Mixaylonun ölməz ruhu

Mixaylonun ölməz ruhu
22 iyul 2019
# 13:36

İyulun 21-də Sloveniyada bütün günü İkinci Dünya müharibəsinin qəhrəmanı Mehdi Hüseynzadənin-Mixaylonun vuruşduğu dağlarda, meşələrdə, kəndlərdə onun xatirəsini qoruyan yerləri gəzdik, qəbrini ziyarət etdik, xatirə-muzeyinin yerləşdiyi məktəbə getdik, burda qoyulmuş abidəsinin önündə şəkil çəkdirdik, Vitovlye kəndinin sıldırım qayalara dırmaşan yuxarı başında Mixaylonun son səngəri olmuş evə, onun yaralandığı və son gülləsi ilə özünü vurduğu yerlərə baxdıq. Onu deyim ki, getdiyimiz hər yerdə bu əfsanəvi partizanın, bu igid, cəngavər gəncin xatirəsini xalqın necə əziz tutduğunun şahidi olduq. Dağlar arasındakı balaca, sakit, gözəl Çepovan kəndindəki Qəbrüstü abidəsi də, xatirə muzeyindəki heykəli də, məktəbin həyətindəki büstü də, onunla bağlı olan yerlərdə qoyulmuş xatirə lövhələri də bu sevgini aydın göstərir. Müharibə illərində Sloveniyanın bu gözəl bölgəsində və Şimali İtaliyada Mixaylo adı doğrudan da əfsanəyə dönübmüş, bu yerlərin adamları onu ürəkdən seviblər, çoxlu dostları olub, ölümünə bütün xalq ağlayıb. Keçilməz dağ yolları ilə vurulduğu kənddən çox uzağa, Çepovan kəndinə aparılaraq həlak olmuş dostları ilə bir yerdə dəfn olunmasının bir səbəbi də izinin itirilməsi, düşməndən gizlədilməsi olub. Azərbaycanın Mixaylonun adını yüksək tutması, dövlətimizin təşəbbüsü ilə Qəbrüstü abidənin tikilməsi, muzeyin yaradılması, büstünün qoyulması, özəlliklə "Uzaq sahillərdə" filmi Sloveniyada xalqımıza böyük sayqı və maraq doğurub.

Mehdi Hüseynzadənin izləri ilə gəzərkən bu gün içində olduğumuz Ermənistan savaşını və Qarabağı itirməyimizin səbəblərini düşünürdüm. Kənarda və içimizdə olan düşmənlər Azərbaycan xalqının öz torpağı üçün vuruşmayan, cəsarətsiz, qorxaq obrazını yaratmaqla Qarabağın ermənilərə təslim edilməsi planını davam etdirirlər. Amma tarixin heç bir dönəmində xalqımız qorxaq olmayıb. Dünən Mehdi Hüseynzadə, bu gün Mübariz İbrahimov kimi gənclərimiz həmişə olub, həmişə olacaq və Qarabağı da onlar xilas edəcək...

Mixaylo Azərbaycanın əbədi şöhrət və qəhrəmanlıq ünvanlarından biridir!..

# 2545 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #