news-inner
clock17:33 calendar-gray 01 İyul 2019 view-gray535 dəfə oxunub
view-gray535 dəfə oxunub

Şorgöz, əsəbi, dindar – Taksi sürücülərimiz

Harasa tələsəndə, yayın cırhacırında, ya şaxtanın sazağında taksilər köməyimizə çatır. Fərqli-fərqli sürücüləri olan taksilər... Qaldığın ünvandan tutmuş gedəcəyin ünvana qədər yolu başa salana kimi ta əsəblərindarmadağın olur. Hər sürücünün içindən bir tip çıxır.

Sizə rastlaşdığım sürücü tiplərini təqdim edirəm.

1) Yaşlı deyingən kişi. Köhnə şəhərin yollarından, adamlarından ağızdolusu danışır. “Həyif döyüldü köhnə vaxtın adamları? Hə getdi e hamısı...” Dayının söhbətini bir az uzatmasına imkan verməmək üçün “bu adamların hara getdiklərini” soruşmağa cəsarət etmirsən. Dayı özünü şəhərə bələd göstərmək üçün “əntiqə bilirəm a buraları, fikrin o birilərə getməsün”, deyir. Belə sürücülərin maşını adətən qırıq-sökük olur, elə bilirsən, indicə yoldaca söküləcək. Amma dayı “indi bu maşınnardan görməzsən a” deyib fəxrlə köhnə dostunun macəralarıyla yola davam edir.

Image result for taksi sürücüləri

2) Orta yaşlı, taksiçilik etməyi nədənsə özünə yaraşdırmayan yaxşı geyimli, özündən razı kişi. Ünvana gec gəlib çıxsa da, sudan quru çıxır. Qollarını çırmalayıb arvad kimi haray-həşir salır. Bütün diqqəti müştərilərdə olur ki, birdən bunun ünvanına tənqidi bir söz deyərlər, qulaqlarından yayınar. Əgər işdi, puldan təsadüfən 10 qəpik az olsa, döyüşə çıxar. Məncə beləsi öz bəxtini sükan arxasında deyil, ticarətdə sınasın. Özü də dükanın mərkəzində sanballı bir yer seçsin ki, içəri girən hər kəs onun “vacib adam” olduğunu görsün.

Image result for taksi sürücüləri

3) Fağır, arıq, sadəlövh, 40 yaşlarında sürücü tipi. Hətta o qədər sadəlövhdür ki, mənzilbaşına gəlib çatandan sonra ağlına gəlir ki, maşını təmizləmək lazımdır. Müştəriylə əlaqə saxladığı telefonu maşında qoyur, düşüb arabasını yumağa başlayır. Belələrinin də maşını köhnə olur. İçəridəki mazut iyindən adamın nəfəsi kəsilir. Belə maşınların pəncərələri də açılmır. Amma sürücü o qədər fağırdı ki, müştəri söz deyə bilmir.

Image result for taksi sürücüləri

4) Şorgöz sürücü. Bunlar yola deyəsən tanış olmaq üçün çıxırlar. Yaşını, təhsilini, iş yerini xəbər alırlar. Amma birdən-birə tanışlıq təklif etməyə cürət etmirlər. Qadın müştərinin “o tərəfdən getsəniz daha sərfəli olar”, yaxud “istidir, pəncərəni açmaq olar” sözləri onun üçün söhbətə başlamağa bəhanə olur. “Filan yerdə işləyirsiniz? Haranı bitirmisiniz? Adınız nədir?” “Adımı neynirsiniz?” sualına nisbətən mərifətli olanlar utanır, nəsə bir şey uydurub deyirlər. Belə sürücülər adətən gənc qadın müştərilərə “yaxın səmtdə yaşayırlar” və bir “qonşu kimi” yardımlarını təklif edənlər də olur. Hətta apardıqları ünvandan pulsuz gətirə biləcəklərini söyləyirlər. Əvvəllər rəfiqələrim şorgöz sürücülərdən çox şikayət edirdilər, son vaxtlarda belə giley-güzarın sayı azalıb. Görünür, çalışdıqları xidmətlərdən qulaqburması alırlar. Əgər taksidə təksinizsə, belə sürücülərlə dialoq qurmaq düzgün deyil. Ailəvi mindiyiniz taksidə isə ümumiyyətlə yollar, maşınlar, sərfəli gedişlər haqqında məlumat olmaq olar.

Image result for taksi şöförü

5) Əsəbi sürücü tipi. Bu tipin nəyə əsəbiləşdiyini müəyyən etmək çətindir. Üzündən zəhrimar yağır. Elə bil sərnişinləri maşında yox, dalında daşıyır. İradlara məhəl qoymur. Suallara demək olar ki cavab vermir və ancaq mızıldanır. Ancaq elə ki, yol düşündüyündən uzaq başa gəlir, şirə dönür: “Mənə yol göstərməsəydiniz, rahat gedəcəkdik. Sizin üzünüzdən 2 km yol getdim” və s. Hətta tanışlarımdan birinin dediyinə görə, mənzilbaşına çatandan sonra belə hikkəli sürücü pulları onun arxasınca pəncərədən aşağı tullamaqla hirsini soyudub.

Related image

6) Dindar sürücü. Onu ilk baxışdan uzun saqqalından tanımaq olur. Maşında dini hekayətlərin səs yazısına qulaq asır. Ya da ərəb dilində anlamadığınız səs yazılarını dinləyir. Kifayət qədər yüksək səs verməsinə baxmayaraq, bunun fərqində deyil. Bir dəfə belə sürücüylə yol getməli oldum. Çox mədəni davransa da, özümdən asılı olmadan nəfəsimi tutub oturmuşdum. Adətən yüksək həddə qoyulan səs yazılarına irad bildirsəm də, sürücüyə səsimi çıxarıb nəsə deməyə cürət etmirdim. Atalar deyib, ehtiyat igidin yaraşığıdır.

Image result for taksi sürücüləri

7) Yolları tanımayan və naviqatorsuz sürücü tipi. Adətən belə sürücülərə çox rast gəlinir. Hətta mənzilbaşına gəlib çıxmağa tənbəllik etdiklərindən sifarişdən yaxa qurtarmağa çalışırlar. Getdiyimiz ünvanda isə bizə lazım olan məkanın yanından bir neçə dəfə sağa-sola gedəndən sonra ətrafdakılarının köməyilə ünvanı birtəhər tapmaq olur. Yol tanımayanların heç naviqatoru da işləmir. Tanımadığın yerdə saxlayıb “bu da sizin ünvan”, - deyib çıxıb gedə bilər. Mənzilbaşına iki taksiylə vara bilməyə çalışdığım anlar da olur. Bir dəfə isə məşhur klinikanın yerini tanımayan, sükan arxasında məmur kimi oturmuş sürücüylə qarşılaşdım. “Hara gedirik?”” Filan klinikaya”. “O hardadır ki?” “İnqilab tərəfdə”. “İnqilabda olduğunu bilirəm, hansı tərəfdədir yəni?” “Vallah mən hansı tərəfdə olduğunu bilsəydim, özüm gedərdim, sizdə naviqator yoxdur?” Bu yerdə sürücü əsəbiləşir: “Xahiş edirəm, düşün, maşınımdan, xahiş edirəm!” Sürücünün xətrinə dəyməyib maşından düşürəm.

Image result for taksi sürücüləri

8) Aldadan sürücü. Belə sürücülərə də təəssüf ki, rast gəlinir. Çatmamışdan 15 dəqiqə qabaq “sürücü gəldi” siqnalını göndərir. Və yaxud elə bu mesajla da məsələ bitir. Nə sürücüdən soraq gəlir, nə də xidmət mərkəzindən. Qalırsan gözləyə-gözləyə. Məncə sürücülər belə priyomlardan ona görə istifadə edirlər ki, özlərinin ya ödənişin azlığından, ya da müəyyən qəbul etmək istəmədikləri sifarişdən müştəri özü imtina etsin. Çünki sürücünün sifarişdən imtina etməyi onun özünə ziyan gətirir. Həm reytinqi düşür, həm də sifarişdən boyun qaçıran sürücüyə xidmət mərkəzlərinin etimadı azalır.

Image result for taksi şöförü

9) Künc-bucaqdan baxan sürücü. Vaxtilə sifarişli taksilərdə işləyib, ancaq köhnə bazara təzə nırx qoymaq istəmədiyi üçün ənənəvi taksiçilik fəaliyyətinə qayıdıb. Tinin başında dayanıb müştəri gözləyir. Gəlib-gedən sifarişli taksilərə qıraqdan gen qoyur, yəqin ki, altdan-altdan yamanlayır onları. Ən çox sevmədiyi şey müştərinin bütöv yox, xırda pul verməsidir. Guya sifarişli taksilərə minənlər maşınla pul kəsirlər. Məncə, belə künc-bucaqdan baxmaqdansa, o biri taksilərə qoşulub çörək pulu çıxarmaq yaxşıdır.

Related image

10) Laqeyd sürücü tipi. Bu tip sürücülər öz işlərini, ümumiyyətlə, anlamış deyillər. Sifariş edilən küçədən xeyli aralıda oturub “müştəri yolu” gözləyir. Zəng edəndə elə belə də deyir: “Mən filan küçədəyəm. Daha yolu-filan özüm keçmirəm, yoxsa yolum uzaq olacaq. Siz gəlin filan istiqamətə”. Belə sürücülərlə yaxşı olar ki, elə ilk zəngdə sağollaşasan. Qoy özü üçün oturub gözləsin.

Image result for taksi şöförü

11) Məsuliyyətli sürücü. Belə sürücü vaxtında deyilən yerə gəlib “xanım, gəldim” deyə zəng edir. Nə söhbətləri, nə də əsəbi hərəkətləri müştəriyə əziyyət vermir. Rahat bir şəkildə mənzilbaşına çatdırır, pulu alaraq təşəkkür edib uzaqlaşır. Arzu edirəm, həmişə belə ağıllı sürücülərlə qarşılaşasınız.

Image result for taksi şöförü

news-inner-user
Günel Natiq

134 məqalə

Paylaş

Oxşar xəbərlər