Əlyazmalarını 15 qəpiyə satan azərbaycanlı dahi

Əlyazmalarını 15 qəpiyə satan azərbaycanlı dahi
18 sentyabr 2019
# 13:15

18 sentyabr dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi günüdür. Kulis.az bu münasibətlə dahi bəstəkarla bağlı bir neçə maraqlı faktı diqqətə çatdırır.

İki respublikanın himnini də o yazmışdı: 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının, 1945-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının.

***

Stalin çox sevdiyi “Koroğlu” operasına görə onu "QAZ M-1" markalı avtomobil bağışlamışdı.

***

Üzeyir bəy yaradıcılığa 13 yaşında başlayır. Hekayələr, nağıllar yazır. Qələmə aldığı kiçik nağıllara illüstrasiyalar çəkir, sonra yazıları yığıb “Kitabi-məzhəkə” adı altında 15 qəpiyə satır. Kitabdan qazandığı pulları aparıb anasına verirmiş.

***

Opera yazmağa onu xanəndə Cabbar Qaryağdıoğlu həvəsləndirib. Belə ki, hələ uşaq olanda Cabbar əminin ifasında Məcnunun Leylinin qəbri üstündəki ölüm səhnəsinə baxıb və təsirlənib. Sonralar bu əsəri bütövlükdə musiqi dilinə çevirib və Şərqin ilk operasını yaradıb.

***

Azərbaycan dilində “Hesab məsələləri” adlı ilk riyaziyyat dərsliyini də Üzeyir bəy yazıb.

***

Onu ölümdən Nəriman Nərimanov qurtarıb. Belə ki, Stalinin stolunun üstünə gedən “Vətən xainləri” siyahısında Üzeyir bəyin də adının olduğunu eşidən Nərimanov həmin siyahını tapmış, öz əlləri ilə cırıb atmışdı.

***

Həyat yoldaşı Məleykə Hacıbəyli aktyor, kommunist Hənəfi Terequlovun bacısıdır. Üzeyir bəyin ölümündən sonra “Arşın mal alan” musiqili komediyasının klavirinin Bakıda, “Koroğlu” operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində Məleykə xanımın böyük əməyi olmuşdu.

***

Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum idilər. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev isə onun bacısı Badigülcamal xanımla evlənmişdilər və bacanaq idilər. Onların hər iksinin doğum günü 18 sentyabrdır.

***

Məleykə xanımla heç vaxt övladları olmayıb.

***

Məleykə xanım onu bütün situasiyalarda dərindən anlayır və ürəkdən dəstəkləyirdi. Hətta o, həyat yoldaşına sənət baxımından da yaxın olmaq üçün ixtisasını dəyişərək, rus dili müəllimliyindən uzaqlaşır, konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olur.

***

O, tələbələrini sözün həqiqi mənasında övladı kimi sevirdi. Qapısı həmişə onların üzünə açıq idi. Gedir, Məleykə xanımın bişirdiyi aşdan yeyir, şəxsi problemlərini dilə gətirir, Üzeyir bəydən hər cür dəstək alırdılar.

***

Yaxşı oxuyan bir tələbəsi yazı taxtasına dərs danışmağa çıxanda ayaqqabısı köhnə olduğu üçün utanır, Üzeyir bəy öz ayaqqabısını çıxarıb tələbəsinə verir və başqa bir tələbəni ayaqqabı dalınca evə yollayır. Tələbə bəstəkarın həyat yoldaşı Məleykə xanımdan ayaqqabı alıb qayıdınca auditoriyada, tələblərin qarşısında ayaqyalın oturur.

***

İstedadlı tələbələrinə piano hədiyyə edərmiş.

***

1918-ci ildə Bakı qırğını vaxtı Üzeyir bəyin evini atəşə tutmuşdular. O, demək olar ki, ölümdən qurtarmışdı. Bu güllələr 74 il sonra Şuşada onun büstünə atıldı. Azərbaycan hökumətinin səyi nəticəsində güllələnmiş üç büst – Üzeyir bəyin, Bülbülün və Natəvanın büstləri Rusiya vasitəsi ilə Azərbaycana gətirildi və indi paytaxtımızdakı İncəsənət Muzeyinin həyətində saxlanılır.

***

Repressiyanın tüğyan etdiyi 1937-ci ildən bir müddət sonra onun bədənində şəkər xəstəliyi aşkarlanır. Elə bu xəstəlik də ölümünə səbəb olur. Kreml xəstəxanasında müalicə alsa da həyatını xilas eləmək mümkün olmur.

***

Onun dəfni SSRİ-nin ən təmtəraqlı dəfnlərindən olub. Mərasimdə Mir Cəfər Bağırov sayğı duruşuna dayanır, tabutunun altına girir. Bakı o qədər insanı bir arada görməmişdi. Şair Səməd Vurğun məşhur şeirini dəfn mərasimində oxuyur. Üzeyir bəyin məzarı başında:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

# 3137 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #