Bütün günahların cavanlığıyam – Esmira Məhiqızından Yeni Şeirlər

Bütün günahların cavanlığıyam – Esmira Məhiqızından Yeni Şeirlər
2 avqust 2019
# 15:45

Kulis.az Esmira Məhiqızının yeni şeirlərini təqdim edir.

mən bunu bir yaşıl tumurcuq kimi
sarı yarpaqların altında gizlərkən...

mən bunu bütün gözlərdən iraqda tutarkən...
bir təbərrik kimi
içimin ən ucqar yerində saxlarkən...

mən bunu özümə belə deməzkən,
özümə belə deməzkən,
deməzkən...

mən bunu kağıza söyləməzkən,
mən bunu qələmə söyləməzkən,

bu şeir necə yazılır... bilməm

***

o gəlişlər, gəlişlər həminki deyillərsə
o gülüşlər, gülüşlər mənimki deyillərsə...

dünənki deyillərsə
o yollar, o yolaqlar.
bu əllərim topallar,
bu qollarım çolaqlar
çarəsiz bir cocuğun suya düşən xəyalı,
qırıq umudu isə...
gecə pəncərələri gecə buludu isə...

gecə buludu isə hələ sulu gözlərim,
hələ quru izlərim,
hələ duru sözlərim...
bu şairlik də belə son uçuşumdur bəlkə

***

bəzən cavab qaytaranda,
ya cırnayıb danışanda
nənəm deyərdi,
- quzum, dilotu yemisən,
dilin elə uzundu.

ağacların başında qalan beş-üç meyvəni
ağacların təpəsindən dərəndə,
nənəm yenə deyərdi,
- əlin elə uzundu.

tətil qurtaran kimi şəhərə qayıdardıq,
o biri tətilədək nənəm gözlərdi bizi,
sonra tətil olardı, yenə kəndə gedərdik,
məni bağrına basıb nənəm pıçıldayardı,
- doqquz aydı yolunu qısaldıram, uzanır
yolun elə uzundu.

o nənəmdən sonraydı..
dadı qaçdı həyatın, şuru itdi həyətin,
sarıldım qoca tuta,
ağladım, ağladım heyyy... dedim,
- nənə, ay nənə
ölüm elə uzundu.

***

bu yalın şəhərdə yol qəribiyəm,
gəlməklər-getməklər gözümə durub.
indi ayrılıqlar quyruğu üstə
güləyən ilandı,
üzümə durub.

ölçürəm biçirəm ağı-qaranı,
ağ... kəfən boydadı,

qara... gecədi.
kəfənə bürünüb gecə içində,
bilmirəm, gecənin gündüzü varmı,
varsa da.. görəsən gündüz necədi.

bu yalın şəhərdə,
günahın,
suçun..
məscid qapısında yavanlığıyam.
bəlkə də bilmirəm,
bəlkə də elə
bütün günahların cavanlığıyam.

bütün keçmişlərin uşaqlığıyam,
geriyə hardansa yol axtarıram.
qanadım qırılıb,
qollarım yoxdu,
bir azan səsinə gözümü açıb,
qanad axtarıram, qol axtarıram.

və hər gün qeybdən mədəd umuram,
hələ umduğumda israrlıyam çox.

mənim xəyallarım yoldan başlayır-
mənim yer üzündə Əli yolundan
başqa yolum yox.

başqa gedəcək yoxx... gedəm gəlməyəm,

başqa öləcək yox... öləm ölməyəm.

bu yalın şəhərdə, yavan şəhərdə

yol tapa bilmirəm,

yol qəribiyəm.

***

marşrutu dəyişib xoşbəxtliyin,
daha bizim kənddən keçmir,
bizim aralıqda dayanmır.

marşrutu dəyişib sevincin,
bir topa kənd uşağını
şəhərlərdə sevindirə bilmir.

marşrutu dəyişib uşaqlığın da...
nağılların da,
hekayələrin də.

marşrutumu dəyişmişəm mən də,
əvvəl nağıldan keçirdim,
indi şeirdən.

***

ağacın üşüyən sevda yanından
bir yaşıl qoxu əsdi
üstümə-üstümə.

bir yaşıl külək susdu,
bir yaşıl yağış dindi...
susdular,
dindilər
qəsdimə-qəsdimə.

ağacın son yaz qoxusu
nə cür qoxuydu ki,
necə qoxuydu ki,
bütün payız şəkillərində
bir sarı not kimi düşdü...

sonra da ah kimi qarışdı
tüstümə-tüstümə.

ağacın üşüyən sevda tərəfindən...
hər payız o yaşıl qoxu
bir sarı həsrət tək
yüyürür
üstümə-üstümə.

# 2659 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #