Emin Piri: “Tanrı qarşısında nə cavab verəcəm?” – Müsahibə

Emin Piri: “Tanrı qarşısında nə cavab verəcəm?” – Müsahibə
3 sentyabr 2019
# 09:00

Kulis.az “Səni deyirlər” rubrikasından şair Emin Piri ilə müsahibəni təqdim edir.

- Deyirlər, Emin Piri qadınlarla çox asanlıqla tanış ola bilir. Qadınların sevimli şairisən deyəsən...

- Elədir. Bir-iki il öncəyə kimi günahlar etdiyimi boynuma ala bilərəm. Bu da müəyyən səbəblərlə bağlı idi. Səngərdə zabit olarkən məzuniyyətə qayıdanda sevdiyim qızın nişanına gəlib çıxdım. Təbii ki, nişanda dava-qırğın düşdü. Ondan sonra bütün qadınlar gözümdə şeytan obrazı idi. İkincisi isə siyasi və ədəbi mühitdə daha çox bilgiyə, məlumatlara, şəxsi informasiyalara malik olmağın yolu bu idi. Buna görə də bu yol çəkici gəldi mənə. Düşünürəm ki, hazırda məndən çox ədəbi mühitdə informasiyalara malik ikinci şəxs yoxdur.

- Bütün bunlara dəyərdimi?

- Xeyr, bəs, Tanrı qarşısında nə cavab verəcəm? Dediyim kimi, illərdir bu günahlarımı yumaqla məşğulam. Bəzən çox gecələr qırdığım ümidlər, sevgidən bəhs etdiyim insanlar gözümün qarşısına gələndə yata bilmirəm. Siz dediyiniz kimi də şişirdiləsi rəqəm deyil. Sadəcə saymamışam. Hər birinə xoşbəxtlik arzulayıram.

İndi sadəcə tam güvənəcəyim, ömür boyu birgə olacağım birinin yolunu gözləyirəm.

- Qadınlar tərəfindən sarsılarsan, ancaq yenə də onları sevirsən...

- Ümumiyyətlə, hər kəsə inanıram, amma kimsəyə güvənmirəm. Bu kişili, qadınlı hər kəsə aiddir. Eyni zamanda qadınsız həyat sükutdur, ətalətdir. Bu isə dünyanın sonudur. Əgər milyarder olmağı, yoxsa bir qadın seçimi qoysalar mən yenə də qadını seçərdim. Hətta sevməsəm belə. Bəşəriyyətdə sonuncu qadının yox olmağını görməkdənsə intihar etməyi seçərdim.

- Deyirlər, Emin Piri ədəbiyyatın “pleyboy”udur...

- Əsla! Dediyim münasibətlərə görə deyrisinizsə, bu iki il öncəyə kimi çox olub. Bunusa “pleyboy” adıyla qiymətləndirmək olmaz. Açığı, arağı da atmışam. Seksdənsə bir müddət uzaq durmaq istəyirəm. Yorulmuşam... İndi heç Sumqayıtdan bayıra çıxmıram.

- Seks, araq, şeir...

- Ən böyük günahımınsa evli qadınlarla olduğunu düşünürəm. Açığı özüm tərəfindən heç birinə münasibət baxımdan jest olmayıb. Hər zaman qarşı tərəfdən olub. Amma iki il öncə özümə söz verdim ki, kim olmağından asılı olmayaraq evli xanımlarla heç bir zaman münasibət qurmayacam.

Hazırki əsas şəkil

- Həyatında qadın olmayanda şeir yaza bilirsən?

- Poeziya-enerjidir. Enerji isə ehtirasdır. Baxır ehtirası nəyə yönəldirsən. Şeirləri yazanda bir müddətlik qadınlardan uzaq olmaq lazımdır. Çünki qadın enerji verici yox, enerji alıcıdır. Seksdən sonra böyük poeziya yaratmaq qeyri-mümkündür. Məsələn, indi “Venesiyaya məktublar” şeirimi işləyirəm, buna görə də uzaq durmağa məcburam. Bədəndə yığılan enerjini poeziyaya yönəltmək. Dediyimiz ilham mənbəyinin adı enerjidir reallıqda. Qadınsa əksinə enerji alıcı olduğundan onda münasibətdən sonra poeziya daha yaxşı alınar. Kişidə isə əksinə. Qadınla yataq poeziyanın düşmənidir. Sadəcə yazarkən bir müddət uzaq durmalısan.

- Yaxşı, qadın söhbətini bağlayaq, keçək başqa bir suala. Atan da şairdir. Amma çox tanınmır. Sən atandan daha çox tanınırsan. Necə bir hissdir?

- Hər yazar tanınmışlığı istər. Bunu etiraf edək. Tanınmışlıq adətən yaradıcılığa görə olmur. Ədəbi mühitdə elə bilirik Ramiz Rövşəni hamı tanıyır. Elə kəndlər var ki, bir-bir soruşsaq, heç kim tanımaz. O kəndlərdə Ramiz Rövşəni əhalinin 90 faizi tanımır. İstedadla məşhurluq yaradıcılıq dövründə, gənclikdə tək-tük hallarda üst-üstə düşür. Atamdan çox, ya az tanınmaq - bu məni ilgiləndirmir. Mənimçün önəmli olan odur ki, mən ondan daha istedadlı şeirlər yazım.

- Bunu bacarmısan?

- Məncə, bacarmışam. İkincisi məşhurluğu istəyirəm. Amma hər kəsin tanımasını da istəmirəm. Bu əlavə problemdir. Mənim nəyimə lazımdır, enerjimi alacaq, düşüncəsi başqa yönlərdə fırlanan birisinin tanıması? Bu həm acgözlük olardı, həm də özünü əlavə yükləmək. Gənclərimiz burada səhv edir. Tanınmışlıqla sevilməyi səhv salırlar. Məsələn, iki qız bunlara şərh, mesaj yazan kimi “ay məni sevirlər, ölürlər” kimi eqoya qapılırlar. Bu cür gənc yazarları görəndə ürəyim bulanır. Sevilmək məhrəm hisdir. Bunu feysbukda paylaş, özünü reklam et, başqalarının sevgisindən İP tutmaq. Bu, iyrənclikdir. Fikir versəniz, feysbukda belə özümü elə aparıram ki, sanki məni sevən yoxdu, tənhayam, və.s. Açığı, mənim hərəkətim də obraza girməkdir, amma hansısa qızın sevgisini paylaşıb mənimçün ölürlər demirəm. Qoy elə bilsinlər ki, çirkin ördək yavrusu kimi həmişə tənhayam.

- Atan ənənəvi şairdi. Sənsə yenilikçi. Onun yaradıcılığına qarşı çıxırsan?

- Hər sahədə istedadlı mətnlər qoya bilən adam heç zaman hansısa vəzndə yazanı qınamaz. Hər hansı vəzndə istedadlı mətn qoyan bir kimsə digərini qınamır. Çünki narahat deyil, yazdığına əmindir. Şeir sadəcə vasitədir. Önəmli olan poeziyadır. Vikipediya kimi materialları qafiyələndirmək nə qədər istedadsızlıq nümunəsidirsə, eynilə sərbəst şeiri informasiya ilə doldurub dünya şeiri adı vermək o qədər absurddur. Yenə də hansı vəzn olursa-olsun, önəmli olan əlahəzrət poeziyadır. Ənənəvi olsun, ənənəvidə yeni söz deyirsənsə, poeziya yaradırsansa bu özündən hoqqa çıxararaq yenilik adını verməkdən yaxşıdır.

- Hər halda fərqli qütblərin şairlərisiniz...

- O kommunizm dövrünün yetirməsidir, mənsə vəhşi Qafqaz kapitalizminin. Ona görə də fərqlər olmalıdır. Şeirinə görə qınamağım yadıma gəlmir, amma müasir dövrdə dünyaya yanaşmasını qınayıram. Misalçün bu gün türkçü şair kimi tanınıb pafosla ulayanlar əslində türkçü sözlərini biznesə çeviriblər. Atamsa sadəcə türk şeirini yazır. Bu gün Azərbaycanda türkçülükdən dəm vuran şairlərin əksəri türk milli kimliyini biznesə çevirənlərdir. Atamsa saf baxır. Bu hal əsəbiləşdirir məni. Adamlar türk şeiri yazıram, türkçüyəm deməklə biznes qurur, ya da pul qoparır. Kütlə ilə oynayır.

Image result for Emin Piri

- Ramiz Rövşən vəsiyyətində demişdi ki, mənə nə Xalq şairi adı lazımdı, nə də fəxri xiyabanda dəfn edilmək. Sonra Ramiz Rövşənə Xalq şairi adı verildi. Ancaq dediyi sözə əməl etmədi. Sən necə düşünürsən?

- Ramiz Rövşən illər öncəyə kimi ən sevdiyim şair idi. Amma simasındakı saflıq, uşaq məsumluğuna baxmayaraq, Makvellinin əsərlərinə ən ciddi əməl edən fiqurdur. Mislaçün, müqayisə etsəm Ramiz Rövşən AYB sədri Anardan daha böyük siyasətçidir. Ümumiyyətlə, ədəbi mühitimizdə Ramiz qədər siyasəti incələyərək əməl edən ikinci istedadlı şair yoxdur.

Amma gəncliyə, məhz istedadlı gəncliyə ögey münasibəti gəncliyi ondan get-gedə soyudur. Və dediyim kimi Ramiz Rövşən ədəbi mühitimizin bir növ Makvellisidir.

O ki qaldı, Xalq şairi adına, yəqin Ramiz Rövşənin siyasi düşüncəsi qərar verib ki, bu adı almaq onun xeyirinədir.

- Deyirlər, Emin Piri də Xalq şairi adı almaq istəyir...

- Açığı bu gülməli olar. Hansı milli, dövlət xidmətimə görə? Bu ada indi layiq olduğumu düşünmürəm. Hətta bu sözü dilə gətirmək ədəbiyyatda külüng döymüş adamlara qarşı haqsızlıq olar. Xalq şairi adı altında əzilərəm. Hər halda az da olsa vicdan hissim var. Məni insanlar yox, ad əzə bilər.

- Rəşad Məcid müsahibəsində demişdi ki, əvvəllər Aqşin Yenisey, Seymur Baycan kimi yazarlarla dava edirdim, indi isə istedadsız uşaq-muşağın əlində qalmışam. Sənin də bu yaxınlarda AYB ilə, Rəşad Məcidlə qalmaqalın olmuşdu. Yəni bu sözlərin bir ucu da sənə dəyirdi...

- Rəşad Məcid səmimi adamdır. Bir dəfə səhv etmirəmsə Şərif Ağayar demişdi ki, adamın qətlində əli olar, amma məzarın üstündə elə ağlayar ki, məzardan durub qucaqlamaq istəyərsən. Bunu Rəşad Məcidlə müsahibədə Kəramət Böyükçöl mövqe kimi qoymuşdu. Bu jurnalist işi deyil. Yanlışdır. Rəşad Məcid mənim haqqımda həmişə müsbət fikirlər səsləndirib. O boyda Gənc ədibləri həvalə etdi, Gənclər şurasına da üzv etdilər. Günahını ala bilmərəm. Eyni zamanda illər öncə mübahisələrdə Rəşad Məcidlə yaşıd insanlar idi. İndisə yaşla müqayisədə əlbəttə, uşağıq. Bu, zamanın hökmüdür.

- Gənc yazarlardan bəhs etdin. Hansılar ədəbiyyata ziyan verir?

- Ad çəkəcəm, paxıllıq kimi qiymətləndirəcəklər. Amma biri var, məsəlçün bütün qapılar açıqdı. Ərgən düşüncəliləri toplayıb yanına. Adam Salam Sarvandan, Həmid Herisçidən, Ramizdən, türk şairərindən - hamıdan plagiat edir. Di gəl, hamı tərifləyir. Və yaxud adamlar var, ağacların qırılmasına etiraz edir, amma çıxardığı kitablarla ağaclara daha çox ziyan vurur. Xüsusən, plagiatlar ziyan vurur. İstedadsızlığı bağışlamaq olar, özü bilər, amma oğurluq ən böyük günahdır.

# 5592 dəfə oxunub

Oxşar xəbərlər

Tramp məşhur qrupun ilham mənbəyi oldu

Tramp məşhur qrupun ilham mənbəyi oldu

11:30 24 aprel 2024
“Yadplanetli” filminin premyerası keçiriləcək

“Yadplanetli” filminin premyerası keçiriləcək

11:00 24 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:40 24 aprel 2024
Bakıda Qırğız kino günlərinin açılışı oldu

Bakıda Qırğız kino günlərinin açılışı oldu

10:09 24 aprel 2024
Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
# # #