar da var, taleyinə üsyan edib alın yazısını yenidən yazmaq istəyənlər də. Elə bir situasiyadır ki, heç kimi qınamaq olmur. Nə yenidən ailə qurub həyata bir yerlərdən tutunub davam etmək istəyən Pərişan Əsədzadəni, nə də 4 ildir başından qara yaylığı açmayan, evini muzeyə çevirib oğlunun qoxusunu onun paltarlarından, şəkillərindən alan tənha ananı...

İsa Hüseynovun əsərləri əsasında çəkilən “Tütək səsi” filmini hamımız xatırlayırıq. Bu gün eyni taleyi yaşayan qadın və iki oğlan uşağı var. Müharibədə həlak olan ərinin dostu ilə evlənən qadına 60-70 il əvvəl də münasibət yaxşı deyildi, indi də dəyişən bir şey yoxdur. Görünür bu yazılmayan qanun heç vaxt dəyişməyəcək.

Əvvəldə də dediyim kimi, bu həssaslıq milli deyil, bəşəri bir həssaslıqdır. Məsələn, ABŞ-da İkinci dünya müharibəsi zamanı şəhid olan pilot Bellin həyat yoldaşı Peqqi Harri var. 20 yaşında dul qalan, bütün ömrü boyu atdığı addımları hesablayan bu qadın heç vaxt ailə həyatı qurmaq fikrini qəbul etməyib.

Alman yazıçısı Henrix Böll həyat yoldaşını müharibədə itirən dul qadınların tragediyasından bəhs edən “Kişisiz ev” romanında yüksək təhsilli və olduqca cazibədar qadın Nellanın həlak olan həyat yoldaşına sədaqətini çox həssaslıqla qələmə alıb. Həyatı özünə zəhər edən qadın müharibədən əvvəl əri ilə birlikdə yaşadığı günlərin xatirəsinə tutunaraq yaşamağa çalışır. Ərinin dostunun ona dəstək olmaq məqsədilə evlilik təklifini rədd edən Nella düşünür ki, o, heç vaxt yeni bir həyat qura bilməz. Buna onun mənəvi haqqı yoxdur. Yazıçı, əslində Nellanın timsalında şəhid qadınlarının yaşantılarını ümumiləşdirib.

Bir qadının gəncliyini ömür boyu həyatda olmayan bir adamın xatirəsinə həsr etməsi ədalətlidirmi deyə sual çıxır ortaya. Bu suala mənim cavabım “yox” olardı. Yenidən xoşbəxt olmaq istəyən bir qadına qarşı cəmiyyət bu qədər qəddar olmamalıdır. Amma şəxsən mənim başıma belə bir hadisə gələrsə, mən Nella kimi davranaram. Bu, tamamilə xarakter məsələsidir...

Atam müharibəyə gedəndə anam 24 yaşında idi. Dul qalanda isə 43 yaşında. Ərsiz qalan bir qadının hansı mənəvi çətinliklər yaşadığının yaxından şahidi olduğum üçün bir qadın kimi Pərişanı anlamağa çalışıram. Heç kimin bir qadının ikinci dəfə həyat qurmasını müzakirə obyektinə çevirməyə ixtiyarı yoxdur. Şəxsi qərarlara qarışmaq etikadan kənardır. Bir qadın kimi Pərişanın da həyatını yenidən qurmağa haqqı var. Amma Pərişan xanımın qəbul etməyə çəkindiyi, çəkindiyi üçün də üstünə yeridiyi həqiqət tamamilə başqadır.

O, ərə getdiyi üçün deyil, ərə gedəndən sonra da şəhid adından istifadə etdiyi üçün cəmiyyətin haqlı qəzəbinə tuş gəlib. Onun şəhid anasına qarşı hörmətsizlik etməsinə, başqa biri ilə ailə qurmasına rəğmən şəhid xanımı kimi ortalıqda dolaşmasına, şəhid qadını kimi müsahibələr verməsinə, bütün tədbirlərə, bələdiyyə və parlament seçkilərinə məhz şəhid xanımı kimi qatılmasına, şəhid üzərindən ucuz PR aparmasına haqq qazandırmaq olmur. Gəlin-qaynana münasibətlərini qarışdırıb bizə təqdim etməyə çalışdığı “həqiqət” isə onu daha da haqsız vəziyyətə salır. Sonuncu dəfə verdiyi açıqlamada isə fikirləri daha da qarışdırıb.

Bütün hirsini mətbuat nümayəndələrinin üstünə tökür, jurnalistləri şəhid ailəsinin şəxsi işlərini materiala çevirməkdə ittiham edir, bir tərəfdən də dil qəfəsə qoymur. Tez-tez övladlarının travma almasında cəmiyyəti günahlandıran xanımın atmalı olduğu ən doğru addım bir müddət sosial şəbəkələrdən uzaqlaşıb susqunluğunu qorumaqdır. Nəinki bir qovluq kağızla efir-efir, şəbəkə-şəbəkə dolaşmaq...

news-inner-user
Günel Musa

17 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı rəssamın əsərləri Moskvada təqdim edildi
12:03 22 Fevral 2020
Ukrayna və Azərbaycan ulduzları eyni səhnədə
11:04 22 Fevral 2020
Reanimasiyaya yerləşdirilən əməkdar artistdən xəbər var
10:08 22 Fevral 2020
Əsərlərini qanıyla paltarlarına yazan, dili kəsilən məşhur yazıçı
09:00 22 Fevral 2020
Göydən yenən şeirlər – Şərif Ağayar yazır...
21:01 21 Fevral 2020
Bakıda yeni Ədəbiyyatşünaslıq Mərkəzi açılıb
19:30 21 Fevral 2020
Manaf Ağayev polisə çağırıldı
18:53 21 Fevral 2020
“Beş manatlıq gəlin”in premyerası olacaq
18:21 21 Fevral 2020
Kimdir güclü qadın? – Sevinc Elsevər yazır...
17:41 21 Fevral 2020
“Müfəttiş” nümayiş olunacaq
17:00 21 Fevral 2020
Tramp "Oskar" alan filmi tənqid etdi
16:21 21 Fevral 2020
Los-Ancelesdə Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
15:39 21 Fevral 2020
Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi – Xalq artistindən maraqlı faktlar
14:58 21 Fevral 2020
Yaşar Bünyaddan yeni hekayələr kitabı
14:17 21 Fevral 2020
Xalq artistinin qardaşı vəfat edib
13:42 21 Fevral 2020
Alman musiqi qrupu azərbaycanlı yazıçı haqqında albom buraxıb - Video
13:06 21 Fevral 2020
Koronovirusun əlacını tapan qazaxlı - Qismət yazır...
12:30 21 Fevral 2020
Müslüm Maqomayevin həyatı serial oldu - Video
11:59 21 Fevral 2020
5 aya 250 kitab oxuyan uşağın sirri
11:29 21 Fevral 2020
Hüseyn Cavid Sibirə aparılanda ondan nə istəmişdi? - Abdulla Şaiqin evindən reportaj
10:57 21 Fevral 2020