Qadın haqları və ziyalıların Cahandar ağa sevgisi

Qadın haqları və ziyalıların Cahandar ağa sevgisi
30 oktyabr 2019
# 17:45

Kulis.az Aliyənin “Çətin ziyalı” adlı yazısını təqdim edir.

Bu günlərdə Muğam Mərkəzində İsmayıl Şıxlının yubileyi münasibətilə film təqdim olunurdu. Filmdən qabaq hörmətli adamlara, ziyalılara söz verildi. Qulu Məhərrəmli, Sabir Rüstəmxanlı uzun çıxışları ilə özləri demişkən zamana görə qısa filmi kompensasiya etdilər.

Ziyalılar silkinin özünəxas mövzuları, problematikaları olur. Məsələn, müstəqillik aktını imzalamaq mövzusu ilə öz xidmətlərini də vurğulamış olan Sabir Rüstəmxanlı İsmayıl Şıxlı haqqında danışırdı. Söhbəti meydan hərəkatı, kişilik, ağalıq, bəylik kimi mövzulara gətirdi. Daha sonra “Dəli Kür”dəki Cahandar ağanı əvvəlcə İsmayıl Şıxlının özü ilə eyniləşdirdi, daha sonra onun haradasa Cahandar ağa olduğunu söylədi.

Zala baxa-baxa bir anlıq cəmiyyətimizin nə qədər kontrastlaşdığını, həm də marginallaşdığını düşündüm. Məsələn, bu zal indi bir feminist üçün ağlayırdı. O Feminist burda olsa nə sual verərdi? “Başqasının arvadını götürüb qaçmaq Cahandar ağanın kişilik anlayışının hansı bəndinə uyur?”

Yəqin Sabir Rüstəmxanlı da cavab verərdi ki, Cahandar ağa ziddiyyətli qəhrəmandır, mürəkkəb obrazdır, ədəbi əsərdə bu ziddiyyət, mürəkkəblik ciddi bir keyfiyyət göstəricisidir. Tamaşaçıda suallar düşüncələr yaradır. Üstəlik də yazıçı mürəkkəb bir dövrü təsvir edir, o dövr ki, rus imperiyası bir quruluş olaraq öz dəyərləri olan bir coğrafiyaya yeni həyat tərzi gətirirdi. Burada ziddiyyətlər yaranırdı. Əslində hansı dövr üçün bunu demək olmaz ki?! 80-lərin sonları da belə mürəkkəb dövr idi. 44 nəfər müstəqillik aktına səs verdi. İsmayıl Şıxlı da onlardan biri idi... Və s. Və ilaxır.

Əsəbləri zəif feminist dözməyib zaldan çıxardı. Ümumiyyətlə, o niyə belə tədbirə gəlmişdi? Onu bura gətirən dramaturji əsası da düşünmək lazımdır. Amma bunları bu qədər dərindən düşünmək də nəyə lazımdır? Feministi buraxaq getsin. İsmayıl Şıxlının Patriarxal mühitdəki qəhrəman obrazını, Cahandar ağanı niyə sevdiyimizi araşdıraq. Ziyalı – cəmiyyət – dəyərlər – şərtlər. 10 debatın mövzusudur. Məsələn, müntəzəm olaraq ölkədəki qadın qətlləri ilə gündəmə gələn qadına şiddət mövzulu müzakirələr, dəyirmi masalar bir az da genişlənib menyuya “Cahandar ağa sevgisi və qadın haqları”nı əlavə etsələr xeyli maraq doğurar.

Bəlkə də məlum olar ki, Cahandar ağanın ziddiyyəti filanı yoxdur. O ziddiyyəti yazıçı açdığı üçün yoxdur. Ziddiyyət elə bizim özümüzdə, ziyalılarımızdadır. Sadəcə olaraq onları İsmayıl Şıxlı kimi təsvir edəcək bir müəllifə ehtiyac var. Publisist yazılarda (məs. Seymur Baycanın) bir çox cizgilər işlənsə də, ümumən mühit, şərtlər, cəmiyyət dəyərlə kontekstində bu ziddiyyət çözülməyib.

Cahandar ağanı dolğun bir obraz kimi sevmək olar, bütöv bir zamanı təcəssüm etdirən ədəbi qəhrəman kimi ən yüksək pilləyə qoymaq da yaxşıdır, amma tam bir patriarxal mühitin qəhrəmanını (ata-oğul xətti, qadın-kişi xətti və s) insan hüquqlarının prioritet olduğu bir zamanda meyar-dəyər olaraq görmək düzgün mesaj ola bilməz.

Cahandar ağa ölən dünyanın qəhrəmanıdır. O dünyanın həsrətini çəkib bu dünyanın ziyalısı olmaq olduqca çətin olmalıdır. Bu çətin işdə ziyalılarımıza uca Tenqridən uğurlar diləyirik.

Sonda onu deyim ki, İsmayıl Şıxlının “Dəli Kür”ü Azərbaycanda roman janrının ən yaxşı nümunəsi kimi bu günün kinosuna, ədəbiyyatına ayaq verir. Məsələn, Asif Rüstəmovun “Axınla aşağı” filmi “Dəli Kür”dən sitatla başlayır. Rejissor həm də yalnız məkana və ya təsvirə görə deyil, mövzu problematikaya görə “Dəli Kür”ü xatırlatmaq istəyir. Çünki onun qəhrəmanları “Dəli Kür”lə birlikdə “ölən dünya”nın dağıntıları altında əzilənlərdir.

# 6317 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər