Ədəbiyyat adamları niyə maraqlı olur? - İlham Əziz yazır...

Ədəbiyyat adamları niyə maraqlı olur? - İlham Əziz yazır...
29 dekabr 2019
# 14:08

İnsan bir ömür həqiqət axtarışındadır. Unudulmuş həqiqətə can atır. Bütün dini mətnlər, mifologiya bu həqiqəti aşılamaq məqsədi güdür. Odur ki, biz haradasa, nə vaxtsa vaqif olduğumuz bir həqiqətin axtarışı içində çapalayıb dururuq.

Niyə bəzi adamlar maraqlı, bəzi adamlar maraqsız görünür? O hansı nəsnədir ki, insanı maraqlı edir? Niyə eyni məsələni bir adam danışanda maraqlı olmur, digəri danışır, doymaq olmur?

Bu baxımdan ədəbiyyatın rolu danılmazdır. Düzdür, ədəbiyyat digər texniki və fundamental elmlər kimi həyatımıza bir başa təsir etmir, amma və lakin ədəbiyyat dolayı yolla həm həyatımıza, həm də yuxarıda dediyim elmlərin inkişafına yön verir, istiqamətləndirir.

Bütün texniki, fundamental elmlər yaşamaq uğrunda, faniliyə qarşı üsyandır. Bu üsyanı ilk qaldıran ədəbiyyatdır, fikirdir ki, inkişaf etdikcə düstura çevrilir, maddiləşir. Odur ki, bu sənətin sahibləri, hamıya maraqlıdır.

İstər sadə adam, istər yüksək vəzifə sahibi, əksər adamlar şairlərlə dostluğa çalışır. Bu dostluq maddiyyata əsaslanmır. Bu adamlar səni madiyyatdan uzaqlaşdırdıqları üçün, gündəlik qayğıları unutdurduqları üçün maraqlıdır.

İnsan ütülü, sistemli, sərhədli həyatı istəsə də sevə bilməz, ona darıxdırıcı gələr. Çünki, bu insanın yaratdığı harmoniyadır, oysa insan ilahi harmoniyada yaşamağı fitrətən sevir. Sənət Allahlıq iddiasıdır, yaratma cəhdidir. Bizə dağınıq gələn sənətkar həyatı ilahi harmoniyanın yerüstü inikasıdır. Məhz bu üzdən əksər qadınlar da pullu, ütülü kişiləri yox, sənətkarları əsl məhəbbətlə sevirlər. Bu əslində insan ayrımı deyil, fitri olaraq o harmoniyaya tələsməkdi.

Fikir versəz, görərsiz ki, istedadsız adamın dağınıqlığı pinti, istedadlı adamın dağınıqlığı çəkici olur. Mən də xeyli vaxtdır bu adamlarla oturub dururam, müşahidə edirəm. İstəyirəm sizi də bu müşahidələrimə qonaq edim. Əvvəla onu deyim ki, ədəbiyyat adamları bəlkə də yeganə fərdlərdir ki, cinsi fərqlilikləri, demək olar, hiss olunmur. Əsl sənət adamının cinsiyyəti arxa plana keçir. Mövzular imkan vermir bu barədə düşünməyə. Onu da deyim ki, bu fərq aradan qalxan kimi insan özünü azad hiss edir, tam ifadə edə bilir. Cinsiyyət ön planda olduğu vaxt mövzular ikinci planda öləziməyə məhkumdur. Bu adamlar bir də ona görə maraqlıdır ki, söhbətlərində daşlaşmış mental mövzuları dağıdır, illərlə sənə hökm olunmuş aksiomları yerlə bir edirlər. Sənin də önündə fikir yürütməyə, dartışmağa yeni areallar açılır, beynin yeni ideyalar istehsal etməyə başlayır.

Ədəbiyyat adamlarının duyğusal olmaları heç kimə sirr deyil. Cəmiyyətin kişilərin boynuna qoyduğu “ağlamaq olmaz, dərd çəkmək qadağandır” kimi mənasız doqmaları onlarla söhbətdə əriyib gedir, adamı rahatlaşdırır, insanı anadangəlmə təbii axarına salır.

Adəm oğlu yeni ifadə tərzinə həmişə acdır. Bütün şedevr əsərlər də bizim, sizin, hamının bildiyi sözlərin kombinasiyasından yaranıbsa, niyə məhz onlar bu qədər sevilir, mənalandırılır və diqqətə alınır? Məsələ əlbəttə ki, ifadə tərzindədir. Biz istər əzabın, istərsə də sevincin əsl həqiqətini aləmi-zərdə bir dəfə dadmışıq, tanımışıq. İndi kim bu həqiqətlərə daha yaxın yazsa, danışsa həmən hamılıqla sevilir və qəbul olunur.

Bu adamların sevinməyi də, kədərlənməkləri də, hətta savaşmaqları da fərqlidir. Onlar elə şeyə sevinər, elə şeyə hönkürtü çəkib ağlayarlar ki, məəttəl qalarsan. Məəttəl qalıb dərindən düşündükcə görərsən ki, sadədən də sadə və ali hisslər keçirmək olurmuş. Və bu səni valeh edər, heç bir həzz buna çata bilməz. Bir günün içində savaşıb söyüşüb elə həmin gündə qucaqlaşıb öpüşən adamlardı bizim qəhrəmanlarımız. Onların kasıb süfrələrində ilahi nemətlər bolluğu var.

Lyosa demişkən, ədəbiyyat sevdalıları hansı əsrdə, hansı yerdə yaşamalarından asılı olmayaraq, bir kəndin, bir zamanın sakinləridir. Biz onları buna görə sevirik.

# 4201 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər