Qızının elçilərini evdən qovan azarkeş

Qızının elçilərini evdən qovan azarkeş
17 oktyabr 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Azarkeş” bədii televiziya filmini təqdim edir.

Süjet: Hadisələr bir kənddə baş verir. Əhvalatın qəhrəmanı Argentina Murtuz (Əjdər Həmidov) futbol azarkeşidir. O, az sonra başlayacaq futbol üzrə dünya çempionatını səbirsizliklə gözləyir. Ailəsinin problemləri, qayğıları onun üçün arxa plana keçir və Murtuz reallıqdan qoparaq çempionatın eyforiyası ilə yaşayır. Murtuz çempionat ərəfəsində bir neçə qoyunu satıb özünə təzə kostyum alır. Və oyunları kostyumda izləyir. Arvadı Səkinə (Səidə Quliyeva) ərinə qızlarından birinə elçi gələcəyini deyir. Murtuz isə təkid edir ki, elçilər çempionat bitəndən sonra gəlsin. Buna baxmayaraq, elçilər gəlir. Murtuz elçiləri qarşılamağa məcbur olur, amma bu zaman televizordan Argentinanın qol vurduğunu eşidəndə onlara sonra gəlməsini xahiş edir.

Başqa bir xətdə Murtuzun vaxtilə sevdiyi, təzəlikcə dul qalmış Zöhrə (Kəmalə Hüsyenova) meylləndiyi göstərilir. Paralel süjet xətti isə dəhşət filmlərinin həvəskarı olan gənc oğlandan (Emil Məmmədov) bəhs edir. O, izlədiyi filmlərdən təsirlənərək, maskalanır və gecələr küçələrə çıxaraq sakinləri qorxudur.

Bir axşam işıq sönür və Murtuz futbol izləmək üçün tanışının evinə tələsir. Yolda manyakla rastlaşan Murtuz bərk qorxur və ondan qaçmaq üçün təsadüfən sevdiyi qadının evinə girir. Təklikdə qalan iki sevgili sevişir. Finalda göstərilir ki, onların oğlu olur və adını Maradonanın şərəfinə Diyeqo qoyurlar...

Rejissor Cavid Təvəkkülün “Azarkeş” filmi 2008-ci ildə ictimai televiziyada istehsal olunub. Məzəli əhvalatı izləyəndə yadıma çoxdan olmuş bir hadisə düşdü. UEFA kuboku uğrunda Qalatasaray finalda yarışırdı. Tərslikdən həmin axşam işıqlar söndü. Normalda işıqlar sönəndə, tədbir tökmək üçün barmağını belə tərpətməyən məhəllə kişiləri yığışıb işıq idarəsinə getdilər, aksiya keçirtdilər. Az sonra işıqlar yandı. Bu mənada Cavid Təvəkkül Murtuzun simasında futbol fanatikinin dəqiq obrazını yaradır. Əslində istənilən fanatizm fərdi gerçəklikdən ayırıb reallıqdan qopara, hətta faciəli nəticələrə gətirib çıxarır. Ancaq rejissor Murtuzun futbol fanatizmini sevgiyə qarşı qoyur. Kişi həlledici matçı unudaraq sevdiyi qadına ram olur. Yeri gəlmişkən, müəllif Murtuzla Zöhrənin yataq səhnəsini yaxşı həll edib. Həmin səhnə zamanı kadr qaralır, tamaşaçı yalnız onların ehtiraslı pıçıltısını və həyəcanını eşidir. Artıq böyümüş Diyeqo ilə anasının dialoqu da qara kadrla həllini tapır.

Hərçənd, paralel süjetdə - manyak obrazının işlənməsi onun əhvalatdakı yerini, funksiyasını aydınlaşdırmır, digər süjetlərlə kəsişmir və xətt dramaturji materialda oturuşmayıb. Yalnız finalda aydınlaşır ki, manyakın əsas funskiyası Murtuzu sevgilsinin evinə salmaqdır-yəni kişi ondan xilas olmaq üçün evə girməli olur.


Bununla belə manyak obrazı kinomuzda yenidir. Personajın cinayət törətmək fikri olmur, o, sadəcə dəhşət filmlərində gördüyü qəhrəmanları imitasiya edir, həyata gətirməyə cəhd göstərir.

Adətən C.Təvəkkülün filmlərində Kusturitsa kinematoqrfiyasının tonallığında yumor sezilir. Epizodlardan birində Argentina Murtuz futbola baxır. Arvadı ona qonşu kənddən bir oğlanın qızına söz atdığını desə də, Murtuz fikri vermir. Və birdən sevdiyi komanda qol buraxan məqamda Murtuz da gərilir, tüfəngi götürüb qızına söz atan oğlanı öldürməyə getmək istəyir. Onu azarkeşliyinə görə danlayan arvadı çarəsiz qalıb o sehrli sözü işlədir: “Futbolu qoyub hara gedrisən”.

Filmin ssenari müəllifi İmir Məmmdəli, operatoru Polad Məmmədovdur.

# 5887 dəfə oxunub

Oxşar xəbərlər

Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

13:30 13 oktyabr 2026
İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

12:30 13 oktyabr 2026
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

11:01 13 oktyabr 2026
Özge Gürel:  "Bu işə başlayarkən çox qorxurdum"

Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"

10:26 13 oktyabr 2026
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

10:09 13 oktyabr 2026
"Uşaqlara qarşı ən qorxunc günah..." –  Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

"Uşaqlara qarşı ən qorxunc günah..." – Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

14:07 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər