news-inner
clock12:34 calendar-gray 30 Sentyabr 2019 view-gray3509 dəfə oxunub
view-gray3509 dəfə oxunub

Sevda Ələkbərzadəni dinlərkən... - Aydın Talıbzadə yazır

Kulis.az sənətşünas alim Aydın Talıbzadənin “Sevda Ələkbərzadəni dinlərkən” yazısını təqdim edir.

(caz qravürləri)

... əvvəlcə təəccüblənirsən: köhnə tanışı tanımadığına təəccüblənirsən, sözün yeni səs formasında “pərvazlanmasına”, sözlə səsin “hörüklənməsinə”, sözün səs dekonstruksiyasına təəccüblənirsən, hərflərə səpələnən intonasiyalara təəccüblənirsən, Azərbaycan xalq mahnılarının Afrika aborigenlərinin etnik musiqisilə “rənglənməsinə”, milli bəstəkarların klassik əsərlərində caz imrovizlərinin tüğyan etməsinə təəccüblənirsən...

Təəccüblənirsən və Sevda Ələkbərzadənin qaltanlı səsinin hamar, ovsunlayıcı bəminə heyrətlənirsən... Ona heyrətlənirsən ki, bu səs sanki ilan kimi sürünür, qıvrılır isti səhra qumsallığında; qabıq qoymağa, qabığından qurtulmağa bir daş, bir kölgəlik axtarır...

Sevda Ələkbərzadə oxumur, ayin qurur, törən düzəldir, musiqini duaya çevirir, əfsun söyləyir, mahnının mistik kosmosunu yaradır.

Bir az da dinləyirsən Sevda Ələkbərzadəni və aram-aram xoşhallanırsan, duyursan ki, sənin ruhun Sevdanın gəzişmələrini ləpir-ləpir tapdalayır, onun səsinə qoşulub göyərçin kimi asimana atılmağa hazırlaşır. Çünki müğənni mahnısını zikr, təlqin ovqatına kökləyir.

Azərbaycan cazının qadın dərvişi məhz bu xanımdır, gündüz-gecə sufi təlqinlərinin ritmilə yaşayan bir xanım...

Sonra daha biraz dinləyirsən, sonra daha biraz, daha biraz və qəfildən görürsən ki, sən məkanda deyilsən, sən yoxsan, Sevdanın nəfəsi ilə ovsunlanmısan, sehrə düşmüsən: elə bir sehrə ki, bir səs-şaman, bir zəngulə-cadugər sənin əlindən yapışıb çəkir arxasıyca...

Çəkir səmaya doğru...

Çəkir tanrıya doğru...

Salam, Allah: səsi, duyğusal yanaşmanı, ilahi eşqdə dünyaya baxıb heyran-heyran oxumağı, improvizi, vəcd ovqatını Sən ona ərmağan etmisən. O da səsiylə Sənə sarı yol gəlir, Allahım, gündüz-gecə...

Mən heç nə bilmirəm, bildiklərim su olur, torpaq olur, əriyir, itir Sevdanın avazı qarşısında.

İbn Ərabi, islam aləminin dinşünas-filosoflarından biri, deyib ki, “Allahın ən kamil təcəllası qadındır”.

Sevdanın səsinə bürünəndə varlığın ölçüləri dəyişir mənim üçün: birdən-birə inanıram ki, paralel kainatlar həqiqətən mövcuddur; birdən-birə inanıram ki, insan dalğadır, səslə əl-ələ tutub fəzanı dolaşa bilər.

Şəbi-hicran yanar canım...

Burada yaddaş silinir: keçmiş və gələcək indinin içində öpüşüb ölür.

Caz XX əsrin ağ və qara “şaman”larının musiqisidir.

Sevda oxumur, səs performansı göstərir.

Onu dinlərkən xəyalımda əli qavallı Sibir şamanlarının obrazı peyda olur.

Onu dinlərkən cənnət quşlarının əlvan lələklərilə bəzənmiş Afrika qəbilələri gəlir gözlərim önünə. Lakin nədənsə bu adamları yorğun, hüznlü, qəmgin görürəm...

Onu dinlərkən Misir ehramlarında fironların sarkofaqlarından tapılmış ləl-cəvahirat, qızıl sinəbəndlər fırlanır təsəvvürümdə...

Onu dinlərkən İçəri Şəhər, karvansara, dəvələr şəkillənir buludlarda...

Onu dinlərkən Pəri Cadunun gerçəkliyinə şübhə eləmirəm...

Çox qəribədir, Sevdanın səsi elə bil infernal dünya ilə əlaqədədir. Onun avazında iki cahan sanki bir-birilə pıçıldaşıb söhbət edir, hərdən nalə qoparıb bir-birindən uzaqlaşır, hərdən isə qol-boyun olub yuxuya gedir.

Sevda nə oxuyursa, oxusun, orada mütləq bir yanğı, gizli bir fəryad, itirilmiş sevgi və ya itirilmiş cənnət üçün bir həsrət özünü büruzə verir.

Görəsən, xoşbəxtliyin dərdi ola bilər?

Sevda öz improvizlərində arxetipləri mahnıya çevirir, arxetiplərin səs ekvivalentlərini aşkarlamağa çalışır. Ona görə Sevdanın oxumaları magiya, erotizm, sirr və gizli ehtiraslarla doludur. Səsi Sevdanı danışır: çünki bütün bədəni, canı, ekzistensiyası ilə oxuyur, ruhu ilə oxuyur, barmaqlarının ucu, gözlərinin içi ilə oxuyur.

Sevda Ələkbərzadənin yaradıcılığı bir küll halında Azərbaycan folkloruna, Azərbaycan ədəbiyyatına bir refleksiyadır, onun caz yozumudur, müasir musiqi təfsiridir.

Mən musiqişünas deyiləm. Odur ki, bayaqdan fikirləşirəm, Ella Fitsceraldla Tina Työrner arasında olan bir məsafədə Sevda Ələkbərzadə hansı mövqedə qərarlaşır? Dəqiq söyləyə bilməyəcəyəm. Amma onu dəqiq bilirəm ki, Sevda respublikanın sərvətidir, bizim hamımızın sərvətidir, musiqi mədəniyyətimizin özünəməxsus Rəbiyə əl-Ədəviyyəsidir, səsiylə sufi şeirləri yazan müğənnidir.

Oxşar xəbərlər

Xəbər lenti

“Can Azərbaycan” müsabiqəsinin virtual sərgisi açılıb
17:42 21 Aprel 2021
Mənim qadınım, sən varsan deyə... - Çağdaş ərəb şeiri
17:01 21 Aprel 2021
Azərbaycanlı aktyor vəfat etdi
16:13 21 Aprel 2021
Kann film festivalının açılışında bu film nümayiş olunacaq
15:32 21 Aprel 2021
Nazir Anar Kərimov koronavirusa yoluxub
14:42 21 Aprel 2021
Anarla Seymur Baycanın oxşarlığı
14:02 21 Aprel 2021
“Qırmızı papaq” onlayn nümayiş ediləcək
13:17 21 Aprel 2021
Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı
12:30 21 Aprel 2021
Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?
11:55 21 Aprel 2021
Seymur Baycan nədən narahatdır?
11:02 21 Aprel 2021
Özünü ingilis kimi göstərən gəncəli
10:26 21 Aprel 2021
Tanınmış bəstəkar vəfat etdi
09:36 21 Aprel 2021
Çar arvadının göndərdiyi fotoqraf Aşıq Ələsgərin şəklini necə çəkdi? – Bilmədiyimiz faktlarMüsahibə
09:01 21 Aprel 2021
Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
19:00 20 Aprel 2021
Nizami haqda məqalə Malayziya mətbuatında dərc olunub - Foto
18:29 20 Aprel 2021
Bir də yarpaq salma külək poçtuna – Qulu Ağsəsdən şeirlər
17:44 20 Aprel 2021
Çingiz Aytmatovun xanımı vəfat etdi
17:30 20 Aprel 2021
“Kurtlar vadisi”nin Güllüsü Qənimətlər parkında - Foto
17:16 20 Aprel 2021
“Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihə başlayıb
16:25 20 Aprel 2021
Məşhur roman əsasında film çəkilir
15:40 20 Aprel 2021