news-inner
clock05:00 calendar-gray 21 Sentyabr 2012 view-gray4620 dəfə oxunub
view-gray4620 dəfə oxunub

Nanə: “Diş düzəldəndə həyatım mənasız idi” MÜSAHİBƏ

LAYİHƏ: “EKRAN ÜZÜ”

Kulis.az saytının suallarını tanınmış aparıcı Nanə Ağamalıyeva cavablandırır.

- Jurnalistikaya gəlişiniz necə baş verdi?

- Məktəbdə, universitetdə oxuyan zaman aktivliyimlə seçilmişəm. Məktəbdə keçirilən tədbirlərdə aparıcılıq da edirdim. Mirzə Ələkbər Sabirin “Millət necə tarac olur olsun” şeirini əlimdə təsbeh, kişi paltarında söyləmişəm və məktəbin yarısından çoxu bilməmişdi ki, rolu oynayan mənəm. Uşaqlıqda toxuculuğa, tikişə, şahmata, gimnastikaya, rəqsə getmişəm. Şahmatı çox sevirdim. İndi də valideynlərimə irad tuturam ki, niyə şahmatla peşəkar səviyyədə məşğul olmağım üçün təkid etməyiblər. Çox istərdim ki, peşəkar şahmatla məşğul olum və inanıram ki, bu, məndə alınardı. Məndə rəqs də gözəl alınırdı. Əminə Dilbazinin “Çinar” rəqs qrupunda 6 ilə yaxın rəqslə məşğul olmuşam.

Baş vermiş hər hansı hadisəni şərh edəndə tələbə yoldaşlarım mənə “aparıcı olmalısan” deyirdilər. Nə zamansa aparıcı olacağım ağlımın ucundan keçmirdi. Yalandan deyə bilmərəm ki, aparıcı olmaq uşaqlıq arzum olub. Xarici ölkələrə səfərlər, səyahətlər edən bir iş xanımı olmaq istəyirdim.
2005-ci ildə müsabiqə yolu ilə ATV telekanalına işə düzəldim. İlk əvvəl radioda işə başlamışdım. Radiodakı fəaliyyətimi bəyəndilər, sonra isə televiziyada çalışdım. Azərbaycan Dövlət Tibb Universitetini bitirmişəm və həkim-stomatoloqam. Televiziyaya gələnə qədər 2 saylı uşaq stomatoloji poliklinikasında stomatoloq işləyirdim. Hələ universitetin 2-ci kursda oxuyanda həkim kimi çalışırdım. ATV-yə işə düzələndən sonra həm poliklinikada, həm də televiziyada işimi davam etdirirdim. Radioda “Səhər” verilişinin aparıcısı olandan sonra iki yerdə işləməyim alınmadı. Ora qaç, bura qaç. Sonradan məni poliklinikadakı işimdən azad etdilər.

- Həkimlikdən ayrılmaq çətin olmadı ki?

- Poliklinikada diş düzəldən zaman həyatımın mənasız olduğunu hiss edirdim. Maddi baxımdan hər şey əla idi, amma iş sarıdan xoşbəxt deyildim. Stomatoloq işlədiyim müddətdə daima içimdə bir boşluq vardı, ATV-yə işə qəbul olunandan sonra boşluğun səbəbini anladım.

- Müsabiqə necə keçdi?

- 2005-ci ildə, fevral ayının 12-də ad günüm idi. Rəfiqəmə deyirdim ki, həyatımı dəyişməliyəm. Radioda iş elanı gedirdi. Özümü sınamaq qərarına gəldim. Telefon nömrəsini götürüb zəng etdim. Telefonun dəstəyindəki insan dedi ki, “Sizin gözəl sənətiniz var. Nahaq yerə zəhmət çəkib gəlirsiniz. Poliklinikada işləyirsiniz, nə işiniz var burda. Sizə burda iş olmayacaq”.

Deyilənlərə qulaq asmayıb, müsabiqəyə getdim. Böyük növbə vardı, təxminən 200 nəfər olardı. Zalda axırıncı sırada oturmuşdum. Münsiflər heyətində əyləşən Emin Musəvini tanıdım. Aparıcı olmaq üçün gələn xanımların əksəriyyəti bəzənib-düzənmişdilər. Mən də düşünürdüm ki, şansım yoxdur (gülür). Emin Musəvi üzünü zala tutub “rus dilində bilən varmı” dedi. Orta məktəbi 8-ci sinfə qədər rus bölməsində oxumuşdum. Əlimi qaldırdım ki, mən bilirəm. Dedi ki, yaxınlaşın. Beş nəfər münsif suallar verirdi. Onu da qeyd edim ki, sınağa valideynlərimə xəbər vermədən getmişdim. Düşünürdüm ki, şansım yoxdur, onsuz da seçilməyəcəyəm (gülür). Verilən suallara da layiqli cavablar verdim. Emin dedi ki, sabah gələrsiniz. Sonradan bildim ki, mənimlə müsabiqəyə gəlməmiş telefonda danışan Emin olub. O da Tibb Universitetinin məzunu olub. Bildiyiniz kimi, jurnalistikamızda ixtisasca həkim olanlar var. Millət vəkili Qənirə Paşayeva, Doktor Ziya, rəhmətlik Çingiz Mustafayev.



- İşə qəbuldan sonra bu xəbəri valideynlərinizə necə verdiniz?

- (gülür) Radioda işlədiyim vaxt televiziyada “TOP 10” verilişini səsləndirdim. Evdə ailəmlə birgə yemək yeyən zaman televiziyada rolik getdi. Mən də rolik gedən zaman oradakı çıxışımı masa arxasında paralel olaraq səsləndirdim. Anam təəccübləndi. Sonra bildilər. Qardaşım radioda çalışmağıma razı oldu. Televiziyaya çıxmağımı istəmirdi. Sonradan məcbur olub, razılaşdılar.

- Televiziyada çalışmağa başlayanda daha çox kimdən öyrənirdiniz?

- Emin Musəvidən dərs almışam. Saatlarla səs rejissorunun yanında oturub, onu dinləyirdim. Sözlərin, hərflərin necə deyilməyini yorulmadan izah edirdi. “ç” hərfini çox yumşaq deyirdim, dəfələrlə söylədirdi.

- Hansı aparıcıları bəyənirsiniz?

- Hələ uşaqlıqdan Rafiq Hüseynovu çox sevmişəm. Televiziyadan anlayışım yox idi, ancaq onu bəyənirdim. Rafiq müəllimin səsi, aurası məni yormayıb. Hələ mən peşəkar tərəflərdən yox, uşaq zövqündən danışıram. Hal-hazırda isə televizora baxmıram. Vaxtım yoxdur. Keçən mövsüm dörd verilişin aparıcısı olmuşam. Bir də 2008-ci ilin oktyabrından 2009-cu ilin sonlarına qədər müqavilə ilə Türkiyədə, “Doğan Holdinq”də təcrübə keçmişəm. Təcrübə zamanı türk həmkarlarımdan da çox şeylər öyrəndim. Uğur Dündarı çox sevirəm. Bəxtimdən Türkiyədə onun redaksiyasında təcrübə keçdim. Qardaş ölkədə öyrəndiklərimi faydalı hesab edirəm. Oradakı jurnalistlər peşəkardırlar və onlarda böyük səmimiyyət var. Bizdə elə aparıcılar var ki, özlərinə səmimi deyirlər. Səmimi olmaq o demək deyil ki, ancaq şəxsi həyata aid məsələlərdən danışasan. Səmimiyyət odur ki, aparıcı qarşısındakı insana daha yaxın olsun. Oradakı aparıcılarda bu səmimiyyəti gördüm. Onlar müsahibləriylə evindəki insan kimi davranırlar. Səda Sayanın verilişinə baxsanız bunu görə bilərsiniz.

- Necə düşünürsünüz, aparıcı karyeranız uğurlu alındımı?

- İlk addımlarımı atan zaman heç nə edə bilməyəcəyimi düşünürdüm. Yaşımı da nəzərə alıb, gecdir deyirdim. Ancaq sonradan uğur qazanmağa başladım. Həmkarlarımın 10 ilə əldə etdiklərini mən 2 ilə qazandım. Telekanal rəhbərliyi şərait yaratdı, inandı və etibar etdi. İşə yeni başladığım vaxtlar səhər saat 6-da işdə olurdum və gecə saat 11-də evə qayıdırdım. Radioda “Səhər” proqramının aparıcısı olduğum üçün işə tez gedirdim. Mənə deyirlər ki, aparıcısı olduğum “Gün keçir” verilişinin studiyası ilə Səba Tümərin studiyası eynidir. Bir növ plagiatlıqda ittiham edirlər. Səba Tümər də kimdənsə götürüb. Siz nəticəyə baxın. “Xalq Parad” verilişi analoqu olmayan layihəmdir. Bu layihə ən böyük uğurum idi. Bu ideya mənə məxsusdur. “Ulduz oldun” verilişi də maraqla qarşılandı.

- “Ulduz oldun” verilişinə münasibət birmənalı deyil. İnsanları ağlatmaqla məşğul olduğunuzu deyirlər. Həm də apardığınız verilişlərdə sizin tez-tez gülməyiniz, əl-qol hərəkətləriniz iradlara səbəb olur...

- Hə, “Ulduz oldun” verilişində başımız ağlamağa çox qarışdı (gülür). Mən hər zaman gülmürəm. Qarşıma müğənniləri ağlatmaq məqsədi qoymamışdım. Ağlamaq ənənəsinin təməlini Aygün Kazımova qoydu. Verilişdə qızı İlqarənin görüntüsü gedəndə ana olaraq göz yaşlarını saxlaya bilmədi. “Tənha qadın” mahnısı da ona təsir etmişdi. “Ulduz oldun” verilişində səmimi olan müğənnilərə minnətdarlığımı bildirirəm. Qeyri-səmimi olanlar da var. İnanın, ağlamaq üçün hazırlaşıb gələnlər də oldu. Adam verilişə ağlamaq üçün gəlirdi. Valideynlərimdən soruşun ki, onlar mənim ağladığımı görüblərmi?! Heç vaxt! Nadir hallarda məni ağlayan görüblər. Reytinq naminə ağlamırdım. Ağlamaq istəyirəmsə niyə də ağlamayım?! Rola girim? Qarşımdakı insanla oynayım? Aybəniz Haşımova ilə bağlı veriliş mənə çətin oldu. Həyat yoldaşı ilə bağlı video-çarx hazırlayanda çox pis olmuşdu. Qardaşım şəhid olub deyə, mənim üçün ikiqat ağır oldu. O ki, qaldı gülməyimə. O insanlara demək istəyirəm ki, onlar mənə diqqətlə qulaq asmayıblar. Səlis danışıram, səs tonum, nitqim qaydasındadır. Mən cəmiyyət üçün çox əziyyət çəkdim. İndi gülürəm. Məni gülməkdən də məhrum etmək istəyirlərsə, özlərini yormasınlar, alınmayacaq.

- Hansı verilişləri efirdə görmək istəməzdiniz?

- Aparıcı sözü düzgün tələffüz etməyəndə o söz qulağımı deşir. Müəyyən verilişlər var ki, aparıcı bizim çox yaxşı tanıdığımız, sənəti olmayan müğənnini yüksək səviyyədə tanıtmağa çalışır. Həmin müğənnilərin fanatlarını toplamaq mümkün deyil. Üç-dörd müğənnidən savayı heç kimin fanatını tapa bilmirəm. O cür verilişlər və elə verilişlərin aparıcılarına dözə bilmirəm. O aparıcılar məni qıcıqlandırır. Ad çəkmək fikrim yoxdur.

- Reklam çarxında da çəkilmisiniz...

- Reklamın çəkilişləri Şri-Lankanın paytaxtı Kolombo şəhəri və onun ətrafındakı çay plantasiyalarında çəkildi. Əslən lənkəranlıyam. Uşaq vaxtlarımda çay plantasiyaları, üzü bağlı xanımları görmüşəm. Belə desək çayın dadını bilirəm. Həm də hindistanlılara xüsusi simpatiyam vardı. Reklam çarxını Bollivud rejissorları çəkdilər. Biz onlardan, onlar da bizdən öyrəndi. Şri-Lankada doyunca çay içdim, inanılmaz dadı var.

- Kitab oxuyursunuzmu?

- Ədəbiyyatı çox sevirəm. Səmimi söyləyəcəyəm, son zamanlar mütaliə üçün vaxtım azdı. Ötən gün Vahid Əzizi gördüm, söhbətləşdik. Dedim ki, Vahid müəllim, kitablarınızın hamısını oxumuşam. Mən şeiri daha çox xoşlayıram. Son günlərdə şeir oxumaqla gündəmdəyəm (gülür). Vüqar Rahinin “Mənə bir az ondan danış” şeirini efirdə oxudum. Mən elə bilirdim ki, bu şeir Nüsrət Kəsəmənlinindir. “Mənə bir az ondan danış” adi dildə yazılmış gözəl şeiridir. Nüsrət Kəsəmənlinin bütün şeirlərini oxumuşam. Bəxtiyar Vahabzadənin də şeirlərini bəyənirəm.

Oxşar xəbərlər

Xəbər lenti

Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın - İlqar Kamil yazır...
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020