writer1

Qismət

Məqalə sayı

160
clock21:01 calendar-gray 04 Noyabr 2019 view-gray299 dəfə oxunub
view-gray299 dəfə oxunub

Don Delillo: Sirrin axtarışında

1960-cı ildə populyarlıq pilləkənlərini sürətlə qalxmağa başlayan “Bitlz” qrupunun məşhur üzvü 20 yaşlı Con Lennon bir müsahibəsində necə öləcəyiylə bağlı suala belə cavab vermişdi: “Biz Kennedi deyilik, Qandi deyilik, onlardan daha şanslıyıq, çünki onların hamısı vurularaq ölüblər; mən də yəqin ağıldankəmin birinin gülləsiylə öləcəyəm”.

Bu müsahibədən 20 il sonra Con Lennon həyat yoldaşı Yoko Ono ilə birgə yeni albomu üçün studiyadan qayıdanda düz evlərinin qabağında ondan imza istəyən Mark Devid Çapmen tərəfindən öldürülür. Yazılana görə Çapmen Lennonu vurandan sonra qaçmayıb, səkidə oturub, polis gələnə qədər əlindəki kitabı oxuyub. Həmin kitab Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı idi.

Çapmen tutulandan sonra verdiyi ifadədə Lennonu niyə öldürdüyünü belə izah edib: “Mən bir heç idim, Lennonu vurdum ki, nəsə olum…”

Selincerin ölənəcən sirli-müəmmalı həyatı, üstəgəl, Lennonun illər əvvəl öz ölümünü öncəgörlüklə ifadə etməsi, üstəgəl, Çapmenin şizofrenikliyi – bütün bunlara bir az yaradıcı yanaşıb, maraqlı bir sui-qəsd nəzəriyyəsi uydurub, yaxşı bir roman yazmaq olmazmı?

Çağdaş romanların içində sui-qəsd nəzəriyyələri, sirr axtarışı, ezoterik-mistik mənbələrə yenidən baxış, qədim təriqətlərin fəaliyyətini çağımıza uyğunlaşdırma gen-boldur.

XX əsrin sonları, XXI əsrin əvvəllərində ədəbiyyatda da, kinematoqrafiyada da paranoya mövzulu, sui-qəsd nəzəriyyələri ilə bağlı əsərlər çoxalmağa başladı. Kinoda ilk ağıla gələn örnəklər bunlardır: “X-files” serialı, rejissor Riçard Donnerin baş rolda Mel Gibsonla Culiya Robertsi oynatdığı məşhur “Sui-qəsd nəzəriyyəsi” və Cim Kerrinin “Trumen şou” filmləri.

Ədəbiyyatda isə şərti olaraq Borxesdən başlayaraq, Tomas Pinçonda, Ekoda, Pamukda və başqa bir çox yazıçıda (xüsusilə Amerika ədəbiyyatında) bu mövzulu əsərlərə rast gəlmək olar.

XX əsrdə iki dünya savaşı görən, yeni yüzillikdə isə dayanmadan inkişaf edən texnologiyanın sürəti qarşısında başı gicəllənən, virtual reallıqların əsirinə çevrilən insanın beynini, ürəyini bürüyən əsas hisslərdən biri, bəlkə də birincisi, yəqin ki, qorxudur, paranoyadır.

Müharibədən sonrakı Amerikan həyatı haqqında 35 ildir ki, romanlar yazan Don Delillonun əsərlərinin əsas mövzusu paranoyadır, sui-qəsdlərdi, terror aktlarıdır.

50-ci illərdə, Don Delillonun 16 yaşında olanda, Amerikada eksperimental məqsədlərlə partladılan hidrogen bombasının görüntüləri bəşəriyyəti gözləyən təhlükənin siqnal fişəngi idi. O görüntüləri xatırlayarkən Don Delillo yazır ki, bu çox dəhşətli mənzərə olsa da, eyni zamanda, bu mənzərədə qəribə şəkildə “gözəllik” də var idi. Bu izaholunmaz “gözəllik”, “cazibə” sözügedən partlayışı çoxları üçün maraqlı edirdi. Don Delillo deyir ki, bu eksperiment insanların içində paranoikcəsinə partlayış istəyini və partlayışdan qorunmaq üçün yerin altında, zirzəmilərdə yaşamaq arzusunu cücərtdi. Don Delilloya görə, təhlükə içində yaşamağa vərdiş etmiş çağdaş insan bütün varlığını bürüyən güvənsizlik hissindən qaçmaq üçün özünü istehlaka və populyar kültürə həsr edir. Onun qəhrəmanları depressiyadan qurtulmaq üçün dərmanlarda çarə gəzən qadınlar, virtual məkanda qatillərlə şahmat oynayan cavanlar və artıq ölümə o qədər təəccüblənməyən, amma həm də ondan özünü sığortalamaq istəyən adamlardır.

Don Delillo məşhur romanlarından biri olan “Bəyaz küy”də (White noise) evlərimizi işğal etmiş, hər gün bizə “ağıl öyrədən”, bizimlə öz dilində danışan televizorun düşüncələrimizə təsirini belə ifadə edir: “Hər fəlakət daha çoxunu arzulamağımıza gətirib çıxardı; daha böyük, daha möhtəşəm, daha şiddətli fəlakətləri arzulamağa başladıq. Fəlakətləri sevməyə başladıq, onlara ehtiyac hiss etməyə başladıq, onlara möhtac olmağa başladıq. Təki başqa yerdə olsunlar…”

Delillo düşünür ki, terrorla, şiddətlə texnologiya bir-birinə möhtacdır. Terrorla populyar kültürün arasında fərq yoxdur, ikisi də bir-birinə qarışıb, bir-birinin içində itiblər.

“… Ölüm vücudunuza girib, içinizdədir. Sizə deyirlər ki, ölmüsünüz, eyni zamanda, bu ölümdən ayrısınız, boş zamanlarınızda ona vaxt ayıra bilərsiniz, rentgen lentində, ya da kompüter ekranında hər şeyin tükürpədici, yad, ögey məntiqini görə bilərsiniz. Özünüzlə vəziyyətiniz arasında diksindirici bir ayrılıq, bir fərq hiss etdiyiniz həmin an, təbir caizdirsə, ölümün qrafik yolla yayımlandığı andır. Sizə tanrıların əlindən zorla alınmış inanılmaz bir texnoloji simvollar toru təklif olunub və bu sizi öz ölümünüzə qarşı yad hiss etdirir.” (Bəyaz küy)

Çağdaş Amerika ədəbiyyatının ən istedadlı üslubçularından olan Don Delilloya görə, çağdaş dünyadakı paranoyanı və qorxunu ifadə edə biləcək yeganə sənət növü romandır. Çünki roman itaətkardır, sözəbaxandır.

Don Delillonun romanları haqqında deyirlər ki, bu əsərlər özündən sonrakı nəslin gənc yazarlarına – Devid Foster Uellesə, Riçard Pourse, Yohanna Skota və Conatan Frenzenə ciddi təsir edib.

Don Delillo demək olar ki, bütün romanlarında kapitalizmin, yeni texnologiyaların insanın mənəvi dünyasında açdığı yaralara, insanlar arasında yaranan uçurumlara xüsusi diqqət yetirir. Lakin bütün bunlarla yanaşı, onun romanları bəzi tənqidçilərin fikrincə, ilk baxışdan göründüyü kimi pessimist deyil. Don Delillonun romanlarında insanlar düşdükləri vəziyyətdən qurtuluş yolu tapmaq üçün çabalayırlar, bu bəzən nəticəsiz qalsa da. İstənilən halda ümid həmişə var və olmalıdır.

Don Delillo “Bəyaz küy” romanından əvvəlki romanlarına görə həm çox tənqid olunub, həm də oxucusu az olub. Bunun səbəbini isə yazıçı-tənqidçi Diana Conson belə izah edir ki, onun romanlarının az oxunmasının səbəbi bu romanlarda amerikalıların üzləşməkdən qaçdığı problemlərin qabardılmasıdır.

“New-York Review of Books”un resenzistləri Don Delillonu Amerika nəsrində “paranoiklərin məktəbinin lideri” hesab edib. Bunun isə müəyyən səbəbləri var. Bu səbəbləri həm müəllif özü, həm də bəzi tənqidçilər analiz ediblər. Don Delillonun və təndiqçilərin qənaətini ümumiləşdirsək belə demək olar ki, onun “paranoik məktəbə” aid edilməsinin əsas səbəbi budur: o, romanlarında amansız reallıqlarla üzləşməyə çalışır. Halbuki oxucular romanlarda öz həyat təcrübələrinə aid nəsə axtarırlar. O isə oxucuların gözləntilərinin əksinə onları narahat edən mövzularda yazmağa üstünlük verir. Don Delilloya görə, Amerika nəsrində “Ev – evin ətrafı –həyət”də yaşananlara həsr edilmiş çoxlu əsərlər yazılıb. Oxucular bunları oxuyub öz adi həyatlarına aid nəsə tapır və yalnız bu həyatın ciddi olduğu hissinə qapılırlar. Bu, onların həyatını təhdid edən şeylərdən qaçmağın bir növüdür. Buna görə Don Delillo, tutalım, ailə haqqında yazırsa, bu mövzunu təkcə ailə həyatı ilə məhdudlaşdırmır. Ailəni bütöv şəkildə, iqtisadi problemlər, texnologiya, media və insan həyatına təsir edən bütün elementlərlə birlikdə yazır.

Romanlarını çox pessimist hesab edənlərlə razılaşmayan Don Delillo deyir ki, mənim əsərlərim 50-60 il əvvəlki problemlərlə əlləşən başqa romançıların əsərləri kimi adama rahatlıq vermirsə, bu o demək deyil ki, o pessimistdir.

Bəzi tənqidçilərə görə Don Delillo Tomas Pinçon kimi, Con Bart kimi tam mənada postmodernist deyil. Məsələn, onlar yazır ki, “Bəyaz küy” romanının qəhrəmanı Cek Qledni qızı Stefaninin yuxuda sayıqladığı “Toyota Celica” sözünə böyük heyranlıqla qulaq asır və ona fikrincə, gündə TV-də reklamını gördüyü bu söz qızının dilində nəsə başqa məna kəsb edir, sanki bu iki adi söz bu dünyaya aid olmayan bir dildədir. Don Delilloya görə, uşaqlar yetkin insanların əlaqə qura bilmədikləri başqa aləmlərlə əlaqə qura bilir və informasiyanı ilkin mənbəyindən ala bilirlər. Don Delilloya görə, bütün uşaqlar indiqodur, bütün uşaqlarda balaca buddalıq var.

Qeyb aləminə, başqa aləmlərə inamda, metafizik tərəfləri olduğu üçün Don Delillonu tam mənada postmodernist hesab etməyənlər də var, hərçənd ki, fəndlərinə – pastişlər, kollajlar, simulasiyalar və s. görə bunun əksini deyənlər də az deyil. Bu mənada hesab etmək olar ki, Don Delillo qəribə şəkildə janrın, nəzəriyyənin sərhədlərini öz bildiyi kimi pozan özünəməxsus romançılardandır.

“Bəyaz küy” romanında fəlakət əvvəlcə ailənin ancaq tv-dən gördüyü bir səhnədir. Lakin elə ki, fəlakət konkret olaraq ailənin öz başına gəlir və onlar evlərini tərk etməli olurlar, bax onda, fəlakət onlara təsir edir. Bunu çətinliklə qəbul edirlər, çünki fəlakəti həmişə tv-də görüblər. Fəlakət onlar üçün həmişə uzaqlarda, başqalarının başına gələn bir şey olub.

Don Delillo bir sirrin izinə düşüb üzümüzü çevirdiyimiz, gözümüzü qaçırdığımız yerlərdə gəzişir, quyuların zülmətinə boylanır. Çünki bilir ki, harda bir quyu varsa, oralarda bir qamış tütək də olmalıdır və həmin tütək dünyanı tutmaq istəyən isgəndərlər haqqında nəsə bilir…

Sim-sim

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

20 noyabr gündəliyim – Şərif Ağayar yazır…
21:01 20 Noyabr 2019
“Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
18:45 20 Noyabr 2019
Çarli Çaplinin yubileyi Azərbaycanda belə qeyd olunacaq
18:10 20 Noyabr 2019
Yazarlarımızın məşhur uşaqları - Fotolar
17:30 20 Noyabr 2019
Çərçivələr - Şeir
16:50 20 Noyabr 2019
Xalq yazıçısının kitabları təqdim olunacaq
16:10 20 Noyabr 2019
İncəsənət Bieannalesinin ekspozisiyaları açıldı - FOTOLAR
15:30 20 Noyabr 2019
Uşaqlarını həyat yoldaşından zorla alan aktyor - Maraqlı Faktlar
14:51 20 Noyabr 2019
Nəsiminin qəzəllər toplusu Ukraynada
14:10 20 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
13:30 20 Noyabr 2019
Dostoyevskinin hekayəsi: Timsah – Dilimizdə ilk dəfə
12:25 20 Noyabr 2019
Rəsm əsərinin nüsxəsi 600 min dollara satıldı
12:07 20 Noyabr 2019
Rejissorumuz Moskvada “İlin adamı” seçildi
11:51 20 Noyabr 2019
Adam da bu qədər qız sevərmi? - Ayxan Ayvazın əsgər dostuna məktubu
11:20 20 Noyabr 2019
Gənc şair Aqşin Yeniseyə şeir yazdı
10:38 20 Noyabr 2019
Şəhriyardan Fərqanə Qasımova və Sevda Ələkbərzadəyə sərt sözlər: “Yazıqsınız”
09:56 20 Noyabr 2019
“YARAT”da 18+ tamaşa
09:36 20 Noyabr 2019
Mirzə Cəlilə heykəl yox, büt qoymaq istəyirlər - Yazıçılardan qalmaqallı açıqlama
09:00 20 Noyabr 2019
Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş
21:01 19 Noyabr 2019
“Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19:00 19 Noyabr 2019