writer1

Könül Cəfərli

Məqalə sayı

58
clock10:21 calendar-gray 20 Avqust 2019 view-gray848 dəfə oxunub
view-gray848 dəfə oxunub

Atalığının döyə-döyə öldürdüyü Murad

Yəqin xəbəriniz oldu, Kürdəmirdə ögey ata 5 yaşlı oğulluğunu döyərək öldürdü. Uşağın anasının dediyinə görə, qeyri-rəsmi yaşadığı əri mütəmadi olaraq Muradı fiziki zorakılığa məruz qoyub, çomaqla, küt alətlərlə oğluna xəsarət yetirib: “O qədər döyürdü ki, balamın başı tamam şiş və yara içində idi. Lüt soyundurub əli-qolu bağlı halda saatlarla qızmar günün altında saxlayır, günlərlə yemək vermirdi. Çomaqla döyə-döyə Muradı gölə aparıb, başını suya salır, boğulanda çıxarırdı. Döyülməkdən oğlumun bədəni qapqara qaralmışdı. Murad ölənədək onu təpiklə, yumruqla vurdu. Uşaq can verəndə sayıqlayırdı ki, ana, qoyma, gəldi”.

Murad ölməmişdən əvvəl, atalığı ona hər dəfə işgəncə verəndə də “Ana, qoyma” , - deyərək ağlayıb, yalvarıb, anasının onu xilas etməyini istəyib. Amma nə Abdulla balacanın naləsinə məhəl qoyub, nə də Sevanə övladını qəddar ərin əlindən alıb, onu qoruya bilib. Hətta kişinin tapşırığı ilə balasını soyundurub günün altında saxlayıb, məcburən də olsa Muradın işgəncələrində iştirak edib. Qadın yoldaşından çox qorxduğunu, özünün də işgəncə gördüyünü söyləsə də, balasının fəryadına dözməyi adamı dəhşətə gətirir.

Yenə də Sevanəyə söyməyə, lənət oxumağa tələsməyin. Əlbəttə, bir ana od içində də olsa balasını müdafiə etməli, canı bahasına onu qorumalıdır. Amma söhbət anadan gedir, ana olmağı bacaran qadından. Sevanə nə qədər ana idi? Yaxud da niyə ana ola bilməmişdi? Oğlunu doğanda neçə yaşı vardı? Bax, əsl məsələ, faciənin kökü bundadır.

Sevanənin hekayəsini ətraflı bilmirəm. Niyə anasının evindən qaçıb, başqa bir rayonda fermaya sığınıb? Nə üçün hər şeyə tüpürüb yaralı Muradı həkimə aparmayıb? Ərimi təhdid edib, yoxsa xəstəxanaya maşın tapıb apara bilməyib, bəlkə pulu olmayıb? Fermadan başqa gedəcək yeri vardımı?

Muradın anasını yaxından tanımasam da, onun qədər çarəsiz, zalım ərin zülmlərinə boyun əyən başqa Sevanələrə bələdəm. Hətta doğma atasının döyə-döyə kor etdiyi Adildən xəbərim var. Qonşumuzdur. Balaca vaxtı dədəsi o qədər başına yumruq vururdu ki, oğlanın gözlərinə qan sağılırdı. Xəyalə dillənən kimi əri üstünə bıçaq-balta çəkir, nəfəsi kəsilənədək döyürdü. Əlində, qollarında, boğazında bıçaq yaralarının izi indiyədək qalıb. Aldığı zərbələrdən uşağın görmə qabiliyyəti yavaş-yavaş zəiflədi. Axırda bir gözü tamam kor oldu, digəri isə əməliyyatdan sonra çox zəif görür.

Atası tək Adilə deyil, o biri övladlarına da əziyyət verir, cəza olaraq 4-5 yaşlı uşaqları qaranlıq zirzəmidə saxlayırdı. Yazıqlar qorxudan bağırları yarıla-yarıla saatlarla “podval”da tək qalırdılar. Sonralar kiçik oğlunda ürəkgetmə yarandı. Həyətdə oynadığı yerdə huşunu itirirdi.

Əvvəllər Xəyaləni belə qorxaq olduğuna, övladları uğrunda mübarizə aparmadığına görə çox qınayırdım. Hətta bir gün “Sən özün bir yana, balan gözünün qarşısında sağlamlığını itirir, amma yenə də o ərin yanındasan. Analar var ki, övladı üçün dünyanı dağıdar. Sən isə..” - sözümü bitirə bilmədim. Ağlayaraq: “Dəfələrlə ayrılmaq istədim, anam qoymadı. Dedi, boşanmış qıza evimdə yer yoxdur. Oxumamışam, əlimin sənəti yoxdur, 4 uşağa necə baxım? Kimin qapısına gedim?” - dedi.

Qadınlarımızı müti edən tək ərdən iqtisadi asılılıq deyil, həm də el qınağı, ictimai münasibətdir. Bizim mentalitetdə gender bərabərliyi yoxdur, kişi qadından birmənalı olaraq üstündür. Toplum olaraq oğul övladı arzulamağımızın da əsasında bu amil dayanır. Diqqət etsəniz, əksər haqq və səlahiyyət, geniş imkanlar kişilərə tanınır. Qız nişan qaytaranda adına söz çıxmış hesab olunur, amma oğlan 3-cü dəfə də özünə toy çaldırsa, kimsə qınamaz. Qadın nikahdan kənar münasibət quranda fahişə, eyni əməli kişi edəndə namussuz sayılmır. Bu kimi cinsi ayrı-seçkiliyə dair onlarla misal çəkmək olar.

Gözünü açandan anasının döyüldüyünü görən, sonra özü də atası və qardaşları tərəfindən kötəklənən, məktəb oxumayan, evdəki davadan, səfalətdən xilas olmaq üçün bir oğlana qoşulub qaçan, amma ər yanında daha çox zülm çəkən, analığın nə olduğunu bilmədən ana olan, başından qapaz, üzündən söyüş əksik olmayan qarabəxt qadın üçün zorakılıq zamanla adiləşir, həyat tərzinə çevrilir.

İnsan sevilərək sevməyi, qayğı görərək qayğıya qalmağı, müdafiə olunaraq müdafiə etməyi öyrənir. Ağlı kəsəndən şiddətə məruz qalan, heç zaman dayağı olmayan, şillə-təpiyə alışmış birisindən zorakılığa etiraz etməyi gözləməyin.

Zorakılıqların yaşanmaması üçün qadına ictimai münasibət yenilənməli, ailədə qız oğul övladı ilə bərabər dəyər görməlidir. Mütləq şəkildə təhsil almalı, ən azı əlini çörəyə çatdıracaq bir peşəyə sahib olmalıdır. Hüquqlarını bilməli, özü və övladı zərər gördüyü zaman qarşındakına “dur!” deməyi bacarmalıdır.

Hər şeydən öncə qızlara dözməyi deyil, etiraz etməyi öyrədək. “Yaxşı qız” meyarlarını dəyişək.Lal-dinməz, fağır, qorxaq, qapaz vurub əlindən çörəyi alınan deyil, savadlı, oxumuş, özünə güvənən, cəsarətli qızı “yaxşı” qəbul edək. Bunu edək, özümüz üçün olmasa da, başqa Muradların zərər görməməsi, yaşaması üçün edək. Çünki əksər ailə faciələrinin kökündə cahillik və səfalət yatır.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Yeznəsində xoşbəxtlik axtaran qadın
21:00 16 Sentyabr 2019
Azərbaycanlı model 40 kiloqramlıq geyimdə
18:44 16 Sentyabr 2019
“Yad gəlin” gəlir
18:14 16 Sentyabr 2019
Öz ölüm xəbərini televiziyadan eşidən 10 uşaq atası: “Ulduz”un Qədiri
17:29 16 Sentyabr 2019
Bir taleyin portreti – Məti Osmanoğlu yazır
16:38 16 Sentyabr 2019
Eyni yerdən şikəst qalır anaların qucağı – Aqşin Evrəndən Yeni Şeirlər
15:45 16 Sentyabr 2019
Çingiz Abdullayev Dronqoya heykəl qoyulmasını təklif etdi
15:18 16 Sentyabr 2019
Filmlərimiz Batumidə beynəlxalq festivalda nümayiş olunur
14:40 16 Sentyabr 2019
Bakıda Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
14:03 16 Sentyabr 2019
Yazıçı Mübariz Örən beynəlxalq festivalda iştirak edəcək
13:30 16 Sentyabr 2019
Paxıl - Orxan Fikrətoğlundan yeni hekayə
13:01 16 Sentyabr 2019
Füzuli xatırlayır
12:17 16 Sentyabr 2019
“O uşaq elə bil restorana gəlmişdi” – Bilik günündən reportaj - Fotolar
11:51 16 Sentyabr 2019
Əjdər Ol Ədəbiyyat Fondunun dirtektoru təyin edilib
11:20 16 Sentyabr 2019
Bu gün ADO teatrında sərgi açılır
10:54 16 Sentyabr 2019
İlk dərs günüm
10:21 16 Sentyabr 2019
Bakı Kitab Mərkəzi 1 yaşını qeyd edib
09:38 16 Sentyabr 2019
Ginekoloq: “Ailə qurmaq zorunda deyilik” – Müsahibə
08:57 16 Sentyabr 2019
5 sözdən ibarət şedevr – Mətn
12:10 15 Sentyabr 2019
Dünyanın ən məşhur qadın yazıçısı necə yoxa çıxdı?
10:10 15 Sentyabr 2019