Ramiz Rövşəndən sehrli bir şeir

Ramiz Rövşəndən sehrli bir şeir
8 sentyabr 2019
# 11:09

Kulis.az “Bazar oxusu” layihəsindən Ramiz Rövşənin “Güzgü” şeirini təqdim edir.

Bu güzgüyə bir vaxt qoşa baxardıq, -
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?

Göz yaşların canındadı, bəlkə də
damla - damla əriyəcək bu güzgü.
Bir gün sənin ayağınla dünyada
ayaq açıb yeriyəcək bu güzgü.

Bəlkə, səni axtaracaq, gəzəcək
milyon-milyon adamların içində.
Görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində.

Qaçacaqsan bu güzgünün əlindən,
Dönəcəksən o döngəyə, bu tinə.
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə.

Yenə, yenə doymayacaq bu güzgü,
bir şəhəri udub, udub gələcək.
Səni gözdən qoymayacaq bu güzgü,
yeri-göyü tutub, tutub gələcək.

Sən qaçdıqca yellənəcək saçların,
Bu güzgüyə pay düşəcək saçından.
İpək donun yelləndikcə, güzgüyə
Pay düşəcək ətəyinin ucundan.

Qaçıb-qaçıb özünü yoracaqsan,
Qəfil birdən görəcəksən o daşı.
Bu güzgünü daş atıb qıracaqsan,
Bu güzgüdən dağılacaq göz yaşın.

Hər tikəsi qayıq təki üzəcək -
dörd tərəfi göz yaşınla dolunca.
Bu güzgünün bəlkə hər tikəsindən
dodaqların çığıracaq dalınca.

...Bu da belə bir nağıldı yalandan,
Sən ki yoxsan, getdiyin o gedəndi.
Bu güzgü də yerindədi, yerində,
Bu güzgü də yenə sağdı, bütövdü.

Sınan güzgü axı bir də canlanmaz, -
bəlkə tanrı özü görüb bu işi?!
Bu güzgünün hər tikəsi, bəlkə də,
damla-damla göz yaşınla bitişib.

Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb.
Göz yaşların canındadı hələ də,
göz yaşların qurumayıb, yaş qalıb.

Bu güzgüdən gəlib keçir xanımlar,
Özlərinə baxıb-baxıb keçirlər.
Dodağından dodaqları rəng alar,
Kirpiyindən kirpik taxıb keçirlər.

Göz yaşınla dolur, dolur gözləri.
Baxır yerə, baxır göyə, ağlayır.
Bu nə dərddi - heç bilmirlər özləri,
Heç birisi bilmir niyə ağlayır...

# 8174 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

15:00 18 noyabr 2026
Motsartı fəth edən "Mehtər marşı", qəhvə və aypara çörək...  - Vyana türklərdən nələri öyrənmişdi?

Motsartı fəth edən "Mehtər marşı", qəhvə və aypara çörək... - Vyana türklərdən nələri öyrənmişdi?

12:00 17 noyabr 2026
“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

10:00 17 noyabr 2026
Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

16:00 15 noyabr 2026
"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

13:45 15 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər