Yaşar Nuri o dəliləri niyə sevirdi?

Yaşar Nuri o dəliləri niyə sevirdi?
12 sentyabr 2019
# 09:00

Kulis.az Sevda Sultanovanın “Yeni filmlərimiz” layihəsində "Nə gözəldir bu dünya..." filmini təqdim edir.

Süjet: Hadisələr 1990-cı illər Bakısında baş verir. Mərkəzi ruhi klinikalardan birində xəstələri müalicə etməyə dərman yoxdur. Ölkə bazar iqtisadiyyatına keçdiyindən klinika özünü maddi cəhətdən təmin edə bilmir. Baş həkim Asim (Yaşar Nuri) müxtəlif dövlət orqanlarına müraciət etsə də, bu, nəticəsiz qalır. Xəstələrinə həssas yanaşan Asim qərara gəlir ki, onları evlərinə buraxsın. Hadisələrin gedişatında Asim xəstəxanaya verilən bir qutu morfinin yoxa çıxdığını görür. Burada işləyən həkimlər qutunun yoxa çıxmasından xəbərsiz olduqlarını deyir. Müstəntiq (Həsənağa Turabov) Asimin morfini qara bazarda sata biləcəyindən şübhələnir. Asim isə morfinin xəstələrdən birinin götürdüyündən şübhələnir. Və buna görə xəstələrini axtarmalı olur...

Eldar Quliyevin rejissoru olduğu “Nə gözəldir bu dünya” 1999-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Əhvalatda əsas məqsəd morfi qutusunun tapılması və ya onun kimin götürməsi deyil. Önə çəkilən ideya cəmiyyətin atmosferini, durumunu göstərməkdir. İşinə vicdanla yanaşan baş həkim Asim xəstələrini tapdıqca müxtəlif situasiyalarla üzləşir. Rejissor göstərir ki, əslində toplumun özü sağlam deyil, mürəkkəb şərait fərdlərin mənəvi dəyərlərini deqradasiyaya uğradıb, cəmiyyətin özü ağır xəstədir. Ruhi xəstələr daha səmimidir və mənən onlardan sağlamdır.

Misalçün, xəstələrdən biri (Muxtar Maniyev) qızının evində yaşamağa məcburdur. Doğma övladı onunla pis rəftar edir, acılayır, kiçik oğlunun babanın belinə minməsindən zövq alır. Başqa bir xəstənin (Rafiq Əliyev) mənzilini zəngin biri zəbt edir və onu evindən qovmağa hazırlaşır. Rafiq Əzimovun qəhrəmanı binanın damına çıxaraq oradan uçmaq istəyir. Ətrafdakı adamlar ona yardım etmək əvəzinə, pul vəd edərək tullanmasını istəyir. Emini (Elşən Rüstəmov) isə sevdiyi qız Səbinənin (Ayan Mirqasımova) qardaşları vəhşicəsinə döyür. Digərləri isə vəhşiliyi soyuqqanlılıqla seyr edirlər. Yəni filmdə Asimin xəstələri axtarması əhvalatın fonudur. Və tamaşaçı personajların hekayələri vasitəsilə cəmiyyəti tanıyır.

Rejissor əhvalatda iş adamlarının vacib müəssisələri restorana, kluba çevrilməsi məsələsinə toxunur. Xəstəxanada vaxtilə müalicə alan Mirzəyev (Rasim Balayev) kitabxananı kazinoya çevirərək adını Dostoyevski qoyur. Bununla həm də yazıçının qumarbazlığına eyham olunur. Mirzəyev xəstəxananı isə klub etmək istəyir.

Lakin əksər filmlərimizdə olan qüsurlar burda da var. Məsələ ondadır ki, çox filmlərimizin ideyası da, problemin qoyuluşu da, ümumi süjet də maraqlıdır. Sadəcə rejissorlar əhvalatın bədii vizual həllini tapa, dramaturgiyadakı boşluqları görə bilmirlər. Əvəzində ifrat lirizmə varırlar, konflikti məzmuna uyğun olmayan musiqi ilə yola verirlər. Nəticədə ideya da, problem də əhəmiyyətini itirir, banallaşır və film əlaqəsiz kadr yığnağına çevrilir. Örnəyi, Səbinə ilə Eminin əhvalatı hadisələr zəncirinin bir halqası olmalıydı. Amma rejissor ehtiyac olmadan yenidən bu əhvalata qayıdır. Hadisəliliyi olmayan epziodda niyəsə kinoklip təqdim edir. Üstəlik, sevgililərlə bağlı iki epizod onların hekayəsini tam anlatmır.

Rejissorun Arifin uçmaq arzusunun hansısa dərin fəlsəfi mənalara bağlamaq cəhdi, Asimin humanizm haqda monoloqu uğursuz alınıb.

Filmin əvvəlində həkimlər Miloş Formanın “Qu quşu yuvası üzərindən uçarkən” filmini izləyirlər. Məşhur film psixi klinikadakı xəstələrin taleyindən bəhs edir. Həkimlərin bu filmə baxarkən hırıldaması əsaslandırılmır.

Qeyd edim ki, “Nə gözəldir bu dünya”... aktyor Həsənağa Turabovun kinoda son işidir. Film Eldar Quliyev və Natiq Rəsulzadənin ssenarisi əsasında çəkilib.

# 4867 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #