news-inner
clock16:50 calendar-gray 22 Noyabr 2019 view-gray638 dəfə oxunub
view-gray638 dəfə oxunub

Ədəbi suprematizm haqqında esse

Kulis.az Əli Şirin Şükürlünün "Ədəbi suprematizmdən bir esse" yazısını təqdim edir.

Bədii mətnlərdə ehtimal elementləri və ehtimal nəzəriyyəsi

İntellektual səciyyəli bədii mətnlərin yaranması üçün təqdim etdiyimiz model üç komponentdən ibarətdi: elmi informasiya – fəlsəfi düşüncə – bədii təfəkkür (Eİ – FD – BT). Ədəbi suprematizm nəzəriyyəsinin əsasını bu model təşkil edir və elmi informasiyanın fəlsəfi düşüncə vasitəsilə bədii mətnə gətirilməsi texnikası bu modelin köməyilə həyata keçirilir. Bu essedə hədəf bu modeli elmin çox maraqlı bir sahəsi olan Ehtimal nəzəriyyəsinin və onun bəzi əsas anlayışlarının fəlsəfəsi sayəsində sınaqdan keçirmək və mülahizəmizi bədii mətnlər vasitəsilə təcrübə etməkdir.

Çox zaman istər şifahi nitqdə, istər yazı prosesində kütləvi xarakter almış bəzi elmi anlayışlardan tez-tez istifadə olunur. Məsələn, zaman, məkan, hərəkət, sürət, sonsuzluq, təsadüfi hadisə, ehtimal və s. sadaladığımız bu və digər anlayışlar ayrı-ayrı elm sahələrinin və fəlsəfənin anlayışları, istinad etdiyi kateqoriyalardır.

Bədii mətnlərdə elmi sahələrin rolundan danışarkən, adətən, istifadə olunan elmi anlayışları, elmi faktları aid olduğu elm sahələri fonunda aydınlaşdırmağa çalışırıq. Təbii, bu cür araşdımalar həmin anlayışların bədii mətnlərdə istifadə olunması texnikasının formalaşmasına xidmət edir.

Qeyd etdiyimiz kimi, bu mövzumuz bədii mətnlərdə bəzi ehtimal elementlərinin (Ehtimal nəzəriyyəsi əsasında) bədii mətnin yaranmasında rolundan, onlardan bədii vasitə olaraq istifadə texnikasından bəhs edir. Bu məqsədlə təsadüfi hadisə və ehtimal anlayışları haqqında məlumat verib, bu məlumatlar əsasında qurulmuş bədii mətnlərlə tanış olacağıq.


Təsadüfi hadisə və ehtimal

Təsadüfi hadisə nədir? Məncə, bu anlayış çoxlarını düşündürən mübahisəli məsələlərdən biridir. Elmi-fəlsəfi düşüncə tarixində təsadüfi hadisəyə müxtəlif münasibətlər mövcud olmuşdur. İlk növbədə, fəlsəfi yanaşmalara qısa nəzər salaq. Bəzi yanaşmalardan aydın olur ki, hadisə, ümumiyyətlə, təsadüfi xarakter daşıya bilməz, çünki hər bir hadisəni doğuran səbəb var və bütün hadisələr qanunauyğun baş verir. Sadəcə, hadisələr arasında səbəb-nəticə əlaqəsi qurula bilmədiyindən, yəni bilməzliyin nəticəsində təsadüfi hadisə anlayışı meydana gəlir. Bir sözlə, təsadüfi hadisə bilməzliyin nəticəsidir. Əgər hər hansı hadisənin başvermə səbəbi bilinsəydi və ya onun aşkarlanması mümkün olsaydı, bu zaman təsadüfilik olmazdı, hadisə zəruru hadisə sayılardı. Böyük Azərbaycan filosofu Bəhmənyar yazır ki, heç bir hadisə və predmet insan biliyindən kənarda qalmasaydı, onun üçün heç nə təsadüfi olmazdı, hər şey zəruri olardı. O, bir nümunə göstərir: Bir adam yol ilə gedərkən xəzinə tapır. Onun xəzinə tapması təsadüfi sayılır. Amma onu xəzinəyə aparan səbəb olmuşdur. Onu xəzinəyə aparan səbəb olduğu üçün təsadüfi sayılan hadisə (adamın xəzinə tapması), əslində, zərurətdən baş vermişdir.

Deməli, təsadüfi hadisə sırf subyektiv xarakter daşıyır və insan bilməzliyinin nəticəsi olaraq ortaya çıxır. Həyatda nə baş verirsə, qanunauyğun baş verir. Təsadüfi hadisə anlayışı təkcə fəlsəfi düşüncəni deyil, elmi təfəkkürü də məşğul edən anlayışlardan biridir. Ehtimal nəzəriyyəsi təsadüfi hadisələrin riyazi modelini öyrənən elmdir. Bu elm sahəsi elə təsadüfi hadisələri öyrənir ki, onlar hər hansı qanunauyğunluqlara tabe olur və bu qanunauyğunluqlar ehtimal qanunauyğunluqları adlandırılır. Deməli, təsadüfi hadisələr də hər hansı bir qanunauyğunluğa tabe olur. Ehtimal nəzəriyyəsinə görə, təsadüfi hadisə o hadisədir ki, eyni şərtlər hər dəfə ödəndikdə baş verə də bilər, baş verməyə də. Zəruri hadisə isə eyni şərtlər ödəndikdə hər dəfə baş verən hadisədir. Hadisənin ehtimalı bu nəzəriyyənin əsas anlayışlarından biridir və hadisənin baş vermə mümkünlüyünün dərəcəsini ifadə edir.

Ümumiyyətlə, Ehtimal nəzəriyyəsinin bir çox anlayışları və məsələləri fəlsəfi düşüncəni işə salır, maraqlı olduğu qədər də gözlənilməz yozumlar ərsəyə gətirir. Hər bir hadisə ətrafında fərziyyələr, eyni zamanda nəticələr şəbəkəsi yaradır. Məsələn, hər hansı bir hadisə ilə üzləşən şəxs onu bu hadisəyə düçar edən səbəblər barədə düşünür, nəticəni dəyişə bilən müxtəlif variasiyalar ağlından keçir, müxtəlif ehtimallar qurur.

Təsadüfi hadisə anlayışı barədə əldə etdiyimiz məlumatlar bədii mətnin yaranmasına nə kimi üstünlük verir? Məsələn, hər hansı əsərdə təsvir olunan hadisə haqqında bir var adi informasiya verəsən, bir də var o hadisəsini təsadüf və zərurət kateqoriyaları fonunda, eyni zamanda elmi təfəkkür vasitəsi ilə təsvir edəsən. İkinci halda mətnin düşüncə yükünün artması faktı isə danılmazdır.

Bir növ, nəsrdə elmi-fəlsəfi informasiyalardan istifadə məsələsi nisbətən asandır. Bu, nəsrdə təsvir zamanı ifadələrin istifadə imkanlarının daha geniş olması ilə bağlıdır. Çünki nəsrdə fikri daha sərbəst ifadə etmək mümkündür. Lakin poeziyanın özünəməxsus cəhətləri fikri istənilən qədər sərbəst ifadə etməyə imkan vermir. Bu səbəbdən elmi informasiyaları “şeir dilinə” çevirməyin bəzi çətinlikləri vardır.

Təsadüf

Hər şey o qədər təsadüfən oldu ki:
Mən bu şəhərə gəldim,
sən bu şəhərdə yaşayırdın.
O küçədən keçəsi oldum,
eviniz o küçədə.
O evin qarşısında dayandım -
sən o evdən çıxırdın.

Bunlar hamısı təsadüfən oldu:
mən bu şəhərə gəldim,
o küçədən keçdim,
bu şəhərdə o küçədəki o evin
qarşısında dayandım -
sən çıxdın.

Bütün bunlar o qədər təsadüfən oldu ki.

Təsadüfən mən
başqa şəhərə gedə bilərdim,
o şəhərdə hansısa küçədən keçərkən
hansısa evdən biri çıxardı və
onunla rastlaşardım.

Təsadüfən başqa biri
sizin şəhərə gələr,
sizin küçədən keçərkən
sən evdən çıxardın və ...

Bunlar hamısı təsadüfən ola bilərdi.

Amma sən
bu şəhərdə, o küçədə, o evdə
təsadüfən yaşamırdın.

Bu şəhərə
tale gətirib məni?!

Göründüyü kimi, sırf lirik-fəlsəfi növə aid mətndə insanı əzəli düşündürən suallardan biri: tale təsadüfidir, ya zərurət?! Nəticə: nə qədər çalışsan da, taledən qaça bilməzsən, yalnız bəzi xırda dəyişikliklərə nail ola bilərsən. Burada təsadüfi hadisə haqqında bilik bədii mətnə xidmət edib, ona intellektual səciyyə bəxş edir. Təsadüfi hadisə haqqında informasiya sadəcə sadalanmır, o hadisə üzərində bədii mətn qurulur. Düşünürük ki, hadisəyə elmi-fəlsəfi düşüncə ilə yanaşmanın nəticəsi mövzuya çevrilmiş hadisənin bədii mətn qurma prosesində fərqli tərəflərini görməyə imkan verir.

Məyus qadın - yağışda sevdalanan

Ax yağış, yağış ...
nə deyim indi sənə;
bir zaman necə də sevərdim səni –
pəncərə önündə dayanıb düşünür qadın.

Yığıb baxışları ilə yağışı özünə
ilk dəfə necə sevdalandığını salır yadına:

O gün qəfil başlamasaydı leysan yağış
yubanmayacaqdı sığındığı dayanacaqda.
Cəmi bir dayanacaqlıq yol vardı mənzilinə və
xoşladığından piyada gedərdi o yolu daima.

O gün qəfil yağmasaydı yağış
rast gəlməzdi ona və gedib evinə
həmişə olduğu kimi
yaşayardı adi günlərdən birini bəlkə də.
Bəlkə də adi yox, fərqli olardı o gün. Sadəcə,
o olmazdı o günün içində və
yağışı sevərdi hələ də.

Təsəvvür edək
o gün o saatda qəfil başlamır yağış;
qız piyada gedir evinə. Amma
bir tanışa rast gəldiyindən yubanır yolda.
Yubandığından üz-üzə gəlirlər və vurulur yenə
yağışdan gizləndiyi dayanacaqda
rast düşdüyü adama.

Fərz edək
o gün o saatda qəfil başlamır yağış,
tanışa da rast gəlib yubanmır yolda,
sadəcə, mağazaya dönür yolüstü və
yüngülcə kimsə toxunur çiyninə; beləcə,
vurulur yenə yağışdan gizləndiyi dayanacaqda
rastlaşdığı adama.

Fərz edək o gün o saatda
qəfil başlamır yağış,
tanışa da rast gəlib yubanmır yolda
və yolüstü dönmür mağazaya,
nə baş verərdi onda? –
nəsə baş verərdi sözsüz, nəsə baş verərdi
ya yolda, ya da evdə. Əsas nə olacaqdısa,
olardı o da.

O gün o saatda
qəfil başlamasaydı yağış,
indi bir fərq ola bilərdi, sadəcə;
pəncərə önündə dayanan qadın
yağışı sevərdi hələ də.

Deməli, elmi təfəkkür hadisənin fəlsəfəsinə daha dərindən baş vurmağa imkan yaradır. Lakin elmi anlayışlar, o cümlədən təsadüfi hadisə, ehtimal haqqında söylədiklərimiz düşüncə bədii mətnlərinin yaranmasına xidmət etməlidir. Yəni nə qədər fərqli ifadə tərzi, üslub, forma yaratsa da, bədii mətnin düşüncə, məna qatına xidmət edib, onun bədiiliyinə xələl gətirməməlidir.

Ehtimal nəzəriyyəsinin başqa bir çox anlayışlarını və ayrı-ayrı məsələlərini şərh etməklə, onların bədii mətnlərdə bədii vasitə, bədii model olaraq istifadəsi texnikasından söz açmaq mümkündür, lakin bünlar bu sahə barədə bir qədər dərin məlumatlara malik olmağı tələb edir. Belə olan halda, həmin məsələlər üzərində qurulmuş bədii mətnlər daha yaxşı anlaşılar və onlardan bədii həzz alınması mümkün olar. Əks halda, o mətnlər yalnız oxucunu düşünməyə vadar edər ki, əslində, bu da heç də səmərəsiz deyil.

Ehtimal nəzəriyyəsinin bəzi maraqlı məsələləri üzərində elmi-bəddi təfəkkürün sayəsində bədii mətnlər qurmaq və onları intellektual bədii mətnlərə yaxşı nümunə adlandırmaq olar. Hətta bunlardan bəzi poeziya nümunələrinə çəkinmədən “elmi şeir” də deyə bilərik.

İşi asanlaşdıraq deyə, məqsədimiz bu nəzəriyyə haqqında ümumi məlumat verməklə bu elm sahəsinin əsas iki anlayışı – təsadüfi hadisə və ehtimal anlayışlarının intellektual bədii mətnlərlə doğmalığını aydınlaşdırmaqdan ibarət idi. Belə cəhdlər isə, hesab edirik ki, təkcə bu elm sahəsinin deyil, ümumiyyətlə, elm sahələrinin “düşüncə ədəbiyyatında” istifadə texnikası barədə müəyyən bilik və səriştə qazanmağa vasitə ola bilər.

Bir də, Ehtimal nəzəriyyəsinə bələd olmaqla müşahidə oluna bilən hər hansı bir hadisənin baş verməsi haqqında bütün mümkün fərziyyələri (ehtimalları) bir araya gətirmək olar. Məsələn:


Üç fərziyyə

Bir neçə günlük yoxluğun
bir həqiqəti anlatdı mənə:
varlığın yox olması deyilmiş ölüm,
ölüm – yoxolmanın varlığı imiş.

Sonra üç fərziyyə gəlir ağlıma:

I fərziyyə: mən yoxam.
Sən gözləyirsən. Qadın daha çox gözləntidi axı.
Çox gözləyirsən dönüşümü, lap çox. Anlayanda dönüşüm
hər dəfə dönüşüdü yoxluğumun, uzun-uzadı şəkillərimə
baxmağa başlayırsan gözüyaşlı, sığal çəkirsən bəzən
paltarlarıma. Gecələr bağrına basıb yastığımı hönkürürsən, –
belə olur, adətən. Sonra yavaş-yavaş yoxluğumla danışmağa,
dərdləşməyə alışırsan ... hər nəsə.
Əməlli-başlı öyrəşirsən Yoxluğuma.

II fərziyyə: sən yoxsan,
daha doğrusu, varsan yoxluq şəklində.
Qayıdıram hardansa, fərqi yox, işdən, gəzintidən
və sairə. Kişi də ki daha çox qayıdışdı axı – bunu
deməmişəm, deyəsən. Açarı uzadıram qapının kilidinə ...
yoxluğun açır qapını, əlimi uzadıram – yoxluğun yandırır işığı.
Masanın arxasına keçmirəm. Hələ bir müddət alışa bilmirəm
yad olan Yoxluğuna – isinişmək lazımdı, görünür, onunla.
Yatağıma uzanıram, qollarım çarpazlanır sinəmdə məsafə olmadığından
sinəmlə qollarım arasında; yoxluğunu qucaqlayıram hər gecə beləcə.

III fərziyyə: mən də yoxam, sən də.
Nə sən gözləyirsən dönüşünü yoxluğumun,
nə də mən qucaqlayıram yoxluğunu.
Ya əbədi itiririk bir-birimizi,
ya da əbədi qovuşur bir-birinə
varlığı yoxluğumuzun.

Hər üç fərziyyə bu qədər bəsit, sadəcə;
bütün yoxluqlarla olduğu kimi. Amma
anladığım həqiqət çox dahiyanə idi, əzizlərim:
varlığın yox olması deyilmiş ölüm,
ölüm – yoxolmanın varlığı imiş.

news-inner-user

13477 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Rus hərbçisindən mərclə tank udan jurnalist – Səfər Alışarlı yazır...
14:01 10 Dekabr 2019
Əyninə güllü şortik geyinmiş qoca “Nobel”
13:29 10 Dekabr 2019
"Mələk" təqdim olundu
12:52 10 Dekabr 2019
“Yevgeni Onegin”in ilk nəşri hərraca çıxarılacaq
12:15 10 Dekabr 2019
Nəbi Xəzrinin oğlu: “Ağlaya-ağlaya ölüm tez gəlsəydi, deyirdi” - Müsahibə
11:33 10 Dekabr 2019
Xalq artisti dünyasını dəyişdi
11:06 10 Dekabr 2019
Ögey anaların və qayınanaların qisası - Sevinc Elsevər yazır...
10:45 10 Dekabr 2019
İlham Qəhrəmanın kitabı akademiyada müzakirə olunacaq
10:15 10 Dekabr 2019
"Golden Globes-2020" mükafatlarına namizədlər bəlli oldu - Siyahı
09:46 10 Dekabr 2019
Ölməyə gəlmişəm! - İsi Məlikzadənin hekayəsi
09:01 10 Dekabr 2019
Məşhur musiqiçi Nəsimiyə kompozisiya həsr edib
18:51 09 Dekabr 2019
Nobelin təqimatında soyqırımı qalmaqalı
18:29 09 Dekabr 2019
General formasından xeyir-dua istəyən Səlim - Yeni Hekayə
18:01 09 Dekabr 2019
Ərini zəhərləyib öldürən qadın - Əlilliyi olan aktyorların tamaşası
17:20 09 Dekabr 2019
Opera və Balet Teatrında “Şelkunçik” nümayiş olunacaq
16:51 09 Dekabr 2019
"Bir əsrlik Nəsimi araşdırmaları" təqdim olunacaq
16:20 09 Dekabr 2019
22 yaşlı məşhur reper hava limanında öldü
15:39 09 Dekabr 2019
Mağazaya getdiyinə görə xanımını dindirməyən, qızlarını ölümlə hədələyən, oxuyub-yaza bilməyən böyük aktyor – Maraqlı faktlar
15:07 09 Dekabr 2019
Məşhur rejissor vəfat etdi
14:33 09 Dekabr 2019
Səfər Alışarlı mərhum jurnalistə hekayə həsr edib
14:01 09 Dekabr 2019