“Heç bir avropalı azərbaycanlı qədər postmodern ola bilməz”

“Heç bir avropalı azərbaycanlı qədər postmodern ola bilməz”
25 aprel 2011
# 09:40
Saytımız yayına başlayan kimi oxuculardan çoxlu məktub almağa başlamışıq. Hər yerdən, hər şeydən yazırlar. Belə qərara gəlmişik ki, hər həftə ən maraqlı məktubu çap edək. Bu həftə məktubların demək olar ki, hamısı maraqlı idi. Ancaq ən maraqlısı İsveçrəli oxucumuzun yazdığı məktub oldu. Adının çəkilməsini istəməyən Avropalı oxucumuz görün nə yazır:

«Salam «Kulis.az» dərgisinin qızıl kollektivi, necəsiniz? Qəzetinizi aldım, oxudum, sevindim. Qərara gəldim ki, ölkəniz haqqında ilk təssüratlarımı sizinlə bölüşüm. Mən inişil orda olmuşam. Sizin ölkə o qədər maraqlı və yaddaqalandır ki, bir məktubda bunların hamısını yazmaq çətin işdir. Mən ilk dəfə sizin ölkəyə gələndə sizdə deyəsən qurban bayramı idi.

Liftə minib mənzilimə qalxmaq istəyəndə, bığlı və hirsli bir kişi qurban kəsəcəyi toğlu ilə birlikdə içəri daxil oldu. Toğlu dərhal liftə qığladı. Mən beşinci mərtəbədə düşdüm. O, kişi öz toğlusu ilə birlikdə doqquzuncu mərtəbəyə qalxdı. Toğlu səhərə kimi doqquzuncu mərtəbənin balkonunda dayanmadan mələdi. Səhər həmin kişi toğlunu elə doqquzuncu mərtəbədə qurban kəsdi. Qanını da yuyub balkondan aşağa axıtdı. Yəqin düşünüb ki, doqquzuncu mərtəbə yerə nisbətən allaha daha yaxındır.


Aşağı düşüb sizin camaata tamaşa etməyə başladım. Hamı qurban kəsilmiş cöngənin ətrafına yığılıb qəssabla şirin – şirin söhbət edir, sevindiklərindən əllərindəki nizələri yerə batıra-batıra yallı gedirdi. Yaşadığım binanın həyətində hər gün bir kişi öz arvadı ilə köməkləşib, düz yolun ortasında dana kəsirdi. Hər gün yuxudan qalxıb onlara baxırdım. Əri dananı kəsəndən sonra arvad heyvanın qarnını, içalatını tabaqda sürüyüb yumağa aparırdı.

Əziz dost, onu da deyim ki, yaxşı cöngə kəsməyiniz var. Cöngəni çox nadir bir güləş fəndi ilə yerə yıxırsınız. Mən fikir vermişdim, yaşadığım binanın qarşısında obaşdan əvvəlcə bu zırpı kişi iki barmağını dananın burun deşiklərinə soxub, heyvanın başını geri bururdu, arvad dərhal əlindəki ipi dananın qabaq ayaqlarına dolayıb var gücü ilə dartırdı. Dana böyürüb əsl parter vəziyyətinə düşürdü. Sizin xalqın yerinə olsaydım Yunan – Roma güləşi kimi, Azərbaycan – Cöngə güləşi adlı bir idman növü yaradardım. İspanlarda korrida olduğu kimi qoy sizdə də cöngə yıxmaq adət – ənənə halını alsın. Hər yerdə idman kompleksləri tikin, qoy hər yerdə cöngə ilə süpürləşən gənclər olsun. Bu bir zarafatdır.

Siz Avropa da heç vaxt günün günorta çağı ər – arvadın çırmalanıb dana kəsməsini görə bilməzsininiz. Avropada heç bir ailə bu qədər postmodernist deyil. Ona görə də adam burada darıxır.

Başıma gələn ən maraqlı hadisələrdən biri də saçımın uzunluğu ilə bağlı idi. Küçəyə çıxanda hamı mənə baxıb gülürdü. Sən demə saçı uzun olmaq sizdə qoluboyluq, üzdəniraqlıq sayılırmış. Hətta evində qaldığım azərbaycanlı dostum məndən xahiş etmişdi ki, saçlarımı kvadrat qırxdırıb ayrıc açım, bığ buraxım, yoxsa o, camaat arasında rüsvay olacaq. Bir dəfə də məni arvadımla sizin iqtidar mənsublarından biri qohumlarının toy mərasiminə çağırmışdı.
El ağsaqqalı həmin adamdan mənə mesaj göndərdi ki, arvadıma tapşırım burda göbəyiaçıq qiyafədə gəzməsin, paltarı yoxdursu, burdakı arvadlardan bir tuman alıb geyinsin, ayıbdır. Toyun səhəri həmin məmur səhər saat 5 – də mənə zəng vurub xaş qonaqlığına çağırdı. Əynimi geyinməyə macal tapmamış yenidən zəng vurub dedi ki, qardaş, bağışla, gecikmişik, saat 4 – də müxalifətçilər bizdən qabaq xaşı yeyib qurtarıblar, qalsın başqa vaxta.


Nəsə, əziz «Kulis»çilar özündən muğayat olun ki, sizi bıçaqlayıb eləməsinlər. Vaxt tapdıqca yazacağam, öpürəm.
# 4222 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #