Kür Əlisəmidin canavar taleyi

Kür Əlisəmidin canavar taleyi
31 iyul 2019
# 10:30

Kulis.as Emil Rasimoğlunun şair Əlisəmid Kürə həsr etdiyi “Ağrılar sevdalısı” yazısını təqdim edir.

Həə, əziz oxucu! Bir az vaxtını alıb "Nəsimi ili"ndə sənə

Hamı iftar açır günah içində...

Al, xışla hamını, al, xışla, Allah!

Sənin sağlığına içmişəm, Allah...

Bağışla sən Allah, bağışla, Allah!

- deyib Nəsiminin Allahının yox, Peyğəmbərin Allahının sağlığına içən, bu günə kimi də sağ qalıb qalmamasından xəbəri olmayan, öz qəbrinə qısılan Əlisəmid Kürdən danışacağam. Deyəsən, tanımadın axı... Kür Əlsəmidi deyirəm də, alnının qırışından taleyin suvarı keçən, el-obası qan tər içində olan, bu şəhərdə bütün dilənçiləri tanıyan, qolları üstündə can verən, balabançı kor Əlisəmidin dostu Kür Əlisəmidi...

Demək, yay aylarıdı... Günlərin bir günü özü ilə döyüşə-döyüşə ölümünə doğru gedən bu şərablar Tanrısı ilə bu şəhərdə qəfil rastlaşırıq. Üzündəki qırışlara salam verirəm. Nə başını ağrıdım... Stolu, stulu özümüzə tabe edib bir ağacın kölgəsinə bürünürük... Baxıram, qarşımdakı bu səhra adamına, tənhalıq aşiqinə... Yenə barmaqları saçlarında qaçışır, Allah boyda susqunluq ağuşunda dərin-dərin nəfəs alır... Mənsə, bu an eləcə Məmməd Arazı xatırlayıram; içində dünya müharibəsi, çölündə qurtula bilmədiyi sükut... Amma bir fərq var idi ki, onun sükutu təbiətin hökmü idi, önümdəki bu şərablar Tanrısının sükutu isə öz xarakterinin hökmü...

Qayıdıram, müşahidəmi davam etdirməyə... Gözləri havaya dikilib, qarşısındakı çay dolu stəkan da "Sonrası, sonrası nə ola, ola..." - deyib, ürəyi yana-yana qurbanlıq quzu tək bir ovcuna sığınıb.

...Və özümü daha da toplayıb, yolumu taleyindən salıram bu susan köynəkli çovğunun. Başlayıram sükuta güllə ata-ata, xəfif-xəfif, oğrun-oğrun addımlaya-addımlaya ad günü keçirməyən həbsxanaların, 2 min 400 kilometrlik həsrətin, köhnə divar saatında kəfgirdə yellənən qızın yanından keçməyə...

Bircə onu görürəm ki, hər sual verdikcə suallarımın əlindən tutub, gözündən öpüb gedir lap ömrünün unutduğu fəsillərinə.

Uzaqlaşdıqca dabanı yeyilmiş çəkmələrinin boğuq, kədərli səsini eşidirəm...

Zaman keçir... Çay üşüyür... Daha sual da vermirəm... El bil ömrü bu saat bitəcək, eləcə ara vermədən özü danışır. Gah həyatdan, gah ömürdən... Gah da şeirdən... Gözləri qızarır, dodağı səyriyir, nəfəsi təngiyir... Siqaretlərin naləsi ərşə qalxır... Və birdən dediyi bir neçə cümlənin içindən bir söz çınqıl daş kimi gözümə düşür:

"Bax, gör nə deyirəm, ay Emil. Bilirsən, hazırkı çağımızda Salam Sarvan da şairdi, Ramiz Rövşən də, Rüstəm Behrudi də... Amma mən onları taleyimlə yemişəm, taleyimlə!"

Aman Tanrım!!! Qəfil gözlərim titrəyir..."Taleyimlə yemişəm"... - bu sözün enerjisindən özümü bir canavar dişində hiss edirəm bu taleyi canavar adamın qarşısında...

...Əlisəmid Kür şəhər-şəhər, içki-içki, dilənçi-dilənçi, şeir-şeir, yalquzaq-yalquzaq azan səsində öz taleyinə təslim olmağı bacardı, öz taleyinə uduzmağı bacardı, amma taleyi yenə qələbə çala bilmədi ki, bilmədi, bu qəribə və bir az da qərib adamın.

...Həə, əziz oxucu!

Bilirsənmi, bu il həmin o ağrılar sevdalısının, şərablar Tanrısının, SÖZ səhrasının 65 illiyidir.

Heç bəlkə özünün də xəbəri yoxdur.

Çünki o dünyanın əqrəbləri itmiş saatıdır...

Ehh, nə bilim e...

Görsən, bircə deyərsən ki, niyə dəyişmədin, Cəfərin oğlu?!

# 3944 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər