Manyak qatil haqda baxmadığımız Azərbaycan filmi

Manyak qatil haqda baxmadığımız Azərbaycan filmi
24 oktyabr 2019
# 09:00

Kulis.az Sevda Sultanovanın “Yeni filmlərimiz” layihəsində “Əlavə təsir” bədii filmini təqdim edir.

Süjet: Filmin əsas personajlarından biri, hüquq mühafizə orqanlarının əməkdaşı Əziz (Kənan Məmmədov) cinayətkarı təqib edərkən, balaca bir oğlanı maşınla vurur. Və onu ölümcül yaralayır. Qəzaya görə Əzizə 3 il iş verilir. Başqa süjet xəttində üzünü şarfla bürümüş adam valyuta dəyişmə məntəqəsində 100 dolları dəyişmək üçün verir və ardınca kassadakı pulları tələb edir. Məntəqə əməkdaşı müqavimət göstərmədən pulları verir. Belə hadisə ard-arda bir neçə valyuta dəyişmə məntəqəsində olur. Digər xəttdə kimyaçı alim Eldar Tağıyev (Şamil Süleymanov) xəbərsiz yoxa çıxır. Gedişatda bəlli olur ki, Eldar Tağıyev sovet dönəmində elmi-tədqiqat institutunda hakimiyyətin nəzarəti altında yeni bir məhlul üzərində işləyirmiş. 1990-cı illərdə, sovet hakimiyyəti dağılandan sonra axtarışlar dayandırılır. Bir müddət sonra Eldar Tağıyev institutdan tədqiqatının ilkin nəticələrini götürərək yenidən işə başlayır. Məlum olur ki, məhlulun köməyi ilə insan yaddaşının müəyyən hissəsini silmək, onu zombiləşdirmək olar. Eyni zamanda, məhlul vasitəsi ilə insanı narkomaniya və alkoqolizmdən uzaqlaşdırmaq da mümkündür. Bunu bilən valyuta dəyişmə məntəqəsinin müdiri Nazim (Əbdül Mahmudov) həmin məhluldan öz məqsədləri üçün istifadə etməyi qərara alır. O, dollara həmin məhlulu hopduraraq, bir cinayətkar vasitəsilə kassirləri zərərsizləşdirir. Daha sonra Eldar Tağıyevin qətlinə sifariş verir...

Elxan Cəfərovun 2010-cu ildə ekranlara çıxan “Əlavə təsir” filminin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyevdir. Rejissor əhvalatı dinamik işləyib, montaj yığcamdır, nəqldə sənədlilik yaratmağa çalışıb. Misalçün, hər yeni personaj ekranda göründükcə, təsvir saxlanılır, titrlərdə onlar haqda qısa bioqrafik məlumat gedir.

Elxan Cəfərov filmlərində əkşn səhnələrini yaxşı işləyir. “Əlavə təsir”də də öz bacarığını ortaya qoyur. Sadəcə problem ondadır ki, tipik Hollivud detektivlərinin adını xatırladan və iddialı səslənən “Əlavə təsir” gözlənilən təsir yarada bilmir. Film Hollivud kino sənayesində istehsal edilən məhsulların imitasiyasıdır və çox sxematikdir. Detektiv janrının qanunları gözlənilsə də, əhvalatın sxematik qurulması səbəbindən həyəcanlı gözlənti ötürülmür, başqa cür desək, ekranın o üzündəki reallığa daxil ola bilmirik. Film bədii özəlliyi olmayan, sadəcə informativ yüklü xronikaya, bəzi hallarda isə televiziya estetikasında çəkilmiş cinayət reportajlarına bənzəyir.

Burda konkret qəhrəman yoxdur. Müəllif başa düşdüyüm qədərilə, Əzizi əsas qəhrəman seçmək istəyib. Amma o, təhkiyədə itib batır, önə çıxa bilmir. Əvvəldə həbsə düşdüyü göstərilən Əzizin sonradan əhvalatın vacib xətlərindən biri olacağını düşünürsən, amma xətt qəfil qırılır. Nəticədə dramaturji nizamlılıq pozulur, Əziz süjetin zəruri həlqəsinə çevrilmir, onun cinayətin açılmasındakı rolu yetərincə əsaslandırılmır. Onun həbsə düşməsinə səbəb olan, rejissorun ilk kadrlardan hansısa dəhşətli cinayətlərin mərkəzində dayanacağına eyham vurduğu manyak-qatil də, guya qətlin açılmasına yardımçı olan psixoloq da təsadüfi, əhəmiyyətsiz obraza çevrilir. Müəllif obrazlar bolluğunda sanki özünü itirir, personajların və hadisələrin kinematoqrafik həllini təklif etmir. Və ekranda sovet detektiv filmlərinə xas basmaqəlib xarakterlər görünür: rəhbərin əlini masaya zərblə vurub amiranə tonda nəticə istəməsi, müstəntiqlərin isə həddindən artıq əxlaqlı, yüksək mənəviyyatlı təsviri. Bir səhnədə isə manyak qatilin psixi vəziyyəti klassik musiqi ilə müşayiət olunur. Klassik musiqi və manyak-qatil obrazı klassik priyomdur. Məsələn, Qas Van Setin “Fil”, Stenli Kubrikin “Mexaniki portağal” filmlərində qəhrəmanlar klassik musiqidən ruhlanaraq qəddarlıq aktları törədir.

“Əlavə təsir” Azərbaycanfilm kinostudiyasında istehsal olunub.

# 5069 dəfə oxunub

Oxşar xəbərlər

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

17:40 13 avqust 2026
Dünya kinosunun dəhşət və qorxu ustası  – Alfred Hiçkokun 5 məşhur filmi

Dünya kinosunun dəhşət və qorxu ustası – Alfred Hiçkokun 5 məşhur filmi

13:00 13 avqust 2026
"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3  əsas rolu

"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3 əsas rolu

17:20 12 avqust 2026
Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

14:00 12 avqust 2026
Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

12:30 12 avqust 2026
Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar  - O, hansı filmə  görə təzyiqlərə məruz qalmışdı?

Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar - O, hansı filmə görə təzyiqlərə məruz qalmışdı?

10:00 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər