Mənim sevimli Trampım

Mənim sevimli Trampım
10 yanvar 2020
# 12:53

Trampı ilk dəfə “Evdə tək” filmində görmüşdük. Nə bilərdik ki, epizodik rolda gördüyümüz bu aktyor günün birində Amerikanın prezidenti olacaq.

Zaman belə zamandı, bir gün hər şey tərs üzünə çevirir və sən də mat-məəttəl qalırsan. Tramp seçiləndə də hamımız o cür olduq.

Narıncı çalarlı, havalı saçları ilə tribunadan dünyaya hədə-qorxu gələn bu adam hazır ədəbi personajdır. Onu hərdən bizim Hadı Rəcəbliyə də bənzədirəm. Ciddi sözümdür. Trampla Hadının bir-birinə bənzəyən cəhətləri odur ki, onlar dünyaya trollanmağa gəliblər. Sadəcə bir fərq var. Hadı bizim balaca cəmiyyəti ələ salır, Tramp isə bu boyda dünyanı barmağına dolayır.

Tramp əsas qərarlarını “Twitter”dən verir. Dünyanı sosial şəbəkə ilə idarə edən prezident...

Bu günlərdə İran generalı Qasım Süleymaninin öldürülməsi Amerika və İranı üz-göz elədi. Hətta mənə elə gəldi ki, Tramp “Twitter” hesabından bunları yazacaq: “III Dünya Müharibəsini başladıram”. Evdə çörək almaq üçün tazı kimi qaçmağa hazır vəziyyətdə gözləyirdim. Amma Tramp əfəndinin statusu başqa cürə oldu. Açıq şəkildə, kimsədən qorxmadan yazdı ki, “Qasımı mən öldürmüşəm. O, açıq-aydın və ya qismən milyonlarla insanın, o cümlədən İrandakı etirazçıların həlak olmasında təqsirkar idi”.

Tramp bu cür qeyri-adi açıqlamaları ilə bizim yazıçı dostlarımızı xatırladır. Elə bil gündəmdə qalmaq üçün hər şeyi deməyə hazır dayanıb. Yaxşı olardı ki, Tramp prezidentliyin başını buraxıb yazı-pozuya qurşansın. Kim bilir, bəlkə də Stiven Kinq kimi populyar romanların müəllifinə çevrilər, kitabları əl-əl satılar.

Amma deyəsən, “Harri Potter”in yazarı demişdi ki, Tramp ingilis dilində cümlə qura bilmir. Gör e, onlarda da “cümlə qurmaq” söhbəti dəbdədir. Yaxşı yadımda deyil, amma xanım yazar Trampın qüsurlu cümləsini tənqid edib narıncı saçlı dostumuzu yaş yuyub quru sərmişdi.

Trampın isə heç vecinə deyil. Bəlkə də Amerikada onu lağa qoymaq, tənqid etmək dəb halını alıb. Hansı aktyora mikrofon uzadırsan, başlayır Trampa döşəməyə. Necə deyərlər, fağır bir Tramp tapmısınız, sağdan da döşəyirsiniz, soldan da...

Başqa bir təklifim də var Trampa: təzədən kino sahəsinə geri qayıtsın. Axı ərgən vaxtlarında kino məktəbində oxumaq istəyirdi. Hollivud filmlərində uşaqları, kütləni güldürən bir aktyor olaraq dünyaya daha faydalı ola bilər.

Belə baxanda Tramp postmodern klondur da. Klonun ən üst zirvəsindədir. Bəşəriyyəti barmağına dolayan kloun. Kimi istəsə, haranı ürəyi arzulasa oranı bombalayar, sözünü də deyər. Bir dəfə yazıçı dostlarımızdan biri Tramp haqda dahiyanə bir söz dedi: “O, Amerika prezidenti seçiləndən sonra dünyada heç bir şeyə ciddi baxmıram.”

Hərdən qorxuram ki, Tramp status yaza ki, yer üzünü “delete” edirəm. Bu narıncı başdan nə desən çıxar.

Nədənsə Trampa nifrət edə bilmirəm. Ona görə onun haqqında ölüm xəyalları qura bilmirəm. Sevdiyim rejissorlardan Cim Carmuş “Ölülər ölmür” filmində Tramp hakimiyyətini kəskin tənqid edir. Zombiləşən Amerika xalqının baiskarlarının əsas günahkarı kimi Trampı ifşa edir.

Tramp isə sağ-salamatdır və hələ də bu yazını bitirə-bitirə düşünürəm ki, görəsən indi hansı qeyri-adi açıqlaması ilə dünyanı şoka salacaq.

# 3245 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #