Anamı axtarıram... myau... myau... – Qeyri-adi şeirlər

Anamı axtarıram... myau... myau... – Qeyri-adi şeirlər
29 oktyabr 2019
# 15:32

Kulis.az Rauf Qaraişığın yeni şeirlərini təqdim edir.

***

Şaiq Vəliyə

Şeir kimi
Dua kimi
Adamıydı…
Keçən səfər
Getdim gördüm
Yox olub!..
Kimsə oxuyub
Allaha
Onu...

***

Gəlmə üstümə
belə
yeyin-yeyin,
Yeni ilim.
Gözlə bir az...
Bir şeir borcum var
Keçən ilə -
Fırlanır başımın üstündə
Səhər-axşam kəpənək kimi...
Gözlə bir az
Gözlə…
Çöldə qar yağır
veyil-veyil,
Yeni ilim.
Gəlmə üstümə belə
yeyin-yeyin
Yeni ilim…

***

Ay Hələb,
Ay Hələb...
Səni niyə belə
darmadağın
və mağmın
günə saldılar,
Ay Hələb?

600 ildir
girəvə axtarırdım
səndən soruşum -
Nəsimini niyə helə elədiz?!!
Hə,
İmadəddini deyirəm,
Hə,
ay Hələb!!!

Eee, ay Hələb, ay Hələb
Hələ bu harasıdır…

***

İzmirdə payız

Müşfiq Şükürova

Dünən
ağrıdan qıvrılan
bir sarı yarpaq gördüm
Bildim ki, payız gəlib…

Yolumun üstündə,
yerə atılmış
bir saralmış məktub gördüm -
heç açılmamış.
Bildim ki,
dostum inciyib məndən…

Bu gün
hoteldə
səhər yeməyində
bir iranlı “baba”
bir urus "tovariş"in “torbasını tikirdi“
Çörçilin ana dilində -
şirin-şirin “konuşurdular”, yani.
Bildim ki,
yağış yağacaq axşam…

***

Qara payız

Səhər tezdən gördüm səni
Ləpədöyəndə...
Pəpəyeyən quşların
Qanadlarına sığınıb durmuşdun
Məni gördün
Durdun gəldin yanıma -
Yavaş-yavaş,
Ehmal-ehmal,
Meh külək - mehriban külək,
Qoyun külək!..

Bütün günü əsdin - kəsdin
İndi də gecə düşüb ağacların üstünə...
Bir də bu qara payız...
Bir də bu yağış…

Yaxşı,
sən
niyə gedib yatmırsan, axı
Ayıq külək - bərk külək,
Soyuq külək - sərt külək
Qurd külək !..

Bir də bu qara payız
Bir də bu yağış…

***

Qar

İlqar Kamilə

- Salam, ay Qar!
- Salam, ay Qaraişıq!
- Necəsən?
- Hələ ki, ağam,
yumşağam,
soyuğam,
qağa...
- Sən necəsən?
- Mən də elə sənin kimi...
- Hələ ki, sağam...
Buzlamışam bir az...

***

Salam, ay gecə

Zahid Sarıtorpağa

- Salam, ay Gecə
Canım-gözüm
Abim mənim!
Ayı taxıb qaşqana
Nə durmusan qanıqara
o boş küçənin
yaş küçənin tinində.

Canım Abim,
Denən görüm
Bu Qara kainatın-
bütün dünyanın
yüzdə 99 nöqtə 99-u
Sənin!..
Qanın qara, ama?!

Çün məni heç kim sevməz, abiciyim!
ağ ulduzları sevərlər,
Ağ işığı sevərlər, işığı…
Yaxşı, boş ver,
Sən neynirsən, abiciyim?

- Mən…
Heş zad…
Bu gün günuzunu
üzünü görmədiyim
adamlar üçün darıxmışam…

Yaxşı, Abi, nəysə, boş ver…
Yağış da yaman yağır
Yuyub aparar səni
Çıx get, Abi
Get, vaxtdı
Get, qara Abim mənim,
Bəhməz Abim…

***

Heykəl işinə baxan məmura

Hadiyə bir heykəl qoyun, noolar?!
Hə, Məhəmmədi deyirəm.
Qoyun 28-dəki vağzalın perronuna -
Apreldi, Maydı - bilmirəm,
28-i deyirəm.
Elə qatara mindiyi yerdə
qoyun heykəlini
Əlində sata bilmədiyi şeirləri…

Bəhlulzadəyə bir heykəl qoyun, noolar?!
Həri, Səttarı deyirəm.
Qoyun çölün düzündə
Damı daman daxmada
Yağışın-suyun içində -
Elə ora-bura qaçdığı yerdə
qoyun heykəlini
Əlində sulu boyaları axmış şəkillər…

Mirzəcanızadəyə,
Azad müəllimi deyirəm,
bir heykəl qoyun, noolar?!
“Azİ”-nin önünə
Oturduğu yerdə olsun heykəli, noolar?!
Ayaqları ağrımasın!..
Bir əlində kitab olsun,
O birində “Zaparojets” açarları…

P. S. Hə, yadımdan çıxmışdı,
Kolxoz bazarının qabağında -
Sumqayıtda,
Nizaminin heykəli var,
Hə, Gəncəvini, deyirəm,
Götürün onu ordan,
Noolar?!!

***

Sentyabr

Sən?!
Genə sən?
Genə gəldin qapıma,
Sentyabr!!!
Sən tay abır qoymadın məndə-
Sen - tyabr!!!
Xəzəl
kimi
pulunu
İçkilərə
verib
dağıdan

Alkaş qardaşım mənim...
Qəzəl oxuma mənə.
Gəl keç
içəri
Biçarə qardaşım mənim.
Götür o çapma istəkanı
İçək.
Yağış içəcəyik bugün
Sentyabr,
Qardaşım
mənim!

***

Gəl,
dedin...
Yüz ilin yağışları
yağdı ...
ayaqlarımın üstünə...
Gələ bilmədim!!!

***

Həyat -
qızılgül meşəsi -
al-qırmızı,
qan-qırmızı.

Mən bir mavrı
Mən bir yavru
Anamı axtarıram
Myau...
Myau...

***

Yatmışdım...
Bal iyi gəldi,
tutdu burnumnan
dartdı
apardı məni
telefonun yanına...
Gözümü açdım
Qulağımı açdım...
Telefon zingildədi - qızım idi .
- Ata, necəsən?
- Yaxşıyam, qızım...
Bal iyi gəlir otağımdan!..

***

Sənin
üzündəki
təbəssümü
görməyə gəlmişdim, abi.
Gedirəm,
gəl üzümü sürtüm üzünə...
Di, sağol.
Di, salamat qal...

***

Mən səni sevirəm -
sən
Sumqayıtı
sevdiyin
qədər,
Vətən!..

***

Yelkənli qayığa bənzər şeir

.
...
sən
mənim
Dərdimdən
Ba - la - ca - san
..
Vətən!

***

Tablo.
Sumqayıt - 1969

(yağlı boya)

Ağ dizlərim
dağım-dağım…
Asfaltın ortasında
“podnojka” meşəliyi…

Qana batmış rezin topum!..
Böyük uşaqların hapı-gopu.
Balacaların
məftil arabaları
şütüyürlər -
dığın-dığın…
Dizlərim dağım-dağım!

Qana batmış rezin topum
Bir

bir
qırmızı
şapalaq!!!

Görüntünün olası içeriği: Rauf Muradov, gözlük

# 3578 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #