Atasını başqa qadınla tutan qızın qəribə sualı

Atasını başqa qadınla tutan qızın qəribə sualı
29 avqust 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Məkanın melodiyası” filmini təqdim edir.

Süjet: Əsərin qəhrəmanı 80 yaşlı violençelist – Murad (Ələddin Abbasov) tək yaşayır. Onun qızı Gülya (Mehriban Zəki) atasının doğum gününə bütün yaxınlarını dəvət edir. Ancaq atası doğum gününə laqeyddir. Çünki onun əsas qayğısı nə vaxtsa itirdiyi melodiyanı tapmaqdır. Qoca onun şərəfinə təşkil olunmuş ziyafətə qatılmır. Parka gedərək intihar etmək istəyir. Burada onun həmişə oturduğu skamyada gənc bir qadını görür. Onlar tanış olurlar. Rəna (Ayan Mirqasımova) rəqqasədir və onlar Muradla bir neçə gün əvvəli filarmoniyada qarşılaşdıqlarını xatırlayırlar. Gənc qadın döşündə xərçəng olduğundan şübhələnir. Murad onu tanış həkiminin yanına aparır. Sonra məlum olur ki, Murad nə zamansa Rənanın anasını sevib, amma onunla evlənməyib. Rənanın anası artıq həyatda yoxdur. Murad uzun illər sonra sevgilisini xatırlamaqla itmiş melodiyanı da tapır. Son konsertində bu melodiyanı ifa edir...

“Məkanın melodiyası” dramını Hüseyn Mehdiyev 2004-cü ildə lentə alıb. Film fərdin yaşamındakı ekzistensiya məqamını araşdırır. Murad karyerasında uğurlar qazanıb, həyatını nümunəvi ailə başçısı kimi yaşayıb. Daha doğrusu, ətrafı, cəmiyyət onun görmək istədiyi kimi olub, sxematik yaşayıb, ürəyinin səsini dinləməyib, özünə özgələşib. O, qocalığında tənha olduğunu, yanlış yaşadığını anlayır. Övladları isə onu anlamaqda çətinlik çəkir. Birdən-birə ona hər şey anlamsız gəlir, bu günədək qazandıqları əhəmiyyətsiz görünür. Həyatının yeganə mənası isə nə vaxtsa vədinə xilaf çıxdığı sevgilisini taparaq günahını yumaqdadır. Rejissor melodiya ilə onun sevgisini metaforalaşdırır. O, məhz sevgilisini xatırlayandan sonra itmiş melodiyanı tapır.

Müəllif eyni zamanda fərdin özünəxəyanəti mövzusuna toxunur. İnsan özünə xəyanət edəndə həyatını formal qatda yaşayır. Murad yalnız ahıl yaşında, ailəsinin fikrinə önəm vermədən həyatı hiss elədiyi kimi yaşamaq istəyir. Təsadüfən tanış olduğu Rənanı evə dəvət edəndə, onu daim nəzarətində saxlayan qızı Gülyanın fikrini önəmsəmir.

Rejissor qəhrəmanın son bir neçə günün göstərsə də, qısa kinematoqrafik zamanda onun tam bioqrafiyasını, yaşantılarını oxuyuruq. Fleşbək metodundan istifadə olunan təhkiyədə personajların xatırlamaları vasitəsilə Muradın keçmişinə qayıdılır. Bəzi epizodlarda eyni vəziyyət iki personajın baxış bucağından verilir, bununla da kompozisiya bütövlənir. Bundan başqa bir neçə səhnədə - öncə indiki zamanda baş verən situasiyanın nəticəsi, ardınca nəticəyə gəlinən proses verilir. Örnəyi, Gülya atasının evində yad qadını görəndə çaşır, Rənanı qəfil, sərt sualı ilə diksindirir: “Sən qəhbəsən?” Sonrakı epizodda onun bu, qənaətini gücləndirən səbəblər göstərilir. Nəql texnikasındakı belə qırıqlıq əhvalatın dramatizmlə yükləyir, onu bütün görməyə mane olmur.

Rejissor milli kinomuzda az rast gəlinən bir məqama ötəri də olsa toxunur: Rənanın iç dünyasına fokuslanmaqla, yaşantısını ön plana çıxarmaqla, ona anlayışla yanaşmaqla qadının azad seksual həyatına bəraət verir. Bununla da müəllif namus anlayışını cinsiyyət orqanı ilə eyniləşdirmir. Hərçənd, Rəna obrazının üzərində də çox dayanmır. Çünki onun qəhrəmanı kişidir.

“Məkanın melodiyası” Rusiyada, İtaliya keçirilən festivallarda iştirak edib. Filmin ssenari müəllifləri Ramiz Rövşən, Hüseyn Mehdiyev, operatoru Nadir Mehdiyevdir.

# 5375 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #