news-inner
clock09:00 calendar-gray 07 Oktyabr 2019 view-gray1274 dəfə oxunub
view-gray1274 dəfə oxunub

Millət vəkili: “Atamı heç vaxt görməmişəm” – Müsahibə

Kulis.az “İşdən kənar” layihəsindən Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlıyla müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.

- Bildiyimə görə, ədəbiyyatı çox sevirsiniz...

- Ədəbiyyatla yaxınlığım orta məktəbdən başlayıb. Özümü ədəbiyyata yaxın biri kimi hesab edirəm. Baxmayaraq ki, Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişəm. Fərqlənən tələbə olmuşam. Rəsmi işlərə də məni cəlb edirdilər. Mən də canla-başla bu işləri yerinə yetirirdim.

Doğulandan 36 gün sonra atam İkinci Dünya müharibəsinə getmişdi. Ordan da qara kağız gəlmişdi...

- Deməli, obrazlı şəkildə desək, ədəbiyyatla sizi həyat tanış eləyib.

- Bəli, bəli, mənim hekayəm belə başlayıb. Atamın düşmənlə döyüşdə qəhrəmancasına həlak olduğunu yazmışdılar. Rusca yazılan qara kağızda...

- O hekayənin davamı necə idi bəs?

- Biz tərəkəmə olmuşuq. Yayda yaylaqda, qışda qışlaqda yaşayırdılar tərəkəmələr. Təmiz əqidədə, təmiz vicdanda olurlar. Anam saxlayırdı bizi. Üç yaşım olanda məni dəvənin üstündə oturtdu. El dağdan qayıdır, irəmədən aşanda dəvə löhrəmləyir, mən də yumalanıram. Özü də yuxuluyam. Qəfil elə olur ki, dəvənin üstündən düşürəm, anam məni göydəcə tutur. Yerə düşsəm parça-parça olardım. Dəvə yeniş yenəndə başıma bir qapaz vurdu. Bayaqkına hirslənmişdi. Dedi, ə, səni bu daşlıqda basdıracaqdıq, nağarırsan sən? Uşaq idik də. Az qala öləcəkdim. O da qorxmuşdu bundan. Yaşadığım o ağır illərə baxmayaraq, taleyimdən razıyam. Mənə xoş günlər verib.

- Atanızıgörə bilmədiniz...

- Bəli. Onun qara xəbərinin doğru olub-olmadığını sonralar da yoxladıq. Ancaq heç bir xəbər çıxmadı. Bizə bircə “ne znayu” dedilər...

- Onu təsəvvürünüzdə canlandırmışdınız heç?

- Yox... Şəkillərdə görmüşəm ancaq. Əmilərim onu xatırladırdı. Gəlirdilər tez-tez. Amma necə deyərlər, bu evin işığı o evə düşmür.

- Oxuduğunuz əsərlərdə həyatınızdakı bu ağır dönəmlərin izlərini axtarırdınız? Paralelik...

- Hə... Hə... Axtarırdım... Hələ 6-cı sinifdə oxuyarkən mən kitab həvəskarı olmuşam. Əyyub Abbasovun “Zəngəzur” romanı mənə ən çox təsir edən romanlardan olub. “Zəngəzur” romanı ilə bağlı sizə bir əhvalat danışım. Azərbaycan Dövlət Universitetində oxuyuruq, yataqxanada qalırıq. Cəvahir adlı bir komendantımız var, bir gün bizə dedi ki, bura təmir olunacaq, gedin özünüzə ev axtarın. Komendantımızın bu sözündən sonra tələbələr başladıq ev axtarmağa. Universiteti qurtarmağımıza da 2 aya yaxın vaxt qalıb. Biz Ostrovski küçəsində, universitetə solaxay bir yerdə axtarışlara başlamışdıq. Bir kişi qabağımızı kəsdirdi ki, nə istəyirsiniz? Məsələni ona danışanda dedi, boş yerə camaatı narahat eləməyin, versə-versə, sizə filan adam ev verər...

- Lap Jan Valjanın qalacaq ev axtardığı vaxt ona yepiskopun evini göstərmələri səhnəsinə oxşadı...

- Hə... Həmin yerə getdik. Bir qadın qapını açdı və rusca soruşdu ki, sizə nə lazımdır? Mən də əsgərlikdə rusca öyrənmişdim, qadına izah elədim. Bizi içəri dəvət elədi. Divarda bir şəkil vardı, mənə çox tanış gəlirdi. Qadın azərbaycanca soruşdu: “Oğlum, nəyə baxırsan elə?” Dedim, o şəkildəki Əyyub Abbasov deyil? “Zəngəzur” romanının müəllifi... Dedi, hə, odur, sən onu hardan tanıyırsan? Dedim, mən onun romanını oxumuşam, iki cildini də. Qadın sevindi.

- Bəs o qadın niyə yazıçının şəklini ora vurmuşdu?

- Sən demə, ora Əyyubun eviymiş, bu qadın da onun yoldaşı. Əslən tatar qadınıymış özü də. Əyyub Abbasov rəhmətə getmişdi və o divardakı şəkil də mənim oxuduğum kitabdakı şəkilin eynisiydi.

- Bəs qadın evi sizə verdi? Kirayə qalmaq üçün...

- Yox. Dedi, ev qızlar üçün kirayəyə verilir, oğlanlara verilmir.

- Təəssüf. Evi əldən qaçırtmısınız. Bəs o roman niyə sizə daha çox təsir eləmişdi?

- Mən Mirzə İbrahimovun “Gələcək günü”nü də oxuyub bəyənmişəm. Süleyman Rəhimovun “Şamo” romanı, Ordubadinin “Qılınc və qələmi”ni də... Amma bu roman daha çox təsir edib.

- Mirzə İbrahimov uşaq yaşlarında valideynlərini itirib. 3 yaşı olanda anasını... Atasını da neft buruqlarındakı fontanda itirib. Sizin taleyinizə oxşarlığı var hardasa. Körpə yaşda ata itkisi... Və sonra böyük vəzifələr, həyatının qəfildən dəyişməsi...

- Elədi. Oxşarlıq var. Ancaq mən onunla özümü müqayisə edə bilmərəm. Böyük adam idi. “Gələcək gün”ü də, ordakı qəhrəman Firidunu da xatırlayıram. Yaxşı oxumuşdum o romanı. O vaxtlar Ali Sovetin sədriydi Mirzə İbrahimov. Ona Moskvadan zəng edib deyirlər ki, yeni bir romanını ver, plana daxil eləyək. O da öz romanını yox, “Zəngəzur” romanını verir. Öz “Gələcək gün” romanını yox, “Zəngəzur”u onlara göndərir. Bu romanın təsiri haqda soruşursunuz. Romanın ağır mövzusu var. Çətindir bu haqda danışmaq...

- Bəs dünya ədəbiyyatında sizə bu cür təsir etmiş əsər yaxud yazıçı varmı?

- Əlbəttə. Dostoyevski mənə çox təsir edib. Onun əsərlərini çox sevirəm.

- Deyəsən, rus ədəbiyyatını daha çox oxumusunuz...

- Bəli, bəli... Tolstoy da, Qorki də. Və başqaları. Ancaq Dostoyevskini daha çox sevmişəm. Başqa ədəbiyyatları da oxumuşam. Fransız, alman, ingilis və s.

- Xanhüseyn müəllim, indi izləyə bilirsinizmi müasir ədəbiyyatı? İndi də şeir yazan, özünü şair elan edən çox adam var...

- Yox, izləyə bilmirəm.

- Vaxtınız olmur, ya səbəb başqadır?

- Marağım yoxdur.

- Yazıçılar Birliyinə münasibətiniz necədir?

- Yaxşıdır. Mən Yazıçılar Birliyinin üzvüyəm. “Böyük siyasətin davamı” kitabıma görə üzv olmuşam.

- Yazıçılar Birliyi həmişə tənqid olunur. Anar müəllimin sədrliyi...

- Məni elə Anar müəllim dəvət eləyib Yazıçılar Birliyinə ki, üzv ol. Mən də getmişəm, ərizə verib üzvlərin sırasına keçmişəm. Anar müəllim birinci növbədə yazıçıdır. Milli Məclisin də üzvü olub. Rəsul Rzanın və Nigar Rəfibəylinin oğludur. Ana tərəfi də, ata tərəfi də şair. Sonra “Beş mərtəbəli evin altıncı mərtəbə”sini yazıb... Anar hər şeyin yerini yaxşı bilir. Fikrət Qoca da. Yazıçılar Birliyini də yaxşı idarə edirlər.

- Bəs gənclər niyə narazıdır?

- Sizin kimi gənclər hər şeydən narazıdır. Zaman dəyişib.

- Xanhüseyn müəllim, özünüz nəsə yazmısınızmı? Şeir, hekayə...

- Yazmışam. “Ana” şeiri yazmışam. Yadımdadır, Moskvada “doktorskiy” işi yazanda yoldaşım mənə teleqram göndərmişdi. Yazmışdı ki, evdə hər şey yaxşıdır, bircə milçəklər rahatlıq vermir. Bu hadisədən bir şeir çıxdı.

- Aha... Maraqlıdır... Necə şeir idi? Xatırlayırsınız?

- Hə, xatırlayıram. Gözlə, deyim... (düşünür)

Bilmirəm, bu nə işdir, milçəklər, ay milçəklər

Sizdən şikayət gəlir, milçəklər, ay milçəklər

Əlbət, mən də gələrəm, sizi yaxşı görərəm

Şirni, konfet verərəm, milçəklər, ay milçəklər

Dəyməyin Firəngizə, toxunmayın o qıza

Qonaq gəlmişdi bizə... (fikirləşir) nə bilim, milçəklər, ay milçəklər...

- Bunu cavab kimi yazıb göndərdiniz?

- Hə... Belə bir şeir idi... Demişdim, milçəklər sənə dəyəndə bu şeiri oxu, hamısı uçub dağılışacaq (gülüşmə).

- Çap eləmişdiniz yazdığınız şeirləri?

- 8-ci sinifdə “İmişli kolxozçusu” qəzetində bir şeirim çıxmışdı.

Mil düzü, gör nələr yetirmisən sən

Bu ellər ayağa durandan bəri

Neçə cür nemətlər gətirmisən sən

Xalqın bu dövranı qurandan bəri

Bu cür bir şeir idi.

- Yaxşıymış. Bir az da yazsanız, şair olarsınızmış.

- Yox. Şair olmaq istəmirəm.

- Niyə?

- Çünki şair olmaq hər kəsə nəsib olmur. Mikayıl Müşfiqin bir şeiri var...

- Şairəm söyləyir yerindən duran, Adamın üzündə həya gərəkdir!

- Bəli. Adamın üzündə həya gərəkdir! Hər yerindən duran şair olsaydı, nə var idi ki?

Fotolar: İlkin Nəbiyev

news-inner-user
Ayxan Ayvaz

402 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Məmməd Arazın xatirəsi anılıb
19:08 14 Oktyabr 2019
Azərbaycana oğurluğa gələn avropalılar – Mehman Qaraxanoğlu yazır...
18:30 14 Oktyabr 2019
Qəmin bacısı yox, dərdin qardaşı – Hafiz Hacxalılın şeirləri
17:42 14 Oktyabr 2019
Xalq artisti əməliyyat olunub
17:07 14 Oktyabr 2019
Kulisin əməkdaşları mükafatlandırıldı
16:21 14 Oktyabr 2019
Alim-filoloq: “Nəsiminin bu portreti haqda fikir bildirin...” – Foto
15:51 14 Oktyabr 2019
Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirilib
15:04 14 Oktyabr 2019
Sevgi məktublarını xanımından gizləyən Xalq şairi
14:31 14 Oktyabr 2019
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir - Fotolar
13:50 14 Oktyabr 2019
Bukerin qalibi bu gecə açıqlanacaq
13:03 14 Oktyabr 2019
Yarışmanın 20-liyi açıqlandı - Siyahı
12:21 14 Oktyabr 2019
Nobelli yazıçı ilə bağlı qeyri-adi qərar
11:45 14 Oktyabr 2019
Namusunu tükdən asmış bığlı qızlar
11:20 14 Oktyabr 2019
Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq
10:47 14 Oktyabr 2019
Elton Con: “Maykl Cekson psixi xəstəydi”
10:31 14 Oktyabr 2019
Yenə payız səhəri – Yeni şeir
10:02 14 Oktyabr 2019
Zərli şüşəciklər, qırılmış ürəklər və boş qalmış gündəlik - Elinanın otağından reportaj - İlk dəfə
09:00 14 Oktyabr 2019
Vasim Məmmədəliyev vəfat etdi
23:22 13 Oktyabr 2019
Oğuz Atayın atasına məktubu: “Heç roman oxumadın”
17:01 12 Oktyabr 2019
Pərdə - Hekayə
16:00 12 Oktyabr 2019