Süfrəm ərzaqların edam kürsüsü... – Yeni Şeirlər

Süfrəm ərzaqların edam kürsüsü... – Yeni Şeirlər
7 avqust 2019
# 16:03

Kulis.az Amil Amalın şeirlərini təqdim edir.

Uşaq vaxtı yıxılanda

deyərdilər bir az da böyüdün,

bir az da yekəldin,

ağlama.

İndi böyümüşəm.

Yıxılanda deyirlər ki,

yekə adamsan

uşaq kimi ağlama.

***

Axşamlar gün batanda

Boynunu bükər günəbaxanlar.

Nə qədər nur saçsa da ay

Başını qaldırıb baxmaz.

***

Nə bizim eradan əvvəl

nə bizim eradan sonra.

Bizim üçün həyatda

yalnız iki dövr olub.

Bizim sevgidən əvvəl,

bizim sevgidən sonra.

***

Süfrəm

ərzaqların edam kürsüsü.

Başı əzik soğan, dişlək kolbasa.

Yiyəsiz küt bıçaq,

hər tərəf nar ləkəsi.

Külqabım

başı öz kötüyündə vurulan

siqaret kötükləri.

Boşqabım

rəssam palitrası kimi

sarı xardal və

qırmızı ketçup qarışığı.

Fırçam

quru çörək loxması.

Mədəm

yağlı yeməklə çəkilmiş

kətan dərimin altındakı

iki ayaqlı

arıq malbert taxtası.

***

Ali təhsilli işsizlər kimi

ali sevgili qadınsızdım.

İxtisasca sevgini bitirsəm də

öz sevgim üzrə sevmirdim.

Əmək kitabçası kimi

sevgi kitabçama düşən

yeganə qız o idi.

O qız ki, ürəyində alıcı,

qürurunda satıcı,

ayaqlarında başmaqçı,

əllərində falçı,

ayaqqabılarında pinəçi,

gözlərində gözətçi,

başında baş məsləhətçi,

dodaqlarında dilənçi,

kürəyində mühafizəçi,

dərdlərində əczaçı,

arzularında inşaatçı,

keçmişində tədqiqatçı,

hisslərində tərcüməçi,

geyimində tənqidçi,

ciblərində iqtisadçı,

ümidlərində işıqçı,

xəyallarında şərhçi,

qulağında xəbərçi,

dilində dilçiydim.

O isə deyirdi

yalançısan, yalançı.

Burax bu gic şeirləri,

get özünə bir iş tap.

Elə sanırdı zarafatdı,

ona ciddi şeir yazan

bu şair, bu yazıçı.

***

Barmağı olmayan adam

barmaqsız əllərinə baxıb

düşünürdü.

Bura yer kürəsi idi.

Burda hər şey barmaqla idarə olunurdu.

Çünki hamı bir-birini burda

beşbarmağı kimi tanıyırdı.

Məsələn, burda adamlar

barmaqla sayılıb təriflənir,

barmaqla göstərilib pislənirdi.

Barmaqların dişləyib heyfislənir

ya da barmaqların silkələyib

bir-birini hədələyirdilər.

Çox qəribə idi burda adamlar.

Burda adamlar

barmaqlarının qanından analiz,

barmaqlarının izindən iz

qoyardılar.

Burda adamlar barmaqlarına dolayıb

bir-birini ya sarıyarlar

ya da barmaqlarını bir-birinə dolayıb

sevişərdilər.

Barmaqsız adamlar da vardı burda.

Ancaq onların da barmağı vardı bu işlərdə.

Nə isə ki, çox qəribə idi

burdakı adamlar,

burdakı adamların barmaqları.​

# 3789 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər