Yanından səssizcə keçib gedərəm – Şeirlər

Yanından səssizcə keçib gedərəm – Şeirlər
3 sentyabr 2019
# 14:40

Kulis.az Gilə Əliqızının şeirlərini tədim edir.

***

Bağın nazın çəkən bağban olsaydın,

Güllərin saralıb, solmazdı dünya.

Sevgi olmasaydı əgər içində

Bir qəpik dəyərin olmazdı, dünya.

Sənin ədalətin incidib, üzüb

Söylə gərdişinə bir kimsə dözüb?

Qarğalar qoynunda səs-səsə verib

Bülbüllər qəfəsdə susmazdı, dünya

Çiçəyi çölündən ayırmasaydın

Bülbülü gülündən ayırmasaydın

Sevəni sevəndən ayırmasaydın

Şairlər zülmündən yazmazdı, dünya..

***

Ol, şair könlümün ilham pərisi,

Qələmim, şeirim, varağım sən ol.

Yazıb şeirlərə tarix eyləyim

Sevən könüllərə sorağım sən ol.

Eşqin yollarında apar izinlə,

Bəzə şeirimi nübar sözünlə.

Yandır ürəyimi odun, közünlə

İstisi soymayan ocağım sən ol.

Ol şair könlümə töhfə, pay kimi,

Tufanlı qışıma bahar, yay kimi.

Parla səmalarda, nur saç ay kimi

Zülmət gecələrdə çırağım sən ol.

***

Kim sevər mənim tək, kim sevər səni,

Uca dağlarına duman eyləyər.

Bütün ümidini sənə bağlayıb

Ömrünə, gününə güman eyləyər.

Kim səni nəfəsi, havası sanar,

Dərdinin əlacı, davası sanar.

Kim səni məskəni, yuvası sanar

Sözünü pozulmaz fərman eyləyər.

Kim səni ünvanı, adı eyləyib,

Kim seni ağzının dadı eyləyib.

Kim səni ocağı, odu eyləyib

Sevdanı dərdinə dərman eyləyər.

***

Sənə doymasam da, yollar içindən,

Hicranın yolunu seçib gedərəm.

Bu nakam sevginin, bir də ki, sənin

Yanından səssizcə keçib gedərəm.

Ağlamaqdan gözüm qaldı qarasız,

Görən eşq əhlində varmı yarasız.

Səni özgəsinə verib çarasız

Ayrılıq şərbətin içib gedərəm.

Düşsə də yollarım dumana, çənə,

Səni unutdurmaz ayrılıq mənə.

Elə sevə-sevə bir ömür sənə

Əlləri uzalı köçüb gedərəm...

***

Ay da yoxdur bu gecə,

Ulduzlar görünməyir.

Gözlərim həsrət yüklü

Ruhum yaman üşüyür.

Dağınıq xəyallarım,

Hardan hara dolanır.

Qaranlıqlar içindən

Tənhalığım boylanır.

Ağlım, fikrim qarışıq,

Nisgilim dağdan ağır.

Bu gecə qış gəlibdir

Ürəyimə qar yağır.

Bu gecə qərib gecə,

Sanki bu dünya dönmür.

Ay da yox göy üzündə

Qəmdən göz-gözü görmür...

***

Xəstə yatağında səndən uzaqda,

Bir günüm uzanıb bir ilə dönüb.

Sənin həsrətindən alışan könlüm

Nə yanıb biryolluq, nə külə dönüb.

İtmişəm özüm də mən ilim-ilim,

Tapmıram izini yanına gəlim.

Səninlə gül açan ilk bahar könlüm

Sənsiz xarabalıq boş çölə dönüb.

Mənə təsəllisən yuxularımda,

Səbəbsən, ümidsən xəyallarımda.

İndi şəhərim də, doğmalarım da

Sənsiz özgələşib, yad elə dönüb...

# 4609 dəfə oxunub

Oxşar xəbərlər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər