Səməd Vurğunun adından məktub yazdı və...

Səməd Vurğunun adından məktub yazdı və...
6 avqust 2019
# 15:42

Kulis.az Səxavət Sahilin “Səməd Vurğunun məktubları” hekayəsini təqdim edir.

Necə olmuşdusa Səməd Vurğun ovdan qayıdanda Əlverdigilin kəndinə düşmüşdü. Xəbər ildırım sürətilə kənd sovetinə, ordan da bütün rayona yayılmışdı. Şair kolxoz sədrinin ikimərtəbəli evinin eyvanında ipək mütəkkəyə söykənib mixəkli samovar çayı içirdi. Ovun yorğunluğunu canından çıxarmaq istəyirdi, bu dəm raykom katibi başının dəstəsi ilə təşrif buyurdu. Xoş-beşdən sonra raykom dəm-dəstgah üçün ispolkoma him elədi. İspolkom da portkoma göz eləyib yanına çağırdı ki, tez əl-ayaq eləsinlər, fermadan quzu gətirib kabab çəksinlər. Şairə necə lazımdı qulluq olunmalıdır, yoxsa kişinin yanında üzüqara olarıq. Tapşırıq mötəbər olduğundan fermaya sədr özü getdi, şair üçün kəsiləcək quzunu şəxsən seçməliyidi, bu işdə kiməsə ürək qızdıra bilməzdi, “üzüqara” sözü onu yaman tutmuşdu.

Şairlə raykom katibi təzəcənə isinişirdilər, qəfildən kəndin savad dağarcığı sayılan Əlverdi müəllim özünü həyat qapısından içəri saldı, o saat da Səməd Vurğunun yanına cumdu, əlində də şairin rus dilində olan boz cildli kitabı. Qonağın qənşərinə çatıb onun məşhur “Partiyamızdır” şeirindən bir bəndi hüdüllüyüb tökdü:

Bəşərin vicdanı, eşqi, ürəyi,

Zehni, düşüncəsi, fikri, diləyi,

Bütün yer üzünün xoş gələcəyi,

Hər zövq-səfası partiyamızıdr!

Şair xoşhal olub ona yanında yer göstərdi, Əlverdi də elə bil himə bəndiymiş, oturan kimi başladı şeiri misra-misra təhlil eləməyə. Əslində buna təhlil demək olmazdı, sadəcə hər misranı öz sözləri ilə müəllifin özünə izah edirdi. Raykom katibi Əlverdinin gəlişindən narahat olsa da, qırımını pozmadı, istədi o da şeir təhlilinə qoşulsun, amma gördü yox, giriləsi kol deyil, dinmədi. Əlində əlac olsaydı Əlverdiyə çəmkirərdi, intəhası özünü pis adam eləmək istəmirdi. Həm də gördü ki, müəllim şairlə elmi dildə müzakirələr aparır, odur ki, qulaq asmağa üstünlük verdi. Səməd Vurğun arada raykom katibinə Əlverdini tərifləyib dedi ki, rayonda belə müəllimlərin olması rayonun uğurudur. Raykom katibi rayonun uğurunu öz uğuru kimi qəbul elədiyindən Əlverdinin gəlişinə özü də sevinməyə başladı, çünki şairlə danışacaq savadda deyildi. Onunku quzu kababı və çəkilmə tut arağıydı, bir də hay-küy salıb rəhbərlik qabiliyyətini nümayiş etdirmək.

Əlverdi sən deyən dərin adam deyildi, hardasa pedməktəb oxuyub ədəbiyyat müəllimi olmuşdu, onu da ala-yarımçıq. Nə çoxuydu pedməktəbə qiyabi adını yazdırıb, dərs deyənlər. Bu da elələrindən biriydi... Ta ki, Səməd Vurğun onların kəndinə gələnəcən. Elə həmin gündən də Əlverdinin ulduzu parladı.

Şairlə olan söhbət rayonda düz bir ay müzakirə olundu. Birinci katib hara gedirdi Əlverdini misal çəkirdi, rayona başucalığı gətirdiyindən bəh-bəhlə danışırdı. Əlverdinin hörməti birə-beş artmışdı, raykomun yığıncaqlarında başda otururdu, meskomun iclasından çıxıb patkomun iclasına girirdi. Tanımaq olmurdu onu, necə deyərlər, “planka”nı qaldırmışdı, dərs dediyi məktəbə getməyə belə vaxt tapmırdı.

Şairin gəlişindən bir xeyli vaxt ötmüşdü, olub keçənlər yavaş-yavaş unudulmağa başlamışdı. Söz-söhbət səngiyəndə Əlverdi əməlli-başlı narahat oldu; onu barmaqla göstərənlərin sayı azalmışdı. Bilmirdi neyləsin, düşünüb nəsə bir çıxış yolu tapmalıydı. Yoxsa, yenə də adiləşib həmənki ədəbiyyat müəlliminə çevriləcəydi, məclislərə dəvət-filan da almayacaydı, evlə məktəbin arasında yol ölçəcəydi Əlverdi.

O axşam evə gec gəldi, kefi-əhvalı yerindəydi, hələ bir az da yuxarıydı. Gələn kimi də arvadına bərk-bərk tapşırdı ki, bəs, sabah yola çıxıram, ertədən durub hazırlıq görsün, Bakıya gedəcəm. Arvad əvvəlcə duruxdu, sonra irəli yeriyib ərindən soruşdu:

– Ay Əliverdi, Bakıya gedirsən? Nə xəbərdi, direktora deyibsən?

– Hə də, demişəm ki, gedirəm. Sentralnı Kütübxanaya novı kitablar gəlib, tirajı azdı deyin, irayona gəlib çıxmır, urus klasiklərinin əsərləridi, onuyçun gedirəm. Direktor mənə nə deyə bilər, bütün irayon başıma and içir.

Səhər o başdannan durub toqqasının altını yaxşıca bərkitdi ki, gün əyilənə qədər karına gəlsin. Adətiydi uzaq yerə gedəndə tezdəndən möhkəm yeyirdi, bir az da simic olduğundan kafeyə, restorana getməzdi, uzaqbaşı yol çantasında lavaş-pendir götürərdi. Evdən çıxanda bircə kəlmə söz dedi:

– Axşama qayıdacam.

O deməsə də, arvadı bilirdi ki, gecəni Bakıda qalmaz, toran çökənə qayıdar. İstədi bir soruşsun ki, ay kişi, bu beqəfil getməyin heç xoşuma gəlmədi, nə məsələdi? Amma soruşmadı, şərə lənət deyib, dalınca bir parç su atdı.

***

Günəş boz təpələrin arxasına keçəndə Əlverdi özünü yetirdi, qoltuğunda da vur-tut bir kitab. İntəhası şad-xürrəm idi, elə bil ona təzə vəzifə vermişdilər, son günlərin qanıqarasına oxşamırdı Əlverdi. Axşamdan şalvarını və köynəyini ütülədib hazır qoydurdu.

Arvad duyuq düşdü ki, ərinin nəsə gizli planı var, soruşmaya bilməzdi, maraq üstün gəldi:

– Ay Əlverdi, nə xəbrdi, yenə harasa gedirsən?

– Yoxe e, heçara getmirəm, deyirəm birdən olar da, irəykomdan, filandan iclasa-zada çağırarlar, hazır olsun.

Tezdən üzünü qırxıb yuyundu, geyinib-kecinib startda durdu. Nəyisə gözləyirmiş kimi hövsələsiz idi. Evdə var-gəl eləməyə başladı, bir yerdə qərar tuta bilmirdi, tez-tez pəncərədən torpaq yola boylanırdı. Birdən raykom katibinin “Volqa”sı göründü, Əlverdinin həyətinə çatanda iki dəfə siqnal verdi. Şofer ərklə həyət qapısından içəri girib səsini başına atdı:

– Ay Əlverdi, ay Əlverdi, yoldaş raykom səni gözləyir, poçt idarəsindən zəng eləmişdilər, Əlverdi müəllimə Bakıdan məktub gəlib. Səməd Vurğun göndərib deyirlər, rayonun partiya fəalları poçt idarəsinə yığışıb.

Əlverdi həyətə çıxıb şoferlə salamlaşdı:

– Salam, salam xoş xəbərlə gəlibsən, muştuluğun məndə. Səməd qağadan niyaranıydım.

– Tez ol, tez ol gedək, yoldaş raykom bizi gözləyir, vaxt yoxdu.

Əlverdi darvazadan çıxanda eyni sözü yenə dedi:

– Axşama qayıdacam.

Rayon poçt idarəsinin qarşısına iyirmiyə qədər adam yığılmışdı, raykomdan tutmuş meskoma qədər hamı ordaydı. Əlverdi “Volqa”dan düşüb birbaşa içəriyə cumdu, birinci katibə salam verməyi də unutdu. Poçt müdiri bir əlində məktub, bir əlində qeydiyyat jurnalı hazır dayanmışdı. Əlverdi salamsız-kalamsız jurnalı müdirin əlindən alıb ad-familyasının yazıldığı sətrin qarşısına qol çəkdi, sonra jurnalı onun üstünə atıb məktubu əlindən qapdı. Poçt müdiri onun bu hərəkətindən qeyzlənsə də, bir söz deyə bilmədi. Məktub Səməd Vurğunun özündən gəlmişdi axı, həm də, raykom katibi bayırda məktubun oxunmasını səbrsizliklə gözləyirdi. Əlverdi idarənin qapısından çıxmağa macal tapmamış həyəcanlı, maraq dolu baxışlarla rastlaşdı. Qapının ağzındaca məktubu açıb oxumağa başladı. Karıxıb eləmədən, elə rahat oxuyurdu ki, elə bil öz əliylə yazmışdı:

“Zəhmətkeş sovet vətəndaşı Əlverdi müəllimə salamlar!

Sizinlə tanışlığımız məndə dərin təəssürat yaratdı. Məntiqli təhlilə, özünəməxsus düşüncənizə heyran oldum. Ədəbiyyat bilikləriniz kifayət qədər yetkin və əhatəlidir. Yaradıcılığıma bələd olmağınız məni fərəhləndirdi. Rayonda yaşayan sadə sovet zəhmətkeşlərinin şeirə, sənətə maraq göstərməsi, yüksək qiymət verməsi biz şairləri daimi ilhamlandırır. Adi bir kənd müəlliminin bu qədər hazırlıqlı olması çoxmillətli sovet xalqının qazandığı nəaliyyətlərdən birdir. Sizin bilik və bacarığınız imkan verir deyək ki, rayonunuzda qabaqcıl məktəblərdən birinə rəhbərlik etməyə tam layiqsiniz. Mən buna sovet ziyalısı kimi ürəkdən əminəm!

Mənə göstərdiyiniz qonaqpərvərlik haqqında ayrıca danışmaq istəyirəm. Zəhmətimi çəkən yoldaşlara ürəyimin ən dərin guşələrindən atəşin salamlarımı yetirin, təşəkkürlərimi çatdırın. Quzu kababının dadı damağımdan getmir, Muğan torpağında bəslənən quzu ceyrana bərabərdir. Sizin və rayon rəhbərliyinin qayğıkeşliyindən Bakıdakı yoldaşlara da ürək dolusu söhbət açmışam.

Əziz Əlverdi müəllim, sizin timsalınızda bərəkətli rayonunuzdan özümə sədaqətli dost tapmışam. İmkan tapan kimi yenə də sizin görüşünüzə gələcəm. Yoldaş raykom katibinə alovlu salamlarımı yetirməyinizi Sizdən xahiş edirəm!

Əllərinizi sıxıram, bağrıma basıram!

Sizin Səməd Vurğun.”

Məktub bitən kimi hamı əl çaldı. Raykom katibi Əlverdiyə dedi ki, mənə salam göndərdiyi yeri təzədən oxusun, yaxşı eşitmədim. Əlverdi həmin yeri pafosla təkrar oxudu: “Yoldaş raykom katibinə alovlu salamlarımı yetirməyinizi Sizdən xahiş edirəm!” Birinci katib, – Əleykə salam, – deyib tez Əlverdinin əllərini sıxdı, sanki Səməd Vurğunun əlini sıxırdı.

Əlverdi nümayişkaranə şəkildə vərəqi qatlayıb zərfin içinə qoydu və şəstlə dedi:

– Məndən bu qədər.

Adamlar dağılışdı. İkibir, üçbir bölünüb kənara çəkildilər, başladılar məktubu müzakirə etməyə. Ərki çatan rayon fəalları onu kənara çəkib söhbətə tutmaq istəsə də, Əlverdi yaxasını ələ vermədi. Raykom katibi ispolkoma göstəriş verdi ki, axşam yanıma gəlsin, şairin təklifini yerinə yetirməliyik, müəllim layiq olduğu yerdə işləməlidir. “Volqa”ya minəndə Əlverdiyə: – Mənim də salamlarımı yoldaş Səməd Vurğuna hökmən yetirərsən, – deyib, qapını örtdü. Maşın gurultuyla yerindən tərpəndi.

***

Səhər-səhər idi, Əlverdi dərsə təzəcənə başlamışdı ki, direktorun otağına çağırdılar. Direktor həyəcanlıydı, xəttin o başında ispolkom idi. Əlverdi dəstəyi alıb ədəb-ərkanla salamlaşdı:

– Sabahınız xeyir yoldaş ispolkom, qulluğunuzda hazıram.

– Əlverdi müəllim, yoldaş katib sizi sabah 9-da gözləyəcək. Rayon partiya komitəsinin iclası keçirilib, qərara alınıb sizi irəli çəksinlər. “Bakı komissarı” qəsəbə məktəbinə direktor təyin olunubsunuz. Sizi təbrik edirəm.

İspolkomun təbrikindən sonra nə dediyi yadında qalmadı Əlverdinin, başıalovlu evə qayıtdı.

***

Diqqəti və hörməti həmənki təki özünə çəkə bilmişdi, işləri yağ kimi gedirdi. Təzə vəzifə təzə dostlar qazandırmışdı; hamı ona can atırdı, danışmaq, görüşmək, Səməd Vurğun haqqında suallar vermək həvəsindəydilər. Raykom katibi hər həftə onu qəbula çağırırdı, hər dəfə də Səməd Vurğunun məktublarını təzədən oxutdurub ləzzət alırdı. Xüsusən də rayon haqqında və özünə aid olan yerlərə təkrar-təkrar qulaq asmağı xoşlayırdı. Həm də partiya fəallarına demək istəyirdi, o boyda şair, üstəlik də Fadayevin dostu məndən danışır. Məktubların sonunda raykom katibinə qucaq dolu salam-kalam da həmişəki kimi öz yerində olurdu.

Bala-bala qabağa gedirdi Əlverdi, əlinə beşdən-üçdən də gəlirdi, rayonun idarə müdirləri, kolxoz sədrləri onun xahişini göydə tuturdu. Kimə ağız açsaydı, bir cavab alırdı: baş üstə. Beləcənə “baş üstə”lərlə daşı daş üstə qoyub özünə yaxşıca ev tikdirdi, həyət-baca düzəltdirdi Əlverdi.

Ayda bir dəfə Bakıya gəlirdi, özü də heç kimdən icazə alıb-eləmirdi, icazə alsaydı kimsə şübhələnə bilərdi, sakitcə bazar günləri aradan çıxırdı. Arvadına möhkəm-möhkəm tapşırırdı ki, hara getməyini bir kimsəyə deməsin: “İcazəsiz gedirəm, bilsələr direktorluqdan çıxardarlar, qalarıq yaman günə. Axşama qayıdacam”. Arvad da dinib-danışmırdı, heç soruşmurdu, nəyə gedirsən. Əlverdi izi azdırmaq üçün məktubları öz ünvanına yazmırdı, eləcənə rayon poçtuna yazırdı, vəssalam. Gerisi hazırıydı. Axırıcı məktubdan sonra rayon partiya komitəsinə büro üzvü seçmişdilər. Şayiə gəzirdi ki, Əlverdini raykoma aparacaqlar, meskomun yerinə hazırlaşır. Şayiə həqiqətə çevriləcəkdi, araya Səməd Vurğunun ölümü düşməsəydi...

Şairin dünyadan köçməsi onu sarsıtdı, qırx gün adamlardan uzaq gəzdi, hamı ona başsağlığı verirdi, Əlverdinin dərdi isə başqa idi...Vəzifəsini, hörmət izzətini itirəcəyindən qorxurdu, bilmirdi neyləsin, Səməd Vurğunun məktubları olmadan diqqətdə qalmaq, vəzifə tutmaq çətin olacaqdı. Düzdü, ona dəyib toxunan olmamışdı, yenə direktor işləyirdi Əlverdi, intəhası nüfuzu əvvəlki kimi deyildi.

Məktəbdə saatlara kabinetindən çıxmırdı, hey fikirli gəzirdi, çıxış yolu axtarırdı, çarəsizlik onu dalana dirəmişdi.

Birdən ağlına Rəsul Rza gəldi. “Lenin” poeması dillər əzbəri idi, şöhrəti ölkəni bürümüşdü, üstəlik “Stalin mükafatı” da almışdı. Onun məktubu Əlverdini düşdüyü anlaşılmaz vəziyyətdən xilas edərdi, şan-şöhrətini yerində saxlaya bilərdi. O, təzədən Bakıya getməli oldu. Səhər erkən evdən çıxanda adəti üzrə bir kəlmə dedi:

– Axşama qayıdacam.

Gerisi hazırıydı. Raykom katibi yenə özü məktəbə zəng eləmişdi.

Rəsul Rza yazırdı:

“Əzizim, vəfalı dost Əlverdi....”

“Ulduz” jurnalı

# 3608 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #