news-inner
clock09:00 calendar-gray 22 Noyabr 2019 view-gray6007 dəfə oxunub
view-gray6007 dəfə oxunub

Namus üstündə qaynını yabayla öldürən qızın ailə dramı

Kulis.az Könül Cəfərlinin "Qanlı Səhnə" adlı yazısını təqdim edir.

Kənddə hamı ona “Qanlı Səhnə” deyirdi. Qarabəniz, hündür, dolu qadın idi. Həmişə də kürəyində dümağ, uzun hörüyü yellənirdi. Uşaq vaxtı bu nənədən əməlli qorxardım. Özündən çox ləqəbi mənə vahiməli gəlirdi. Başını dik saxlayıb, elə qəzəblə yeriyirdi ki, sanki indicə kimisə tutub parçalayacaq, qanını axıdacaq. Bəlkə də barəsində eşitdiklərim məndə belə bir təsəvvür yaradırdı. Rəhmətlik bibim danışmışdı. Cavanlığında öz qaynını yaba ilə deşik-deşik edib, sonra da əyni-başı qan içində kəndin küçələrini dolaşıb. Deyilənə görə, yeridikcə ətrafa qan qoxusu yayılırmış. Tutulan zaman da sakitcə təslim olub. Elə o vaxtdan da adı “qanlı Səhnə” qalıb.



Bu əhvalatı eşidən gündən Səhnə nənədən uzaq qaçırdım. Xoşbəxtlikdən onu ancaq uzaqdan-uzağa görürdüm. Ta ki, bibim qızının nişanına qədər. Qapını açdım ki, “qanlı qadın” yuxarı başda əyləşib. Donub qaldım. Qorxduğumu hiss edib, güldü. Yalnız “Mən uşaqları çox sevirəm, bibinə deyərsən, səni bizə də gətirsin”, sözündən sonra bir az toxtadım. Amma yenə də yanında qalmayıb, o biri otağa keçdim.


Mənə Səhnə nənədə ən qəribə görünən qollarına, barmaqlarına yazılmış yaşıl rəngli sözlər və rəqəmlər idi. İkisi dəqiq yadımdadır: “aTa”, “aNa”. Beləcə həkk edilmişdi. Diqqətlə baxdığımı görən Samirənin “Döymədir, türməyə düşənlər bədənlərinə belə yazılar vurdururlar”, deməyi də yadımdadır. Qonşu qızın pıçıltı ilə söylədiyi bu sözlər necə psixikama təsir edibsə, o gündən indiyədək mənim üçün tatu həbsxana yazısı, türmə simvoludur.


13-14 yaşım olanda “qanlı Səhnə” vəfat etdi. Övladı olmasa da, camaat onu çox urvatla dəfn etdi, yaxşı ehsan verdi. Yasında adam əlindən tərpənməyə yer yox idi. Hətta qonşu kənddən də gələnlər vardı. Onda anladım ki, sən demə, bu qorxulu qadının el-oba arasında böyük hörməti varmış. Elə həyat hekayəsini də məclisdə molladan, arvadlardan eşitdim.


Səhnə çoxuşaqlı, yoxsul bir ailənin qızı olur. Aclıq illərində atası onu bir inəyə satır. Bəli, sözün əsl mənasında elə satır. Qonşu İmran başlıq pulu əvəzinə inəklərindən birini Telman kişiyə verərək, 13 yaşında Səhnəni oğlu Həsənə alır. Vəziyyət çətin olduğundan toy da etmirlər. Kiçik bir qonaqlıqla xeyir işi yola verib, qızcığazı gəlin gətirirlər. Ata evində aclıq çəkən Səhnə nisbətən imkanlı ailəyə düşür. Lakin burda qarnı doysa da, həyatı əsl cəhənnəmə çevrilir. Qayınanası, baldızları, qaynı və əri tərəfindən tez-tez döyülür, təhqir olunur. Balaca canı ilə həm ev işlərini görür, həm tövlə təmizləyir, həm də ailə üzvlərinin xidmətində durur - bildiyiniz qulluqçu!


Səhnə arıq, çəlimsiz olduğu üçün bəzi tapşırıqları yerinə yetirməyə fiziki gücü çatmır. Məsələn, yaxşı xəmir yoğura bilmir. Hər dəfə çörək dadsız çıxanda isə Qərənfil arvad bərk qəzəblənib gəlinin saçını yolur, döyür. Əri evdə olanda, o da anasına qoşulub yazıq Səhnəni o ki var əzişdirir. Unun tapılmadığı illərdə bir ləyən xəmiri xarab etməyin cəzası belə ağır idi. Hətta bir dəfə yenə çörəyə görə hirslənən qayınana başqa metoda da əl atır. Səhnəyə dərs vermək üçün onu ərik ağacına sarıyır. Hamıya da tapşırır ki, ağlı başına gələnə qədər heç kəs yemək-su verməsin. Qız bir gecəni bağda tək, ağaca bağlı vəziyyətdə qalır. Ancaq səhəri gün Qərənfil insafa gələrək, gəlini azad edir. Səhnə qaranlıqda o qədər bərk qorxur ki, sarsıntı keçirir. Sonralar tez-tez diksinməyə, yuxudan qışqıraraq oyanmağa, öz-özünə danışmağa başlayır. Bu dəfə də qızı ələ salır, “Səydir, ağlı çatmır”, - deyirlər.


Səhnənin ata evi uzaqda deyil, elə qonşuluqda idi. Döyülən zaman ata-anası qızın çığırtısını, ağlamaq səsini eşidirdi. Amma nə qapıya gəlib övladlarını zalım ərin əlindən alır, nə də ona sahib çıxırdılar. Cəmi bircə dəfə Telman kişi qudasıgilə gedib balasını döyməmələrini xahiş edir, yalvarır. Onda da əri Səhnənin qolundan tutub, darvazadan bayıra atır ki, qızın bizə lazım deyil, götür, apar. Ata övladını boşamalarından qorxub, ağzı-burnu qanamış Səhnəni özü ilə evinə aparmır. O gündən qız zalım ərin əlində tamam müdafiəsiz, köməksiz qalır.


Beləcə illər ötür, Səhnə böyüyür, 30 yaşına çatır. Bayaqkı balaca uşaq olmasa da, yenə döyülür, söyülür, təhqir olunur. Bir gün də əri pul qazanmaq adı ilə 2 oğlunu da götürüb, Ukraynaya gedir. İlk aylar arada zəng etsə də, zamanla kəndlə əlaqəni tamam kəsir. Səhnənin dərdinin üstünə övlad həsrəti də gəlir.


Yaşadığı zülmlər azmış kimi, sonra da qaynının qıza gözü düşür. Salman təklikdə ona sataşır, əxlaqsız hərəkətlər etməyə başlayır. Hər dəfə də gəlini qorxudur ki, “kiməsə desən, səni öldürərəm”. Hətta bir dəfə evdə heç kəs olmayanda təcavüzə də cəhd edir. Qız əlindən güclə xilas olub, qonşuya qaçır. Qayınanasına başına gələni danışsa da, kimsə ona inanmır, böhtan atdığını düşünürlər. Üstəlik, yenə qaynından, baldızlarından kötək yeyir.


Səhnə üçün həyat dözülməz həddə çatır. Salman əl çəkmir, gündən-günə daha da azğınlaşır. Bir gün qaynının tövlədə tək olduğu görüb, arxadan daşla başını yarır. Kişi yerə yıxılanda yaba ilə əvvəl başına, sonra da qarnına, sinəsinə zərbələr endirir. Bədəni deşik-deşik olan, xeyli qan itirən Salmanı xilas etmək olmur, elə tövlədəcə keçinir.


Səhnə həbs olunur, uzun illər həbsxanada qalır, orada da qocalır. Azadlığa çıxanda isə elə öz kəndinə dönür. Deyilənə görə, əvvəlki Səhnədən əsər-əlamət qalmır. Gedən o qorxaq, fağır gəlinin əvəzinə, güclü, zəhmli bir qarı qayıdır. Kənd camaatı namusunu qorumaq üçün cinayət törədən bu qadını rəğbətlə qarşılayır. Yaşamağa evi olmadığı üçün bir müddət qonşularda qalır. Sonra adamlar yığılıb, ona xudmani bir ev tikirlər.


“Qanlı Səhnə”dən kənddə hamı çəkinir. İndiki anlamda desək, qadınların hüquq müdafiəçisinə çevrilir. Onun qorxusundan kişilər əvvəlki kimi ailələrinə zülm də bilmir, arvadlarını döyməyə ürək etmirlər. Çünki Səhnə kəndə qayıtdığı ilk gün belə bir bəyanat verir : “ Eşitsəm ki, hansısa kişi arvadına əziyyət edir, onu da öldürəcəyəm”.


Səhnə qocaldıqca əvvəlcə ayaqları tutulur, sonra da gözləri. Son nəfəsinədək ona camaat baxır, qulluğunda durur. Biri həkim çağırır, başqası dərmanlarını alır. Növbə ilə hərə bir gün yeməyini gətirir, paltarlarını yuyur, çimizdir. Can verəndə də yanında öz qohumları deyil, hüquqlarını qoruduğu qadınlar olur. Onun dəfni də fərqli keçir. Son mənzilə yola salarkən, kişilərlə bərabər qadınlar da qəbiristanlığa yollanır. Vəsiyyətinə əməl edərək, Səhnəyə nə məzar düzəldirlər, nə də başdaşı. O, ancaq zülm, haqsızlıq, əzab gördüyü bu dünyada tamam yox olmaq istəyirdi, qismən oldu da. Basdırıldığı yer də zamanla unuduldu, axtaranlar tapa bilmədi.


İndi ruhu haradadır, yeri necədir, xəbərim yoxdur. Amma onu bilirəm ki, bu fani dünyanın Səhnə adlı bir bədbəxt qadına xoşbəxtlik borcu qaldı...

Oxşar xəbərlər

Xəbər lenti

İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020