Terrorçunun baş qəhrəman olduğu film

Terrorçunun baş qəhrəman olduğu film
8 iyun 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Eji Skolimovskinin “Zəruri qətl” və Vudi Allenin “Qlamur həyat” filmlərini təqdim edir.

Polyak rejissoru Eji Skolimovskinin “Zəruri qətl” dramı Polşa, Macarıstan, İrlandiya, Norveçin birgə istehsalıdır və 2010-cu ildə Venesiya kinofestivalında jürinin xüsusi prizinə layiq görülüb.

Süjet: Amerika hərbçiləri Taliban hərəkatının döyüşçüsü Məhəmmədi (Vinsent Qallo) Avropada yerləşən həbsxanalardan birinə aparır. Gözlənilmədən yolda avtomobil qəzası baş verir. Və Məhəmməd qəzadan istifadə edərək qaçır. İsti iqlimdən alışmadığı soyuq şəraitə düşən Məhəmməd sağ qalmaq uğrunda mübarizə aparır. Meşədə onun ayağı tələyə düşür, o, yaralanır. Acından ölməmək üçün qarışqa, ağac qabığı yeyir. Ələ keçməmək üçün polyak kəndlisini öldürür. Bir tərəfdən isə istintaq orqanları onun izinə düşür...

Bir terrorçunu filmə əsas personaj seçmək, üstəlik, onun iç dünyasında baş verənlərə fokuslanmaq, seçdiyi yolun səbəblərini araşdırmaq və anlamaq kino üçün adi hal deyil. Və Skolimovski qərb kinosu üçün tipik olmayan, cəsarətli bir mövzuya girişir.

Mənə elə gəlir ki, “Zəruri qətl” dini əqidəsinə görə qətllər törədən bir insanı anlamaq, “niyə, nədən ötrü” suallarına cavab tapmaq cəhdidir. Yuxu vasitəsilə tamaşaçı Məhəmmədin Əfqanıstandakı həyatına daxil olur. Onun yuxusu keçmişinin əksidir. Keçmişindəki gənc və gözəl qadın körpə uşağıyla pozitiv, isti rənglərlə həll olunub. Talibançıların təbliğatı nəticəsində Məhəmmədin onlara qoşulması prosesi isə bulanıq, sıxıcı təsvir olunub.

Rejissor qəhrəmanın tərəddüdlərini ön plana çıxarır. Onun görkəmində əqidəsinə inamlı, inadkar talibançı tipi yoxdur. Əksinə Məhəmməd ideoloji tələyə düşən, gözüqıpıq obraz kimi təsvir olunur. Hətta ekspozisiyada əks cəbhənin hərbçilərini belə əminsizliklə, qorxuyla öldürür. Və qəribədir ki, onun fakturası, özünümüdafiə üçün törətdiyi məcburi qətllər zamanı üzündə ifadə olunan işgəncə əzab çəkən xristian müqəddəslərini xatırladır. Müəllif əhvalatda onu durumun qurbanı kimi göstərir.

Epizodlardan birində ac Məhəmməd körpəsini əmizdirən qadına hücum edərək onun döşlərindən süd əmir. Bu səhnəylə də rejissor Rubensin, Dirk van Baburenin və başqa rəssamların əsərlərində yer alan, qadının aclıq hökmü oxunmuş atasını əmizdirməsi tablolarına göndəriş edir.

Filmdə çox az dialoq var. Zatən, təsvir, aktyor oyunu o qədər ifadəlidir ki, sözə ehtiyac yoxdur.

***

Vudi Allenin komediya melodram janrında çəkdiyi “Qlamur həyat” 2016-cı ildə nümayiş olunub.

Süjet: Hadisələr 1930-cu illərin Amerikasında cərəyan edir. Gənc Bobbi (Cessi Ayzenberq) kino sahəsində iş tapmaq üçün Hollivuda gedir. Onun dayısı Fil (Stiv Karell) burada məşhur kinoprodüserdir. O, Bobbini özünə köməkçi götürür. Qısa zamanda Bobbi dayısının katibəsi Vonni ilə (Kristen Stüart) tanış olur və ona aşiq olur. Ancaq Vonni ona sevgilisi olduğunu deyir. Bobbi tezliklə bilir ki, Vonni onun dayısının məşuqəsidir. Dayısı tezliklə arvadından boşanır və Vonni ilə evlənir. Məyus olan Bobbi Nyu-Yorka qayıdır. Qanqster qardaşının barında işə düzəlir. Onun həyatı yavaş-yavaş qaydasına düşür, evlənir, ata olur. Uzun müddət sonra yenə Vonni ilə rastlaşır...

Vudi Allen filmi ənənəvi üslubunda çəkib, əvvəlki filmlərdə işlədiyi mövzudan yenə ironik vurğularla danışıb: yüksək cəmiyyətdə pərdəarxası məqamlar, intriqalar, ehtiraslar, onların gerçək üzləri. Rejissorun digər filmləri ilə müqayisədə “Qlamur həyat” onun yaradıcılığında əhəmiyyətli yer tutmur. Çünki o hekayəsini vizual nəql, fəndlər olmadan danışır. Yalnız bəzi epizodlarda mürəkkəb, dinamik mizanlar əhvalata vizual gözəllik gətirir.

Final səhnələrindən birində isə o, sanki Kamyunun “Yad”ını parodiya-dekonstrukasiya edir. Bobbinin qanqster qardaşı Ben (Kori Stoll) edama məhkum olunur. Ölümqabağı keşiş onu dinə imana gətirir və o, iudaizmi xirsitanlığa dəyişir. Ben damağı kök, rahatlıqla qardaşına xristianlığın ölümdən sonrakı həyatın olduğuna ümid yaratdığına görə onu qəbul etdiyini deyir.

Filmin premyerası Kann festivalının müsabiqədənkənar proqramında baş tutub.

# 2907 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
#
#
# # #