news-inner
clock10:50 calendar-gray 27 Sentyabr 2019 view-gray1465 dəfə oxunub
view-gray1465 dəfə oxunub

Vaqif Bayatlının xanımı: “Bulvarda oturub dondurma satırdı” – Müsahibə

Kulis.az tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı ilə şair haqqında söhbəti təqdim edir.

- Tamam xanım, Vaqif müəllimin səhhəti hazırda necədi?

- Vaqif müəllimin səhhətini əvvəlki illərlə müqayisə etsək indi bir az yaxşıdır. Üç il bundan əvvəl Türkiyədə beynindən əməliyyat olundu. Beynindəki əməliyyatdan sonra məlum oldu ki,onun ürəyinə də müdaxilə olunmalıdır. Ürəyində bir damarı çox ciddi şəkildə tutulub. Və bu digər damarlara, ürəyin sağlam fəaliyyət göstərməsinə problem yaradır. Beyinin vəziyyəti ürəkdə hansısa əməliyyatı aparmağa icazə vermir. Bu yaxınlarda yenidən müayinə üçün Türkiyəyə getməyi düşünürük. Əgər beyində, yüz faizli sağalma olarsa, o zaman həkimlər ürəkdə lazimi əməliyyatı icra edəcəklər. Vaqif müəllimin həm ürək, həm də beyin həkimi İstanbul şəhərində "Acı badəm" klinikasında çalışır. Ümid edirik ki, bu müayinədən sonra Vaqif müəllimin səhhəti daha da yaxşı olacaq və o yenidən insanların arasında olacaq. Gəzdiyi küçələrdə yenidən onu görə biləcəyik, mətbuatda yazıları, müsahibələri yayımlanacaq. Ən başlıcası isə onu sevən oxucuları, yazıçı dostları ilə ünsiyyətdə olacaq. Ona ustad deyən, mənimlə tez-tez əlaqə saxlayan gənc şairlərlə görüşəcək.

- Gənc şairlər Vaqif müəllimi çox sevirlər.

- Həqiqətən də bu gün Vaqif müəllimi sevənlər çoxdu. Bir çox istedadlı şair, yazar ona ustad deyir, tez-tez mənə zəng edərək Vaqif müəllimi soruşurlar. Onunla görüşmək istədiklərini bildirirlər. Vaqif müəllim də gözləyir ki, səhhəti ona imkan verəndə onların hamısı ilə görüşsün. Ümid edirəm ki, tezliklə bu arzumuz reallaşacaq.

- Tamam xanım, ötən il söhbətimiz zamanı Vaqif müəllimin yeni kitab üzərində çalışdığını bildirmişdiniz.

- Kitab artıq tamamlanıb. "Bəy atlı şeirlər" adlanan kitabda tamamilə yeni şeirlər toplanıb. Və bir oxucu və kitabdakı şeirləri kompüterdə toplayan biri olaraq deyə bilərəm ki, kitab çox gözəl alınıb. "Bəy atlı şeirlər" kitabı artıq nəşriyyata təqdim olunub. Böyük ehtimal 1-2 həftə ərzində kitab tam vəziyyətdə hazır olacaq. Vaqif müəllimin bundan öncəki kitabı 2008-ci ildə çıxıb. Demək olar ki, on illik zəhməti bu kitabda cəmlənib. Burada son dərəcə güclü poetik şeirlər toplanıb. Düzdü, mən ədəbiyyatçı deyiləm, amma zövqlü oxucu kimi bunu əminliklə deyə bilirəm. Kitabın dizaynı da çox gözəldi. Vaqif müəllim kitabın dizaynını təsdiq edib. Düşünürəm ki, Türkiyədən qayıdanda artıq kitab tam hazır olacaq.

- Təqdimat düşünürsünüzmü?

- Kitabın təqdimatını düşünürük. Təbii ki, hər şey Vaqif müəllimin səhhətindən asılıdır. Çox istərdik ki, təqdimatda Vaqif müəllim də iştirak etsin. Həkimlər və ən əsası səhhəti buna icazə verərsə, Vaqif müəllim özü də təqdimat da iştirak edəcək.

- Vaqif müəllim nə zaman Türkiyəyə yola düşəcək?

- Biz Bakı -Tibilisi - Qars dəmiryolunun açılmasını gözləyirik. Amma nədənsə bu proses gecikir. Yəqin ki, Vaqif müəllimçün problemli olsa da, təyyarə ilə səfər etməli olacağıq. Gecikməmiz bir az da mənim işlərimlə əlaqəlidir. Bildiyimiz kimi 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycanın yeni neft strategiyası və doktrinasının başlanğıcı qoyuldu. Və bu il bu müqavilənin 25 illiyi ilə əlaqədar mənim də işlərim çoxdur. Düşünürəm ki, sentyabrın 20-dən sonra artıq müayinəyə gedə biləcəyik.

Image result for vaqif bayatlı

- Tamam xanım, Vaqif müəllimin müalicəsi üçün hansısa qurum, nazirlikdən sizə yardım təklif olunubmu?

- İndiyə qədər bütün müayinələrin, əməliyyatın hamısını özümüz etmişik. Beyin əməliyyatı və əməliyyatdan sonra 3 dəfə müayinəyə aparmışıq, həkimi Türkiyədən gəlib Bakıda onu müayinə edib və s. Bütün bu xərclərin hamısını özümüz etmişik. Amma bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən mənə zəng olundu. Bildirildi ki, Vaqif müəllimin müalicəsi üçün bizə dəstək olacaqlar. Buradan da Fonda təşəkkürümü bildirirəm.

- Vaqif müəllim gənclər arasında çox sevilir. Bilmək istəyərdik ki, Vaqif müəllim özü gənc yazarlardan kimlərin imzalarını izləyir?

- Vaqif müəllim gənc nəsillər arasında çox sevilir. Gənclər onu ustadları kimi qəbul edirlər. İnsan ustad səviyyəsinə çatanda qarşısındakını gözündən, sözündən onun istedadının hansı səviyyədə olduğunu anlayır. O mənə deyəndə ki, bu gənc istedadlıdır, artıq mən həmin şəxsin adını mən hər yerdə hörmətl qeyd edirəm. Dəqiq bilirəm ki, Vaqif müəllim gənclər arasında istedadlıları bir-bir seçir. Sevdiyi imzalar Şəhriyar Del Gerani, Fərid Hüseyn, Qulu Ağsəs, Salam Sarvan, Qismət, Aqşin Yeniseydir. Həyatda Qulu Ağsəs, Şəhriyar, Fərid Hüseynlə tanışam. Onlar tez-tez mənə zəng edirlər, Vaqif müəllimin səhhəti ilə maraqlanırlar, görüşürük. Amma Qisməti, Aqşini, Salam Sarvanı görməməyimə baxmayaraq, Vaqif müəllimin qiymətinə görə onlar da mənə əziz insanlardır.

Vaqif müəllim istedada qiymət verən insandır. İnsanı qiymətləndirmək üçün istedad onun üçün bir nömrəli şərtdir.

Related image

- Nəsrdə kimlərin imzasını bəyənir?

- Nəsrdə klassik yazarlarımızdan çoxunun imzasını izləyir, məsələn, mən bilən, Anarın, Elçinin, Afaq Məsudun imzasını izləyir. Xüsusilə də Afaq xanımın, ona görə yox ki, Afaq xanım bütün dünyada xanım yazarlar arasında çox fərqlənən yazıçıdır. Vaqif müəllim belə hesab edir ki, Afaq Məsud Azərbaycan nəsrini dünyada yüksək səviyyədə tanıdan, dünya arenasında təmsil edə bilən şəxsdir. Müasirliklə ənənəvi yazıçılığı əsərlərində böyük ustalıqla təqdim edir. Amma onların hamısı, sözsüz ki, dünya səviyyəli yazıçılardır. Biz, təəssüf ki, öz yazıçılarımızı, şairlərimizi dünyaya tanıda bilmirik. Məncə, ədəbiyyatımız bu gün dünyanın ən güclü ədəbiyyatlarındandır.

Gənclərdən Şərif Ağayara, Mirmehdi Ağaoğluna böyük hörmətlə yanaşır. Vaqif müəllim istedadlı gənclərin, imzaların hər zaman arxasındadır. Bilirsiniz, istedadlı adamlar bir-birini gözündən tanıyır. İndi səhhəti ilə əlaqədar mətbuatdan uzaq olsa da, zamanında Vaqif müəllim davamlı olaraq mətbuatda gəncləri dəstəkləyən yazılar yazıb. Şəhriyar Del Gerani və Fərid Hüseyn İranda həbs olunan zaman onları dəstəkləyən yazılar yazıb. Vaqif müəllim çox fədakar insandır.

- Səhhətində problemlər olan zaman Vaqif müəllim davamlı olaraq şair, yazıçı dostlarından kimlər axtarırdı, kimlər onunla maraqlanırdı?

- Vaqif müəllim Türkiyədə əməliyyat olunan zaman Ramiz Rövşən davamlı zəng edərək onunla maraqlanmışdı. Hər zaman Vaqif müəllimin səhhəti ilə ilgilənir. Tez-tez telefon vasitəsilə əlaqə saxlayırlar. Bundan əlavə, Ramiz Rövşən Vaqif müəllimin öz nəslindən qiymətləndirdiyi şairdir. Mən çox sevirinirəm ki, Ramiz Rövşənlə Vaqif müəllimi bir -birlərinə bağlayan fitri istedaddan başqa, incə bağlar var. Bu bağlar vaistəsilə onlar bir-birlərini anlayırlar, duyurlar. Bu duyum heç qardaşla-qardaş arasında olmur.

Başqa sevimli yazarlarımız da, Vaqif müəllimin dostları da onun səhhəti ilə daim maraqlanırlar.

- Tamam xanım, Vaqif müəllim mükafatlandırılmasını eşidəndə necə reaksiya verdi?

- Mən sizə açığını deyim, Vaqif müəllim istedadı daha çox qiymətləndirir. Onun gənc yaşlarından çox böyük mükafatları olub. Gənc olanda Moskvada "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski" mükafatına layiq görülmüşdür. O zaman bu mükafatı Gürcüstan dövləti təqdim etsə də, beynəlxalq mükafat idi. İki mükafat verilirdi o zaman - bir gürcüyə, bir xariciyə verilirdi. Bu mükafatın verilmə qaydalarına görə gürcülər Sovet Hökumətinə tabe olmurdular, elə başqa sahələdə də. O kitabda çap olunan şeirləri Vaqif müəllim sonradan qəbul etmirdi. Təsəvvür edin ki, balaca bir kitabın dərci SSRİ-də böyük rezonans doğurmuşdu. Vaqif müəllim böyük mükafatları çox olub. Amma onun üçün istedad daha önəmlidir. Və hər zaman qeyd edir ki, insan istedadlıdırsa, o öz yerini tapacaq.

- Sosial şəbəkələrdə müzakirələr zamanı bu adın gecikməsi və Vaqif müəllimin artıq buna ehtiyacı olmadığı bildirilirdi.

- Mən sizinlə tamamilə razıyam. Amma mən burada Vaqif müəllimin həyat yoldaşı kimi yox, bir oxucu kimi fikrimi bildirəcəm. Mən ədəbiyyatı çox sevirəm və ədəbiyyatsız yaşaya bilmərəm. Mən yaradıcı insan deyiləm, amma hesab edirəm ki, yaradıcı insanlar mənim kimi adamlar üçün yazırlar. Onları anlayan, duyan insanlar üçün. Vaqif müəllim poeziyanın dərin qatına gedib ki, bu artıq adi kütlə səviyyəsindən yuxarıdadır. İncəsənətdə elə bir səviyyə var ki, ora artıq ümumdünya səviyyəsidir. Dünyada bunu yalnız incəsənəti anlayan insan dəyərləndirəcək, qiymətləndirəcək. Və bu səviyyədə olan əsərlər dünya sivilizasiyasına verilmiş bir töhfədir. Vaqif müəllim poeziyası o səviyyədədir. Məsələn, Füzuli poeziyasını ola bilər ki, Azərbaycan oxucusunun hamısı anlamır, amma çox dünya oxucusu bunu anlayır. Bu artıq dünya sivilizasiyasına, ədəbiyyatına verilmiş bir töhfədir. Vaqif müəllimin adı artıq bir mükafatdır. Məsələn, harada desək ki, mən Vaqif müəllimin şeirlərini, əsərlərini sevirəm. Artıq qarşımızdakı insan bizim necə bir oxucu olduğumuzu anlayacaq.

Bir dəfə Vaqif müəllimdən soruşurlar ki, Füzulini ərəb, türk olduğunu deyirlər. Siz bu haqda nə düşünürsünüz? Vaqif müəllim cavabında bildirir ki, Füzuli özü elə vətəndir. Füzuliyə vətən axtarmaq lazım deyil. Vaqif müəllimin adını qeyd edəndə artıq sənin ədəbi səviyyən və ədəbiyyat duyumun məlum olur.

- Vaqif müəllimin günü necə keçir?

- Vaqif müəllim həyatda çox sadədir. Onun poeziyasını oxuyanda adama elə gəlir bu insan çox nəhəngdir, onun bir dəfə görüb əlindən öpmək insan üçün şərəf olardı. Amma həyatda çox sadədir. Səhərlər küçəyə çıxıb süpürgəçilərlə söhbət edir. Və onlar necə bir insanla söhbət etdiklərini bilmirlər. Bir maraqlı əhvalatı danışmaq istəyirəm.

Bir dəfə mən iş üçün lazım olan vacib bir sənədi evdə unutmuşdum. Evə gələndə gördüm ki, evin açarlarını da evdə unutmuşam. Həyəcanla Vaqif müəllimə zəng etmişəm ki, haradasan, tez gəl, evdə vacib sənədi unutmuşam. Çox sakit halda mənə dedi ki, gələ bilməyəcəm. Səbəbini soruşanda isə bildirdi ki, bulvarda dondurma satan gənc oğlan ondan xahiş edib ki, "əmi sən mən gələnə qədər dondurmaya nəzarət et, mən indi gəlirəm". "O gələnə qədər heç yerə gedə bilmərəm", - dedi və gəlmədi. Sona qədər gözlədi, həmin cavan oğlan gələndən sonra oradan uzaqlaşdı.

Başqa bir maraqlı əhvalat isə biz yeni ailə həyatı quranda olmuşdu. Saat 6-dan sonra idi. Evdə soğan yoxdu və mən xörək bişirməli idim. Vaqif müəllimlə bazara getdik ki, bəlkə bazar açıq olar. Gördük bazarda heç kim yoxdu. Soğan satılan hissəyə yaxınlaşanda gördük ki, iki yaşlı kişi piştaxtanın arxasında oturub çörək yeyir. Vaqif müəllim onlara yaxınlaşdı, salamlaşandan sonra soğanın olub-olmadığını soruşdu. Yaşlı kişilərin ikisi də dərhal ayağa qalxdı və biri çox utanaraq, məyus olaraq dedi ki, vallah şairə yaraşan soğan qalmayıb. Bu gün bu millət Vaqif müəllimə bu cür dəyər, qiymət verirsə, deməli həqiqətən də Vaqif müəllim zirvədədir.

Həyətdə süni otları xüsusi aparatla kəsən bir kişi səhər tezdən işləyirdi. O zaman da Vaqif müəllim yeni beyin əməliyyatı olmuşdu. Gecələri yata bilmirdi, ancaq səhərə yaxın yatırdı. Səhər saat 6-da həmin kişi işləyəndə aparatın səsinin Vaqif müəllimi narahat edəcəyindən ehtiyatlanıb, tez həyətə düşdüm. Kişidən xahiş etdim ki, maşını işlətməsin. Səbəbini soruşanda bildirdim ki, bu binada şair Vaqif Bayatlı yaşayır və o yenicə əməliyyat olunub. Ancaq səhərəyaxın yata bilir. Kişi Vaqif müəllimin adını eşidən kimi dərhal aparatı dayandırdı və üzrxahlıq etdi.

Vaqif müəllimin heç bir yüksək tələbi, iddiası olmayıb. Maddi həyatda heç gözü yoxdu. Pul haqqında heç bir anlayışı belə yoxdu. O 100 manatla, 5 manat arasında heç bir fərqi görmür. O dərəcədə maddi həyatdan uzaq adamdır. Bu indi belə deyil. Gəncliyində də elə olub. Əsas odur ki, dərin mənəviyyatlı, şərəfli, uca şəxsiyyətli insandı. Mən bunu həyat yoldaşım olduğuna görə demirəm, qətiyyən. Bir dəfə müsahibələrimin birində də demişdim ki, bilsəydim ki, Vaqif Bayatılı mənim qonşumdu, mən indikindən də çox istərdim ona xidmət göstərim. Sanki Füzuli sənin qonşundu və sən ona xidmət etmək istəyirsən. Mənim üçün də böyük şərəfdi ki, bu cür böyük insanın qulluğundayam.

Olaylar.az

news-inner-user

15806 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020