Təvəllüdü dəyişdirilən, atasının ölümünü oğlundan gizlədən, tərk etdiyi ərini ömür boyu sevən Xalq artisti – Maraqlı faktlar

Təvəllüdü dəyişdirilən, atasının ölümünü oğlundan gizlədən, tərk etdiyi ərini ömür boyu sevən Xalq artisti – Maraqlı faktlar
30 mart 2022
# 21:00

Bu gün Azərbaycanın görkəmli opera müğənnisi, xalq artisti Gülxar Həsənovanın anım günüdür. Kulis.az bu münasibətlə onun həyatına dair maraqlı faktları təqdim edir.

Gülxar Həsənova 1918-ci il dekabrın 10-da Şəmkirdə anadan olub. Səhnə fəaliyyətinə gənc yaşlarından başlayıb. Gənc Tamaşaçılar Teatrının solisti olub. Tamaşaların birində gənc ifaçının çıxışını diqqətlə izləyən Üzeyir bəy onun səsini yüksək qiymətləndirərək Opera və Balet Teatrında çalışmasını tövsiyə edib.

Gallery

***

Atası İbrahim kişi, anası Nabat xanım tanınmış bəy nəslindən olublar. Deyilənə görə, 7 yaşlı Gülxar məktəbə getməzdən əvvəl sərbəst oxumağı və yazmağı bacardığı üçün yeddiillik məktəbin birbaşa ikinci sinfinə qəbul edilib.

***

Atasının arzusu ilə o əvvəlcə TibbTexnikumunda təhsil alır. Musiqiyə olan həvəsi onu heç vaxt tərk etmir. Ona görə də Gülxar texnikumun nəzdində, habelə Əli Bayramov adına qadınlar klubunda özfəaliyyət dərnəyinə üzv yazılıb. Gülxar Tibb Texnikumunu bitirdikdən sonra N.Nərimanov adına Tibb İnstitutuna qəbul olsa da onun bu sevinci uzun çəkməyib. 3 ay sonra onu atasının yaxın qohumu Həmid Sultanov və onun həyat yoldaşı Ayna Sultanova “xalq düşməni” kimi həbs olunduğu üçün insitutdan qovublar.

***

Qızının gələcək taleyindən narahat olan İbrahim kişi gizlincə ona başqa bir yaş kağızı yazdırıb Bakıya göndərir. Bu yaş kağızında babasının adı ona soyad kimi yazılıb, anadan olduğu il isə 1918-ci il göstərilib.

***

Üzeyir Hacıbəyov Gülxar Həsənovanın səsini çox sevirmiş. Bir dəfə “Şah İsmayıl” operasına tamaşa edən zaman Üzeyir bəy, başını bulayıb deyir: “Bu qız Ərəbzəngini necə oynayırsa, mən onun Gülxar olmasını unuduram. Elə bilirəm ki, hansısa bir kişi müğənnidir. Halal olsun ona.”

Gallery

Klubda çıxış edən zaman özündən 11 yaş böyük olan aktyor Ağadadaş Qurbanovla tanış olur. Ağadadaş Qurbanov əmisinin köməkliyi ilə Sultanova soyadını dəyişməkdə ona köməklik edir. Bir müddət sonra aktyor ona evlənmək təklif edir. Lakin, aktrisanın yaşı nikaha düşmədiyi üçün onlar dini kəbin kəsdirirlər.

***

Gülxar Həsənova həmin gündən sonra həyat yoldaşı ilə birgə tamaşalarda çıxış etməyə başlayır. Lakin, Ağadadaşı sevən qadınlar da çox olur. Onlardan biri isə vaxtilə Gülxarla tibb institutunda oxuyan qadın olur. Ağadadaşın bütün tamaşalarına gül-ciçəklə gələn qadın Gülxara nifrət edirmiş. Bir gün isə o, belə qərara gəlir ki, Gülxar tamaşadan çıxanda daş atıb onun gözünü kor etsin. Lakin, bu məsələni Ağadadaşa çatdırırlar. Ağadadaş Gülxarın ondan tez teatrdan çıxmasına icazə vermir. Beləliklə aktrisa böyük bir hadisədən xilas olur.

Gallery

Bir gün isə həmin qadın düz onların evinə qədər gəlir və onunla görüşüb Ağadadaşla bir-birlərini sevdiklərini deyir. Bu sözdən məyus olan Gülxar bir yaşı yenicə tamam olan oğlu Hamleti da götürüb evindən həmişəlik çıxır. Həmin məqamda Ağadadaş Qurbanov evdə yatılı olur.

***

Ömrünün son günlərinə qədər ilk sevgisinə sadiq qalan xanəndə müsahibələrin birində deyir: “Məhəbbət indiyə qədər öz yerində qalıb. O, öldü getdi, amma mən sağam. Bu günə kimi məni nə qədər adamlar istədi, getmədim. Yüksək vəzifəli insanlar da məni sevib, amma mən demişəm ki, Ağdadaşdan ayrı olsam da, o, başqası ilə evlənsə də mən onu sevirəm, həmişə də sevəcəyəm.”

Gallery

Ağadadaş Qurbanovla oğlu Hamlet eyni teatrda çalışsalar da bir-birləri ilə küsülü olublar. Amma bu küsülülük ailə məsələlərinə görə yox, teatrdakı problemlərlə bağlı olub. Ağadadaş Qurbanov rəhmətə gedən ərəfədə Gülxar xanım oğlu Hamletlə birgə Moskvaya gedir. Hamlet rejissorluq ixtisasından imtahan verir. İkinci imtahanı verən zaman Gülxara Ağadadaş Qurbanov ölüm xəbərini çatdırırlar. Xəbəri eşidən aktrisa ağlayır, Hamlet anasının səsini eşidib gələndə, o, ərinin ölümünü ondan gizlədir. Ölənin başqa aktyor olduğunu deyir, özü isə ertəsi gün Bakıya qayıdır. Lakin, elə ertəsi gün rejissor Eldar Quliyev bu xəbəri Hamletə çatdırır. Hamlet ona zəng vurub ağlaya-ağlaya deyir: “Ana, axı sən niyə belə elə elədin? İndi mən atamla həmişəlik küsülü qaldım. Heç olmasa son dəfə gəlib onun yola salardım”.

Gallery

Ərindən ayrılsa da, ərinin qohumları həmişə Gülxarın yanında olublar. Ağadadaş Qurbanov rəhmətə gedəndə məzarlığa gedən aktrisanı görən baldızı gəldiyi üçün ona acıqlanıb. Gülxar dəfn mərasimindən getmək istəyəndə Leyla Bədirbəyli onu getməyə qoymur. Özü ilə birgə aktyorun ikinci həyat yoldaşının evindəki yas mərasiminə qədər aparır.

Gallery

Ölümündən sonra aktyora sevgisi azalmayan aktrisa hər gün Ağadadaş üçün “Yasin” oxuyurmuş.

Gallery

Gülxar Həsənova dövrün gənc xanəndələrinə xeyli dəstək olub. Onlardan biri də məşhur xanəndə Rübabə Muradova imiş. Rübabə Muradova bir gün onun qarşısını kəsib, dövrün məşhur qadın müğənnilərinin ona oxumağa imkan verməmələrindən gileylənib. Ertəsi gün klubda ifa edən Rübabəni dinləməyə gedən aktrisa onun səsinə valeh olur. Və elə həmin gün Rübabəni operaya dəvət edir. Uzun müddət onunla öz tələbəsi kimi məşğul olur. Sonralar Gülxar Həsənova , Nəzakət Məmmədovaya, Səkinə İsmayılova operada ona öz teatr bilgilərini verib.

***

Aktrisa Gülşən Qurbanova və rəssam Firəngiz Qurbanova Ağadadaş Qurbanovun ikinci evliliyindən olan uşaqları olub. Onlarla Hamletin mehriban münasibət qurmalarına səbəb də Gülxar olub. Gülşən Qurbanovanın anası dünyasını dəyişəndən sonra Gülxar Həsənova o, qadının yas məclisinə gedir, mollaya Quran oxutdurub.

Gallery

“Leyli və Məcnun” operasında Leyli kimi səhnəyə çıxmağa hazırlaşan aktrisa cəbhədə olan qardaşının qara kağızını alır. Hər kəs elə bilir ki, Gülxar rolu ifa etməkdən imtina edəcək, tamaşa təxirə salınacaq. Lakin, aktrisa özündə güc toplayıb səhnəyə çıxır və Leyli rolunun həmişəkindən də yaxşı, yanğılı ifa edir. Sonralar aktrisanın cəbhədə olan digər iki qardaşından da qara kağız gəlir.

***

Yeganə övladı Hamlet Qurbanov mədə xorası xəstəliyindən əziyyət çəkirmiş. Oğlunun səhhətinin pisləşdiyini görən aktrisa onu həkimə aparır. Həkimlər Hamleti Moskvaya aparmağı təklif edirlər. Maddi vəziyyəti yaxşı olmayan aktrisa səhiyyə nazirliyinin xətti ilə oğlunu Moskvaya aparır. Lakin, oradakı xəstəxanada təmir getdiyindən onlara altı aydan sonra gəlməyi tapşırırlar. Altı aydan sonra isə aktrisa oğlunu yenidən ora aparmaq üçün pul tapmır. Bir çox yerlərə müraciət edir, yalvarır. Kömək olmur. Ağlaya-ağlaya küçədə gedərkən bir nəfər onu tanıyıb saxlayır, ağlamağının səbəbini biləndən sonra onlara kömək edəcəyi barədə söz verir. İkinci dəfə həmin adamın köməkliyi ilə Hamlet Moskvada əməliyyat olunur. Lakin, bu əməliyyatın da ona köməyi olmur və o, bir müddət sonra vəfat edir.

Gallery

Aktrisanı sevənlər, onunla ailə qurmaq istəyənlər çox olub. Bir gün isə gözlənilmədən aktrisanın evinə altı qadın gəlir. Onlar ağlayıb deyirlər ki, evin tək oğlu olan qardaşları Gülxarı sevir və ondan başqa heç kimlə ailə qurmayacağını deyir. Həmin oğlan artıq illərlə aktrisanı izləyir, onun bütün tamaşalarına gəlib baxırmış. Gülxar qadınlara deyir ki, oğlana deyin mənim yanıma gəlsin. Bir gün oğlan onlara gəlir, aktrisa onunla birgə güzgünün qarşısına keçib ona deyir. “Özünə də bax, mənə də. Mən sənin müəllimən yaşındayam, adam da müəlliməsinə aşiq olar? Get, toy elə, mən heç bir toya getməsəm də sənin toyuna gəlib oxuyacam.

Gənc oğlan onu dinləyir və başqa qadınla evlənir. Gülxar Həsənova vədinə əməl edir. Hədiyyə alaraq oğlanın toyuna gedir.

Gallery

Oğlu Hamlet öləndə anasına iki şeyi vəsiyyət edib. Bir heç vaxt ağlamamağı, bir də onu atasının yanında dəfn etməsini. Bəzi rəsmi məsələlər isə Hamletin vəsiyyətinə mane olub. Hamlet Qurbanov Rübabə Muradovanın yaxınlığında dəfn olunub. Bu səbəbdən Gülxar Ağadadaş Qurbanovun məzarını ziyarət etməyə gedə bilmirmiş. Hər dəfə ora gedəndə oğlunun yerinə yetirə bilmədiyi vəsiyyəti yadına düşürmüş.

Gallery

Oğlunun vaxtsız ölümündən sarsılan aktrisa ömrünün son günlərinə qədər onun xatirəsi ilə yaşayır. Hətta onun üçün “Gülü budağında xar olan Gülxar” adlı şeir də yazır. Mənzilinin bir otağını başdan-başa Hamletin fotoları ilə bəzəyir.

***

Hər dəfə oğlunun məzarı üstündən qayıdandan sonra halı pisləşən, ürəyi gedən Gülxar Həsənova 2005-ci ildə dünyadan köçür.

# 30065 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
#
#
# # #