Sirlərlə təhlükəli oyun - Kamal Abdullanın yeni romanı...

Sirlərlə təhlükəli oyun -  Kamal Abdullanın yeni romanı...
5 fevral 2020
# 16:01

Muncuq nə qədər qiymətli olsa da, sonda 5 quruşluq sapa ehtiyacı olur ki, kara gəlsin. Mətndə sap adlandırdığımız süjeti çağdaş intellektual nəsr nümayəndələri son halqa olaraq düşündüyü üçün, məsələ gərginləşir. Yüzlərlə qiymətli mətn – sapsız muncuq misalı xaotik şəkildə dığırlanır...

Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı sözügedən muncuqlarla zəngin mətndir. Romanda yetərincə sehrli risalələr sayrışır. Ən diqqət çəkən məqam isə müəllifin onları düzdüyü sapdır...

Romanın böyük hissəsi sevgili oxucunu süjet xətti baxımdan olduqca narahat edir; bir-birinə yad risalələr, bu risalələrin yaradıcısı olan – yeddi üfüq o üzdən boy verən Hacı Mir Həsən ağa Səyyah, yaddaşını itirərək sələfi və adaşına çevriləcəyini anons verən Həsən müəllim...

Romanın strukturu ilk baxışdan Pamukun “Qara kitab”ını xatırladır; sujet xəttini müşayiət edən köşə yazıları... (Yaxud köşə yazılarını izləyən qəhrəman) Çox güman ki, hər iki usta yazıçı bir sıra həmkarları kimi öncə risalələri (Pamukda köşə yazıları) yazıb, daha sonra bu qiymətli “muncuq”ları düzəcək sap axtarışına çıxıb.

Bu yerdə, insafən demək lazımdır ki, Kamal Abdullanın düşündüyü süjet xətti daha unikal və rahatdır. Çünki bu üsul həm romandakı risalələri hərəkətə gətirir, həm də ani olaraq romanın qayəsinə çevrilir:

Hacı Mir Həsən ağa Səyyah ömrünün ahıl çağında xeyli sirrin əlində rəncidə qalıb, ömrünün qürubudur, vərəqlərdə qalaqlanan bu sirləri sahmana salmalıdır. Şəffaf təpənin arxasında ilğım kimi sayrışan sehrbazların pıçıldadıqları ilə qonşu Həzrətqulunun sirrini iç-içə dürtmək, üst-üstə düzmək olmaz... Hələ sirri-əzəmi demirəm! Amma nə etməli? Bu işi başqasına saxlamaq olmaz, sahmana salmaq isə xeyli zaman istəyir. Bu an qoca Səyyahın ağlına görün, nə gəlir: “Bəlkə əsl səyahət elə budur, sirlərin bir-birinin içinə girməsi!”

Dahiyanə tapıntıdır. Romanın yarısına qədər orda-burda vuran bu nəbzlər – risalələr artıq ürək kimi eyni yerdə çırpınmağa başlayır. Risalələr mətnin tən yarısınadək açıq yara kimi sızlayır; qılınc ustası Averkiye Skilanın təbirincə desək, “hər yara da özbaşına vuran yeni ürəkdir”. Bu yaralar uzun müddət oxucunu həm də “yuxusuz” saxlayır. Sirlərin bir-birinin içinə doğru hərəkətindən sonra isə roman kompleksləşir.

Ardınca yeni problem boy verir:

sirlərin sərgüzəşti üçün şəkil nəticəsi

Hacı Mir Həsən ağa Səyyahın bu tapıntısının sehri elə bir müstəvidə, elə bir ahənglə səyahətə başlayır ki, ondan əsrlər sonra risalələri “Sirlərin sərgüzəşti” adıyla qələmə alan Kamal Abdullanın romanında da bir ayrı dinamika sərgiləyir.

Artıq romanda atoma müdaxilə edən Eynşteynin səksəkəsi, peşmanlığı, kəsilmiş başın simasına xəncərlə təbəssüm cızmaq istəyən Pamukun cəlladı Qara Ömərin taleyi əsim-əsim əsməyə başlayır. Qoca Səyyah nələri sayrışdırdığının fərqində deyil, ömrünün son səyahətini, sirlərin iç-içə girməsini izləməklə məşğuldur. Sirlərə bu müdaxilə isə kəndi narahat edir, çünki səyahətə çıxan, başqa sirlərin içinə nüfuz edən sirlərin arasında “qonşu həzrətquluların” da sirri var. Bu səyahət Hacı Mir Həsən Ağa Səyyaha baha başa gəlir. Camaat onun ölümünü bu zülmət gecədən səhərə belə ertələmək istəmirlər.

Sayrışan sirlərdən – risalələrdən nümunə:

Hacı Əliəkbər ətrafındakı hər kəsə əl tutub, təmənnasız. Kömək etdiyi adamlardan bircə xahişi olub: “Unutma”. Borc verməyib, yaxşılığı üzə vurmayıb, təmənnası olubsa da, bu gözlənti əl tutduğu anda dediyi “Unutma” sözündən uzağa getməyib. Kömək etdiyi şəxslər də, təbii ki, əlini ürəyinin üstünə qoyub, “haşa” deyərək, minnətdarlıqla çıxıb gedib. Ətrafda hər şeyin “kəfən kimi ağ qara” (Kamal Abdulla) büründüyü günlərin birində “qaranlığın qəbirə atılan qara torpaq kimi qarın (kəfənin) üzərinə çökdükdə” (Kamal Abdulla) Hacı Əliəkbər tək yaşadığı evdən səs duyur... Lakin qarın üzərində iz yoxdur... Səs asta-asta ona yaxınlaşır....

Səhər evin xidmətçisi gəlir, Hacı Əliəkbəri çarpayısında bağırının başına xəncər saplanmış meyitini tapır. Hansı ki, Hacı Əliəkbər iki əli ilə xəncərin sapından yapışmışdı. Bilinmirdi, o son anda xəncəri ürəyindən çıxarmaq istəyib, yoxsa onu ürəyinə sancıb! Yaxşı, bəs, belə bir adam kim, niyə öldürə bilər?

Bəlkə bu qətli o adam edib ki, Hacının xeyirxahlığını dadıb, ondan “unutma” sözünü eşidib, amma unutmaq istəyib.

Bu yerdə Kamal Abdullanın bizə təqdim etdiyi yeni insan növü ilə tanış oluruq; minnətdar olmağı bacarmayan adam. Bu adamlar cəsur da ola bilər, qorxaq da, bir az ondan, bir az bundan da ola bilər, amma minnətdar ola bilməz.

Belə adamların yeganə yolu minnətdarlıq etməli olduğu şəxsi məhv etməkdir.

***

Romanın redaktəsində ağır boşluqlar var. Mətndəki bəzi – “ətir qoxusu”, “nərə səsi”, “qızarmış odun” kimi ifadələri görməzdən gəlməkdə məni qınayanlar ola bilər. Amma unutmayaq ki, yaxşı pinəçi də sənətkardır, yaxşı memar da. Sadəcə, pinəçinin işindəki bir millimetrlik çıxıntı ciddi qüsurdur, memarın əsərində isə bu ölçüdə çıxıntı haqqında danışmağa dəyməz.

***

Təəssüf ki, vəzifədə olan yazıçılar sanballı əsər yazsa belə, mətni təqdir olunanda situasiyaya ayrı don geyindirilir. İndi nə edək ki, bəzən köhnə nəslin nümayəndələri də, vəzifədə olan şəxslər də, həm də yaxşı yazıçı olur və ortaya hadisə olacaq mətn çıxarırlar. Bizə ədəbi bütləri yıxmaq missiyası yükləmiş ictimaiyyət də sanballı mətnlərin doğurduğu bu tip təqdir yazılarından pərişan olur. “Nə yazıq ki,” Kamal Abdulla gözümdə heç vaxt bütə çevrilməyib, onu həmyaşıdım, dostum kimi görmüşəm. Elə bilirəm, onu minlərlə adamın içində sıxılan görsəm, göz vura bilərəm ki, “gedək, bir az söhbətləşək”. Əllərimizi cibimizə qoyub olmayan köhnə Bakının yağışdan sonrakı küçələrində söhbətləşə, gülüşə bilərik – ən əsası, hər şeydən danışa bilərik. Özümü böyütmürəm, sadəcə mətnlərindən duyduğum Kamal Abdulla mənim üçün hər romanında bir az da gəncləşən dəliqanlı yaşıdımdı. Necə ki, Mixael Hanakenin filmlərinə baxanda, Ekonun esselərini oxuyanda, həm də, müəlliflərin qollarının gücünü hiss edirəm, eynən Kamal Abdullanın romanlarından da “gülümsəyəndə ağzı büzülən həmin cavan oğlan” görünür. Düşünürəm ki, bu gənclərlə futbol oynasam, məni yıxarlar, eyni qadına aşiq olsaq, döyərlər məni.

# 3402 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #