Kimdir güclü qadın? – Sevinc Elsevər yazır...

Kimdir güclü qadın? – Sevinc Elsevər yazır...
21 fevral 2020
# 17:41

“Qadın kişidən qorxmalıdır!” - bu sözləri ölkənin beş-altı telekanalından birində işləyən məşhur aparıcı Mətanət xanım deyir. Həm də o xanım ki, özü çox qorxusuz görünür.

Efirə çağırdığı üzünü qonaqlarına tutub bir az sonra özü də etiraf edir ki, ancaq mən ailəmi elə idarə etdim, hamı mənim arxamca getdi. Qadından da çox şey asılıdır, zəif olmaq olmaz!”

Deməli, zəif qadın oldunsa, günah özündədir!

Axı niyə bizim ailələrdə həmişə tərəflərdən biri güclü, digəri isə zəif olmalıdır?

Ta qədimdən nənə-babalarımız ər-arvad dava-şavalarını yatızdırmağa çalışanda da, “biriniz od olanda biriniz su olun!” deyə məsləhət etmirdilərmi?

Niyə mütləq tərəflərdən biri od olmaq funksiyasını, digəri də su olmaq funksiyasını yerinə yetirməlidir? Hirsli başı soyutmaq üçün su olub axmalıdır?

Niyə bizim ailələrdə mütləq kiminsə sözü keçməlidir, digər tərəf isə şərtsiz boyun əyməlidir? Qarşılıqlı anlaşaraq, bir-birini dinləyərək, anlamağa çalışaraq məsələləri həll etməməlidirlər?

Qadınlar da kişilərə qarşı şiddət göstərirlər. Mən tək tərəfli danışmaq da istəmirəm. Qadın nə vaxt od-alova çevrilə bilir? Maddi imkanlar onun əlində cəmlənəndə, işi, vəzifəsi, qazancı daha artıq olanda. Kişi qadının atasından, qardaşından asılı vəziyyətə düşəndə.

Son illər türklərin “içgüveysi” dediyi adət bizlərdə də yayğın olub. Hətta sözün ingilis dilində də anlamı varmış: internal husband. Kişilərin evləndikləri qadının atası tərəfindən bağışlanan, yaxud qadınının ailəsinə məxsus evdə yaşamalarına əvvəllər nadir hallarda rast gəlinirdisə, son illər bu çox yayğınlaşıb. Bu da insanların maddi, sosial problemləri ilə bağlıdır. Elə ailələr var ki, 15-20 ildir kirayələrdə yaşayırlar.

“İçgüveysi” həyatı yaşayan kişilərin həyatı çox da asan olmur, onlar çox vaxt özlərini gözükölgəli və borclu hiss edirlər. Bu vəziyyətdən istifadə edən qadınların bir çoxu, Mətanət xanımın dediyi kimi, kişilərinin başında boşqab sındırırlar. Yaxşı, bu nə qədər düzgündür? Niyə belədir?

Deməli, kim kimdən asılıdırsa, başıqapazlı olmalıdır?

Qadın kişinin evinə gəlir, gələn olur, gəlin olur, dilini qarnına qoyub oturmalıdır. Kişi qadının evinə gedir, onun adı gəlin sözü ilə eyniləşdirilmir, ancaq o da dilini qarnına qoyub oturmalıdır. Ən kiçik məsələlərdə belə söz haqqına sahib olmamalıdır.

Azərbaycanda qadınların kişilərə göstərdiyi şiddətin sadəcə şəkli fərqlidir. “Səni atam adam eləyib ortalığa çıxartdı!”, “Qurban olasan qardaşıma!”, “Atamın evidir, özüm bilərəm!” və s. şəklində.

“Arvadın malı, qapının dal!” – niyə bu ifadə yaranan gündən bəri dəyişmir? Kişinin maddi üstünlüyü ona həm də gücünü göstərməyə imkan yaradır. Ümumiyyətlə, gücünü göstərə bilməyən kişi əli-qolu bağlıdır. Çox vaxt dava gücü qazanmaq üstündə olur. Güc kimdə qalsın? Kim kimi əzsin? A yordu, yordu, görən kim kimi yordu?

Mətanət xanımın dediyi kimi, necə güclü qadın olmalı? Güclü qadın şiddətlə savaşa bilən qadındırmı? Özü şiddət göstərən qadındırmı? Pul qazana biləndirmi? Yoxsa, ərinin şiddəti qarşısında dözüb oturandırmı?

Güclü qadın kimdir? Bu sualın cavabı hərəyə görə bir cürdür. Nənələrdən soruşsanız, nə olur-olsun, qaynananın acı dilinə, baldızın danlağına, ərin söyüşünə rəğmən dözüb oturan, balalarını böyüdən qadındı deyəcək. Feministlərdən soruşsanız, özü-öz ayağı üstündə dayana bilən qadındı deyəcəklər. Öz ayağı üstündə dayanmaq maddi ehtiyaclarını tamamən təmin edib, asılı olmadan yaşaya bilməkdisə, vay halımıza. Bu gün bu mənada Azərbaycanda vur-tut yüz, yüz əlli güclü qadın ola, ya olmaya!

İdmançı qadınlardan soruşsanız, onlar da yəqin, qolu güclü qadınları göstərəcəklər, (Qızlarınızı idmana qoyun! Məsləhətdi). Bəlkə güclü qadın arxalı qadındı? Hansı ki dalında yaxşı ata, igid qardaş, qoluzorlu əmioğlu var. Bəlkə sadəcə fəndgir olmalısan? Zoluşkanın, Göyçək Fatmanın ögey anası kimi soyuqqanlı və hiyləgər? Necə güclü qadın olmalı ki, kişinin şiddəti qarşısında duruş gətirəsən? Özünü əzdirməyəsən?

Ümumiyyətlə, güc birlikdə deyildimi? Belə deyilirdi qədim bir atalar sözündə.

# 7445 dəfə oxunub

Oxşar xəbərlər

Kiprin "Avroviziya 2027"dəki təmsilçisi bəlli oldu

Kiprin "Avroviziya 2027"dəki təmsilçisi bəlli oldu

14:30 4 noyabr 2026
Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

13:30 4 noyabr 2026
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr”  sənədli filminin premyerası oldu

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası oldu

13:10 4 noyabr 2026
Səməd Vurğunun  əmisi nəvəsi bıçaqlandı

Səməd Vurğunun əmisi nəvəsi bıçaqlandı

12:54 4 noyabr 2026
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

12:14 4 noyabr 2026
"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..."  - İngilis mütəfəkkirdən sitatlar

"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..." - İngilis mütəfəkkirdən sitatlar

12:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər