Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş poeziya gecəsi keçirilib

Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş poeziya gecəsi keçirilib
8 iyun 2019
# 10:08

İyunun 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi təşkil olunub.

Tədbirdə Azərbaycan poeziyasında öz yolu, öz dəstxəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən olan Vaqif Səmədoğlunun şeirləri səsləndirilib, sözlərinə yazılmış musiqilər ifa edilib.

Bildirilib ki, Vaqif Səmədoğlu 1956-cı ildə musiqi məktəbinin buraxılış imtahanında ilk dəfə səhnəyə çıxıb. O zaman onun 17 yaşı vardı. Maestro Niyazinin dirijorluğu ilə Rahmaninovun fortepiano və orkestr üçün 1-ci konsertini gənc Vaqif məhz bu səhnədən ifa edib. 63 il sonra Vaqif Səmədoğlunun bir daha bu məkana qayıdışıdır bu anlar.

Gecə boyu ekranda Vaqifin uşaqlıq və gənclik illərini əks etdirən videomateriallar təqdim olunub.

Azərbaycan televiziya və radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı musiqi çələngi ilə gecəyə xüsusi təravət bəxş edib.

Poeziya gecəsində Vaqif Səmədoğlunun xatirələr dəftərindən, onun dünya, Allah, sevgi ilə bağlı fikirlərindən geniş söhbət açılıb.

Qeyd edilib ki, ömrü boyu yazsa da az çap olunan şair həmişə özünü, qəlbini, ruhunu kağıza köçürüb. 1939-cu il iyunun 5-də Bakı şəhərində, Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya qucaq açdı. İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.

Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Vaqif Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb.

Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub. 1970-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1989-cu ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 1998-ci ildə “Humay” mükafatının laureatı olub. 1999-cu ildə Xalq şairi fəxri adı ilə təltif olunub. 2000 və 2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə 2-ci və 3-cü çağırışlarda deputat seçilib. 2015-ci il yanvarın 28-də Bakı şəhərində vəfat edib./azertag.az/

# 2917 dəfə oxunub

Oxşar xəbərlər

Türk ədəbiyyatını ingiliscə oxuyanlar - İbrahim Aziz

Türk ədəbiyyatını ingiliscə oxuyanlar - İbrahim Aziz

13:22 26 yanvar 2026
Əli Əmirli:  "Yazıçı" nəşriyyatı bu romanı mətbəədən geri qaytarıb nəşrdən imtina eləmişdi..." - Müsahibə

Əli Əmirli: "Yazıçı" nəşriyyatı bu romanı mətbəədən geri qaytarıb nəşrdən imtina eləmişdi..." - Müsahibə

12:00 26 yanvar 2026
Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

11:15 26 yanvar 2026
Ədalət Əbdülsəmədin 60 illik yubileyi qeyd olundu

Ədalət Əbdülsəmədin 60 illik yubileyi qeyd olundu

11:00 26 yanvar 2026
Nadir Yalçının kitabı Ədəbiyyat İnstitutunda müzakirə ediləcək

Nadir Yalçının kitabı Ədəbiyyat İnstitutunda müzakirə ediləcək

10:53 26 yanvar 2026
Türkiyədə Qara Qarayev haqqında kitab nəşr edildi

Türkiyədə Qara Qarayev haqqında kitab nəşr edildi

10:30 26 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər