Qız gətirmək üçün kirayə ev axtaranlar

Qız gətirmək üçün kirayə ev axtaranlar
27 iyul 2019
# 11:02

Ayxan Ayvaz

Gəlin, kirayə qalan tələbənin xarakterini çizməyə çalışaq:

Əvvələn... Tələbənin tutacağı ev ucuz olmalıdır, yanında bir-iki nəfər şərik də mütləqdir. Qız gətirməyə ev sahibi razılıq verməlidir. Vayfay, televizor olmasa çətin qalmaq olar orda.

Boşalan içki şüşələri...

Tələbənin yaşadığı evin miskin mənzərələrindən biri. Səhər dərsə tələsəndə yığılmamış yorğan-döşək də bu mənzərənin tərkib hissəsidir. Evə qonaq gələndə tələbə tez-tələsik bu mənzərəni yığışdırıb dolabın içinə ya da, çarpayının altına doldurmaqda məharətlidir. Amma səhərisi gün ev doğma halına qayıtmalıdır. Tələbənin evi cəngəlliyi xatırlatmalıdır axı. Başqa cür ola bilməz.

Ödənməyən işıq, qaz çekləri...

Tələbə bu çeklərdən bir kitabxana sala bilər. Müxtəlif qiymətlər yazılmış çeklər dostlarla gülmək üçün ələ düşmüş yaxşı materialdır. Dərddən gülən tələbə axşam çeklərlə təkbətək qalanda dərin bir hüznə boğular. Rayondakı atasına zəng eləməkdən vaz keçər, çünki atalar əsəbidir, eynən dərsə gecikəndə qaşlarının ortası çatılmış müəllimlər kimi. Ən yaxşısı anadır. Onun hardasa gizlətdiyi, pis gün üçün saxladığı pullar var.

Maraqlı bir əşya...

Tələbə qızların diqqətini çəkmək üçün yaşadığı evdə mütləq maraqlı bir əşya saxlayar. Qızları evə gətirmək üçün edilən unikal bir bəhanə. Görən, o əşya nədir elə? Göstərməz heç kimə, gərək əşyanın olduğu yerə gedəsən. Sonradan xəyal qırıqlığı da ola bilər. Qız tələyə düşdüyünü anlayar. Amma artıq gecdir...

Yarım alma...

Soyuducuda tənha duracaq o yarım alma. Heç kim yeməyəcək onu. Nə vaxtsa dərsdən gəlib stolun üstündə almanı aşkarlayan ac tələbə onu yarıya qədər yeyib soyuducuda həbs edəcək. Bu yarım almanın azad olacağı günü səbirsizliklə gözləyirik.

Çirkli qablar...

"Bu günün işini sabaha saxlama” düsturu tələbə üçün tərsinədir. Çirkli qablar kimin üçün yuyulacaq ki? Çirkli qablar onun ruh halını ifadə etməyə yarayır. Yemək yemək üçün çirkli qabı yumağa ehtiyac yoxdu. Qalaq-qalaq çirkli qabın içindən birini seçib yeməyi ora tökmək tələbə üçün pintilik deyil, əksinə onun həyatının ən vacib atributlarından biridir.

Yemək bişirmək

Tələbə yorğundur. Həmişə və hər zaman. Qonşular ona əl tutmaz, dostlar da ancaq ortalığı dağıtmaqla məşğuldur. Ən yaxşısı qayğanaqdır. Tava artıq yumurtanın yayılmasına öyrəncəlidir. Doğmalaşıb yumurta onun üçün.

Yeni kəşflər

Bütün tələbələr dahidir. Şübhəsiz! İşıq puluna görə işığı kəsiblər. Axşam da futbol var. Nə etməli? Tələbə üzbəüzdəki qonşudan elektrik götürür. Birdən işıq yanır. Bu dəfə qaz yoxdur. Tələbə də həmişə ac. Yeməyi bişirmək tələbə üçün problem deyil. Ütü, ya da peç nə günə durur?

Tualet kağızları

Kağız qalmayıb artıq. Tələbənin gününün çox hissəsi tualetdə keçir. Bəs bu kağız hara yoxa çıxır? Cin olub göyə çəkilmir ki? Tələbə telefonla qızlarla yazışa bilər, ya da mahnıya qulaq asar. Kağızların qətli sirr olaraq qalır.

Əşyaların köçü

Tələbə əşyalarını çox sevər. Həm də o qədər sevər ki, bəzən onları xarab olmuş soyuducuya doldurar. Əşyalar hər gün evin başqa-başqa yerlərinə köç edər. Bu köç dayanmaz.

Bu bir tələbənin həyatı...

# 4205 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #